Modern.az

Çörəyini kərpicdən qazanan kişi

Çörəyini kərpicdən qazanan kişi

Təhsil

5 İyul 2015, 22:17

Hər dəfə Seyid Lazm Ağa ziyarətgahına gedəndə Quzanlı-Xındırıstan yolunun sol tərəfindəki kərpic sırası diqqətimi çəkirdi. Kərpicləri elə səliqəli şəkildə düzürlər ki, almasan da, baxmağa məcbur olursan. Məni maraqlandıran isə bu sənətin sahibiylə görüşmək idi. Ailəsini kərpic satmaqla dolandıran sənət sahibinin kimliyi məni çox maraqlandırırdı. Bu dəfə görüşmək qərarına gəldim. Ziyarətgahdan qayıdanda ilk görüşdüyüm şəxslə söhbətim alındı. O da kərpickəsənlərdən biri idi.

Maraqlı insan olan həmsöhbətimin həsrət dolu gözündə sanki bir işıq yanırdı. Səbr və təmkinlə kərpici kərpici üst-üstə qoymaqla fikrə dalır və intizarla doğma torpaqlara qayıdacağı günü gözləyir. Deyim ki, bunu yalnız o hissləri yaşayanlar bilir.

-Yaxşı ki, bizi buralara köçürdülər. Burdan doğma torpaqların havasını hec olmasa ala bilirəm. Bizi yaşadan elə buranın havasıdır...
Bəzən pul qazanmaq arxasınca qaçmağımız yaralarımıza qaysaq bağlayır. Bizi sanki o hisslərdən uzaq salır. Amma içimizdə nələr çəkdiyimizi bir Uca Allah bilir...

Həmsöhbətim özünü tox tutur. Hiss olunur ki, həyatın bütün sınaqlarından çıxıb. Bərkiyib.


Xındırıstan kəndində yaşasa da, öyrənirəm ki, əsli Ağdamın Qiyaslı kəndindəndir. Öz doğma yurdundan köçkün düşəndə on iki yaşı varmış. Valideynlərinin çəkdiyi əzab-əziyyəti bu gündə göz önündən getmir. Əvvəlcə “ərəb çadır şəhərciyinə”, sonradan indiki yaşadıqları əraziyə köçürüblər. Qəsəbədə yüz evin inşa edildiyini dedi, həmsöhbətim...

Rənginə ruhuna baxanda hansı çətinliklərdən keçdiyi hiss olunur. Əlinin qabarıynan çörək qazanmağı üstün tutub. Deyir ki, ilk dəfə Bərdə bazarında pal-paltar alverinə başlayıb Bir gün əli gətirsə də, beş gün gözləməli olurmuş. Bir müddət başını girləyib. “Nəf qudurub mayanı yeməmiş” bazardan ayrılıb. "Dedim ki, bu mənlik deyil"..

“Ərəb çadır şəhərciyi”ndə olanda qonşuları kərpic kəsməyə başlayıb. Hər kəs başını aşağı salıb kərpic kəsməklə çörəyini qazanırmış:

- O vaxtdan məndə bu sənətə bir həvəs yarandı. Elə bil məqam gözləydim. O məqam da gəldi. Və çətinliklə də olsa, bu sənətə yiyələndim...
İlk düzəltdiyim kərpicləri bu gün də saxlayıram...
Allah mərdiməzara lənət eləsin. Məktəb illərim elə vaxta düşdü ki, nə əməlli - başlı məktəbə gedə bildim, nə də ki oxuya. Qazandığım ancaq yazmağı və oxumağı öyrənməyim oldu. İndi ona sevinirəm ki, vurma cədvəlini öyrənmişəm. Yoxsa kərpicləri necə sata bilərdim, -deyib gülümsəyir...



"Hər ay qazancım dörd - beş yüz manat olur. Müştərilərimin çoxu Beyləqan və İmişli zonasındandır. Kəsdiyim kərpiclər əsasən mal tövləsinin tikintisində istifadə olunur. Amma ev tikintisində də istifadə edilə bilər. Qışda isti, yayda sərin olur...
Qırx manata aldığım bir “Kamaz” sarı torpaqdan min iki yüz kərçic çıxır. Torpağı hissə - hissə iki gün samanla qarışdırdıqdan sonra üç günə acıdıram. Sonra qəliblərlə kərpicimi kəsirəm...
Qəsəbəmizin əlli faiz sakini çörəyini məhz kərpic kəsməklə çıxarır. Bizimki də belə gətirdi, neynəmək olar. Övladlarımın oxutmağa çalışıram. Qızım həkim olmaq istəyir. Bərk çalışır. Oğlum isə sənətə getmək istəyir. Maşın ustası olmaq niyyətindədir...
Maraqlı işdi. Hər kəsdiyim kərpici yaxşıca quruduram. Amma günün qarşısına qoymaq olmaz. Onda kərpic çat verir. Tam quruyanadək su çiləyirəm ki, çatlamasın. Qəlibə tökəndə də torpağı elə sıxıram ki, boşluq qalmasın. Hər kərpic standart kubikin ölçülərindədir. Çəkisi isə on beş kiloqramdır. Yaş olanda 21 -23 kilo olur. Çalışdığım odur bir dəfə gələn müştəri yolunu yenə buralara salsın.
Bilirsən müəllim, hər kərpici çevirib qurudanda evimiz yadıma düşür. Açığı, elə də imkanlı adam olmamışıq. Amma halal qazanmağa çalışmışıq. Böyüklərimiz bizi belə tərbiyə edib".

"Kərpiclə hər şəraiti qurmuşam", deyir həmsöhbətim...

Söhbət o qədər maraqlı olur ki, həmsöhbətimin adını sonda soruşuram. Anar kənddə uşaq bağçasının yanında yaşadıqlarını dedi. Söhbətin şirin yerində oğlu yaxınlaşıb söhbətə qoşuldu.

Öyrənirəm ki, səkkizinci sinifə keçib. Ortabab oxuduğunu deyir. Boş vaxtlarında atasına kömək edir.

Anar deyir ki, qalan vaxtlarda məcbur edir ki, gedib dərslərini hazırlasın...

***

Elm isbat edir ki, insan düşdüyü mühitdən asılı olaraq orta hesabla bir həftəyə yeni mühitə alışır, uyğunlaşır. Yurd - yuvasından didərgin düşən həmvətənlilərimiz də artıq yeni mühitə alışıblar. Amma doğma yurd-yuvaları haqqında danışanda, ya bir xəbər eşidəndə nələr çəkdiklərini ALLAH BİLİR...

Hər dəfə ölüb-dirilirlər. Amma yenə də ümidlərini itirməyiblər. Hər kəs doğma torpaqlara qayıdacağımız günü səbrsizliklə gözləyir.

Biz də əminik və inanırıq. Həm ordumuza, həm də Ali Baş Komandanımıza...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...