Modern.az

“O mənzərəni izlədikcə Azərbaycan vətəndaşı olduğumuza görə kövrəlməyə bilmirdik” - MÜSAHİBƏ

“O mənzərəni izlədikcə Azərbaycan vətəndaşı olduğumuza görə kövrəlməyə  bilmirdik” - MÜSAHİBƏ

6 İyul 2015, 12:08

“Azərittifaq” İdarə heyətinin sədri, Milli Məclisin komitə sədrinin müavini, Kooperasiya Universitetinin rektoru, iqtisad elmlər doktoru Eldar Quliyev Modern.az saytına müsahibə verib. 

- Eldar müəllim, Birinci Avropa Oyunlarının bağlanış mərasimindən 10 gün keçir. Bu oyunlar barədə çox fərqli fikirlər səsləndirilib. Sizin bu tarixi hadisə ilə bağlı düşüncələriniz nədən ibarətdir?

- Mən də Birinci Avropa Oyunlarını tarixi gün, Azərbaycanın dünya səviyyəsində ilkə imza atdığı müsbət hadisə, xalqımızın və dünyanın yaddaşında xoş təəssürat oyadan mühüm məqam kimi qiymətləndirirəm. Biz Birinci Avropa Oyunlarından danışarkən onu bir neçə mərhələyə bölməliyik. Hazırlıq mərhələsi, oyunların gedişi, sonrakı mərhələ və tarix... 

Birinci Avropa Oyunlarında hazırlıq mərhələsinə diqqət etməliyik. Çünki bu mərhələ doğurdan da çox mühüm məqam idi. Yadınızdadırsa,  iki il yarım öncə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olundu. Bu böyük beynəlxalq idman oyununu möhtəşəm keçirmək üçün verilən vaxt yetərli deyildi. Cünki ciddi hazırlıq işləri görülməli idi.

O zaman bu oyunların Azərbaycanda keçirilməsi əleyhinə dünyanın heç bir ölkəsində heç bir təşkilat tərəfindən mənfi rəy olmadı. Bir çox ölkələr, həmin ölkələrdə fəaliyyət göstərən beynəlxalq qurumlar, əsas da Azərbaycanı istəməyən qüvvələr ona görə öncədən rəy bildirmirdilər ki, bizim bu beynəlxalq idman yarışlarının öhdəsindən gələ bilməyəcəyimizi zənn edirdilər və dövlətimizin bu oyunlardan üzüağ çıxa biləcəyinə inanmırdılar.

Bu oyunlara evsahibliyinin Azərbaycanın etməsilə bağlı məsələ ortaya çıxan kimi cənab Prezident İlham Əliyev ən kiçik detalları belə diqqətə aldı. Məhz Birinci Avropa Oyunlarının təşkilat komitəsinə rəhbərliyin ölkənin Birinci xanımı, hörmətli həmkarımız  Mehriban Əliyevaya həvalə olunması məsələyə çox ciddi yanaşmadan xəbər verirdi.

Mən bu mərhələyə diqqəti ona görə yönəltmək istəyirəm ki, hazırlığa başlanğıc mərhələsi barədə insanlarımızda dolğun məlumat olsun.

Baxın, Avropa ölkələrinin demək olar ki hər birində I Avropa Oyunlarının təqdimatı keçirilirdi. Və həmin təqdimatlarda yalnız idman barədə müzakirələr açılmırdı, hər birində Azərbaycanın tarixi, mədəniyyəti, milli xüsusiyyətləri və s. barədə geniş məlumatlat verilir, musiqimiz, mədəniyyətimizin digər növləri əcnəbilərə çatdırılırdı. Azərbaycan tanıtdırılırdı. Sözün yaxşı mənasında ələ düşən fürsətdən Azərbaycanın təbliği üçün məharətlə istifadə edilirdi.

Mən bu məsələləri diqqətlə izləyirdim. Avropa ölkələrində  Birinci Avropa Oyunlarının təqdimatlarında Azərbaycan dövlətinin varlığı, böyük tarixi ənənlərə malik olduğu, dövlətçiliyinin oturuşduğu, sürətli inkişafı ortaya çıxdı. Təbii ki, Azərbaycanın müstəqilliyinin əleyhinə olan qüvvələr bunu gözləmirdilər. Onların narahatçılığı bundan başladı.

Mən təsadüfən iki dəfə belə təqdimatlarda iştirak etmişəm. Almaniya və Fransada möhtəşəm təqdimatlarda əcnəbilərin heyrətləndiklərinin şahidi olmuşam. Və bu təqdimatların gedişi Birinci Avropa Oyunlarının çox yüksək səviyyədə keçiriləcəyindən xəbər veriridi. Birbaşa Prezidentimizin nəzarətində olan bu məsələnin təşkilat komitəsinə hörmətli Mehriban xanımın rəhbərlik etməsi ilk andan müsbət mənada özünü göstərməyə başladı.

Mən hesab edirəm ki,  Mehriban Əliyeva öz bacarığı ilə I Avropa Oyunlarına öz töhfəsini verdi.

Azərbaycana yeni idman avadanlıqlarının gətirilməsi, idman komplekslərinin salınması hazırlıq mərhələsində görülən işlər sırasında idi. Bir daha qeyd etmək istərdim ki, təbii ki, bu işlərə İlham Əliyev özü şəxsən nəzarət edirdi. Təşkilat komitəsinin üzərinə düşən vəzifə də çox yüksək səviyyədə yerinə yetirildi.

Heç kim inanmazdı ki, Böyük Şor ərazisində, çox çirkablı bir yerdə Bakı Olimpiya Stadionu kimi möhtəşəm bir idman kompleksi tikilər. O ərazi abadlaşdırıla bilər. Amma qısa müddət ərzində həmin ərazi neft suları və çirkab sulardan təmizləndi. Yerində dünyanın ən inkişaf etmiş ölkələrinin olimpiya stadionları ilə rəqabətə girə biləcək idman kompleksi salındı.

- Dəfələrlə belə böyük oyunlarda təhlükəzilik məsələsində problemlər yaşanıb. Bu baxımdan fikirləriniz necədir? 

- Mən onu da bildirmək istəyirəm ki, oyunlara hazırlıq zamanı təhlükəsizlik çox yüksək səviyyədə həyata keçirildi. Belə Beynəlxalq səviyyəli oyunlar zamanı hər zaman həyəcanlı anlar olur və müəyyən vaxtlarda təxribatlar, terror aktları törədilir.

Ona görə də bilmək lazımdır ki, təhlükələri sovuşdurmaq asan məsələ deyildi. Amma dünya da, Azərbaycan xalqı da  Birinci Avropa Oyunlarının gedişi zamanı təhlükəsizliyin çox yüksək şəkildə təmin olunduğunu gördü. Bununla da Azərbaycan hansı gücə malik olduğunu bir daha bütün dünyaya sərgiləmiş oldu. Dövlətimizin güc strukturları təhlükəsizliyimizin təminatçısı olduqlarını lokal səviyyədə deyil, beynəlxalq miqyasda bir daha sübut etdilər.

Bu oyunlar zamanı Azərbaycanı istəməyən qüvvələr hansısa xoşagəlməz hadisələrin tördilməsinə cəhd göstərə bilərdilər, amma bunların hər birinin qarşısı alındı. Bizlər bundan məlumatsız olsaq da, təhlükəsizliyi təmin  edən Daxili İşlər Nazirliyi və Milli Təlükəsizlik Nazirliyi çox böyük əmək, əziyyət sərf etdilər. Nəticəsini də gördük. Buna görə Daxili işlər naziri Ramil Usubova və Milli təhlükəsizlik naziri Eldar Mahmudova özümün və seçicilərimin adından təşəkkürümü bildirmək istəyirəm.

Oyunların bu şəkildə keçirilməsində və belə bir nəticənin əldə edilməsində Vergilər Naziri Fazil Məmmədov və Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun da böyük xidmətləri oldu.

Prezident bu işdə əməyi keçən hər kəsi qiymətləndirdi.

Burada Milli Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənovun da adını mütləq çəkmək lazımdır. Qısa bir zamanda Azərbaycan gimnastları uğura imza atdılar, halbuki bizdə bu idman növünün elə də böyük bir tarixi yox idi.

Prezident İlham Əliyev Birinci xanım Mehriban Əliyevaya Oyunların yüksək şəkildə təşkilində göstərdiyi xidmətinə görə “Heydər Əliyev ordeni” verdi. Çünki qələbələrimizin əldə olunmasında Birinci xanımın çox böyük və əvəzsiz xidmətləri var idi. Ona görə də biz hesab edirik ki, bu orden Mehriban Əliyevanın halal zəhmətinə verilən qiymət idi. Avropa Oyunları zamanı çəkdiyi əziyyətlər öz bəhrəsini verdi. Bu da Azərbaycan xalqını çox sevindirdi.

Eyni zamanda Dövlət Yol Polisi əməkdaşlarının bu oyunlar zamanı etdikləri fədakarlığa görə Ramiz Zeynalova təşəkkür etmək istəyirəm. Onlar da üzərlərinə düşən işin öhdəsindən çox layiqincə gəldilər. Yollarda hərəkətin düzgün tənzimlənməsindən tutmuş, təhlükəsizliyə qədər hər işi məsuliyyətlə yerinə yetirdilər. Mən buna hər gün sabah tezdən idmana getdiyim zaman şahid olurdum. Yaxşı mənada bu məni təəcübləndirdi. Ümumiyyətlə, I Avropa Oyunları zamanı dövlət qurumlarının fəaliyyəti məni çox sevindirdi, bu həm də dövlətçiliyimizin güclü, Azərbaycanın güclü əllərdə olması, stabilliyimizin bərqərar olması deməkdir.

Bu oyunların uğurla həyata keçirilməsində Gənclər və idman naziri Azad Rəhimovun fəaliyyətini qeyd etmək istəyirəm.  O, həm də Təşkilat komitəsinin sədr müavini olaraq, bu oyunların keçirilməsində çox böyük əziyyət çəkib.

Könüllülər deyilən bir “ordu” yarandı. Çox diqqətçəkən məsələ o idi ki, oyunların birində əcnəbi idmançını zədə almaqdan bizim könüllülərimiz xilas etdi. Onlar turistlərə, idmançılara bələdçilik etməklə yanaşı, həm də onların təhlükləsizliyində öz üzərlərinə düşən işi məsuliyyətlə yerinə yetirirdilər.   

Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm. Oyunlar zamanı təşkil olunan Olimpiya kəndində əcnəbi qonaqlar, turistlər, ən əsas da idmançılar üçün istirahətlərindən tutmuş hər incəliyə qədər kompleks komfort yaradılmışdı. Olimpiya kəndlərində əziyətləri olan hər kəsə, eləcə də könüllülərə təşəkkür edirəm.

- Birinci Avropa Oyunları çərçivəsində yarışları canlı olaraq izləyə bildinizmi?

- Avropa Oyunlarının həm açılış, həm də bağlanış mərasimində iştirak etdim. Yarışlara da qatıldım və ordakı yüksək səviyyədə təşkilatçılığın, xidmətin şahidi oldum. Azərbaycan üçün vacib məslələrdən biri o idi ki, bizə dost olan ölkələrin  prezidentləri, Rusiya, Türkiyə, Belarus, Türkmənistan, Tacikistan, bir neçə Avropa ölkəsinin rəhbərləri açılış mərasiminə qatıldılar.

Mən açıq deyim, Azərbaycan Avropa Oyunlarını elə təşkil etmişdi ki, bir çox ölkələrin Olimpiya oyunlarının açılışını geridə qoydu.

Ən azı, Sidney, Afina, London, Soçi, Pekində keçirilən olimpia oyunlarının açılış və bağlanış mərasimləri yadımızdadır. Azərbaycan Birinci Avropa Oyunlarına evsahibliyi etməklə, bu ilkə imza atmaqla yanaşı, təşkilatçılıqda onlardan önə keçdiyini sübut etdi. Bu, bizim fikir deyil, Birinci Avropa Oyunlarını izləyən əcnəbilərin düşüncəsidir.

Açılış zamanı nümayiş etdirilən rəngarəng kompozisiyalar o qədər milli, o qədər özəl idi ki, adam o mənzərəni izlədikcə Azərbaycan vətandaşı olduğuna görə, həyacanlanmaya, fəxr etməyə, kövrəlməyə, qürurlanmaya bilmirdi. 

Azərbaycan bu oyunlar zamanı öz milli kimliyini nümayiş etdirməklə yanaşı, öz vətəndaşını, Azərbaycan vətəndaşını da dünyaya tanıtdırdı.


- İdmançılarımız bu yarışlarda çox yüksək uğurlar əldə etdilər. Bu, sizin üçün gözlənilən idimi?

- Mən Azərbyacan idmançılarının oyunlarda yüksək nəticə göstərmələrini səbirsizliklə gözləyirdim. Həm də idmançılarmızın bu qələbələri qazanmaya bilmzədilər. Birincisi ona görə ki, Azərbaycanda idmanın inkişafı üçün hər cür şərait yaradılır, idmançılara hər cür qayğı göstərilir.

Azərbaycanın bu yarışlarda ikinci yeri qazanması möhtəşəm bir nəticə idi. Prezidentimiz və onun ailəsi demək olar ki, hər gün yarışları canlı izlədilər. Bu, həm də idmançılarımızın qələbə əldə etmələri üçün böyük stimul idi. 

Hətta Prezidentimiz Ukraynadan gəlmiş erməni idmançıya da böyük bir jest etdi, bu da Azərbaycan Prezidentindən dünyaya örnək olacaq bir addım, çox professional yanaşma idi.

Biz Prezidentimzidən elə bunu gözləyirdik. O bir daha böyüklüyünü dünyaya göstərmiş oldu. İndiki zamanda elə böyük dövlətlər var ki, onların rəhbərləri atdıqları addımları ilə çox cılız, şəxsiyyətləri zəif olduqlarını göstərirlər.  Ancaq Azərbaycan coğrafi və əhali baxımından kiçik ölkə olsa da, onun prezidenti hər zaman olduğu kimi bu oyunlarda da böyüklük göstərdi, dünya şöhrətli şəxsiyyət olduğunu bir daha nümayiş etdirdi.

- Eldar müəllim, Birinci Avropa Oyunları ilə Azərbaycanın tarix yazdığını deyirik. Bu fikirləri nəylə əsaslandırmaq olar?

 - Azərbaycan Avropa Oyunlarında elə bir tarix yazdı ki, bu uzun illər yaddaşlardan silinməyəcək. Bu oyunların təşkilində əməyi olan İlham Əliyev və xanımı Mehriban Əliyeva hər zaman xatirlərdə bir qəhrəman kimi qalacaqlar. Çünki onlar bir çoxlarının bacarmadığını və bəzi qüvvələrin Azərbaycanın bacara biləcəyinə şübhə ilə yanaşdığı bir işin öhdəsindən çox yüksək şəkildə gələrək, dövlətimizin adını bir daha zirvələrə qaldırdılar.

Prezidentimizin hər kəsin diqqətini çəkən bir məqamı da o idi ki, keçirilən bağlanış konfransında qəhərləndi. Çünki Prezidentimiz bu oyunların yüksək şəkildə keçirilməsindən məmnunluq hissi duyurdu. Belə bir nəticə dövlətimiz üçün faydalı, dünya tarxində isə yadda qalacaq bir hadisə oldu.

 - Amma oyunlar başlamazdan bir neçə gün öncə Azərbaycana qarşı qarayaxma kampaniyas başladı...

- Bunu ikili standartlar kimi dəyərləndirirlər. Amma mən bunu Azərbaycan qarşı paxıllıq ilə əlaqələndirirəm. Çünki Azərbaycanın inkişaf etdiyini, lider dövlətə çevrildiyini bəzi qüvvələr, düşmən qüvvələr qəbul edə bilmirlər. Dövlətimiz öz gücünü əyani şəkildə ortaya qoyanda həmin qüvvələr narahat olmağa başladılar. Onlar Azərbaycanda siyasi məhbusların olduğunu gündəmə gətirdilər. Amma onlar bilmirlər ki, bizdə siyasi məhbusun olması absurd məsələdir. Azərbaycan da cinayət törədən şəxs hüquqi çərçivədə öz cəzasını alır.

Əksər vaxtlar görürsən ki, müəyyən məsələlərlə bağlı şübhəli şəxs qismində saxlanılan insanlar müəyyən qurumlar tərəfindən siyasi məhbus kimi dəyərləndirilirlər. Halbuki hələ onların məhkəməsi olmayıb. Qərəz elə burdan görünür.  

Mən bir sual vermək istəyirəm, bizə qarşı bu cür münasibətdə olan dövlət nümayəndələrinə, hansı dövlətin daxilində problem yoxdur.  Harda yaşayış var, orda əlbəttə ki, problem də olacaq.

Azərbaycanı qondarma siyasi məhbus məsələsi ilə şantaj edənlərə iki arqumentlə cavab verəcəm. ABŞ prezidenti ölkəsində eynicinslilərin evlənməsi qərarının qüvvəyə minməsi ilə bağlı xalqını təbrik edib. İndi siz təsəvvür edin, bundan ruhlanan iki eynicinsli Azərbaycanda evlənmək istəyəcək. Azərbaycanda isə bu yasaqdır, hər xalqın öz mentaliteti var. Buna görə, Azərbaycanı insan hüquqlarının pozulmasında ittiham edəcəklər. Belə şey olmaz və yolverilməzdir.

Bu gün ABŞ-da qaradərililərə qarşı bir kampaniya başlayıb. ABŞ polisi günün günorta çağı qaradərilini hamının gözü qarşısında güllələyir. Burda insan haqlarını özləri pozurlar. Sadəcə onların maraqlarına xidmət etməyən addımlar atırıqsa, əvəzində bizə qarşı qərəz nümayiş etdirirlər.

Son zamanlar Almaniyanın Azərbaycana basqısına da münasibət bildirmək istəyirəm. Halbuki indi dünya Almaniya Kansleri Merkeli Hitlerin davamçısı kimi qəbul edir. Bu gün Almaniyada elə qanunlar var ki, hər addımbaşı insanların hüquqlarını pozur.

Misal da çəkə bilərəm, sən avtomobilini dayanacaqda saxlayıb getmisən, biri gəlib sənin maşınını əzir, polis buna görə səndən ödəniş tələb edir. Yaxud, evlililər boşanır, bu zaman məhkəmə boşanmaq iddiası ilə çıxış edənlə etməyəndən eyni ölçüdə vəsait istəyir.

Bu sıranı xeyli genişləndirmək olar.

Onlar istəyirlər ki, qəbul etdikləri qanunlara biz də əməl edək. Xeyirdimi? Başa düşmürlər ki, hər bir ölkənin özünün qəbul etdiyi qanunlar var. Bu gün əgər Amerikada eycinsli insanlar ailə qura bilirlərsə, bu, bizdə heç zaman mümkün olmayacaq. Biz hər zaman milli adət-ənənələrimizə sadiq bir xalq olmuşuq.  Sadəcə onu bildirmək istəyirəm ki, bizlərə qarşı xüsusi bir qərəz var.

Azərbaycan dövləti öz siyasətini müstəqil şəkildə yürüdür. Prezidentimiz müstəqil siyasət həyata keçirir və dövlətimizə kənardan heç bir qüvvə təsir edə bilməz.  Bu ilk növbədə Prezidentimizlə xalqın bağlılığı, biri-birinə arxa, dayaq olması deməkdir.

- Yeri gəlmişkən, Bakı kəndlərinin Birinci Avropa Oyunları ilə bağlı təəssüratı necədir?

- Burada Bakı kəndlərini xüsusilə ayırmağa heç bir ehtiyac yoxdur. Azərbaycan xalqı bu oyunları birmənalı şəkildə dəstəklədi. Bakı kəndlərində yaşayan insanlar da Azərbaycan xalqının bir hissəsidir. 

Oyunlara az qalmış bizə qarşı olan qüvvələr problemli məsələ kimi islam faktorunu ortaya qoymaq istəyirdilər və Bakı kəndlərini önə çıxarırdılar. Amma Bakı kəndlərinin sakinləri hər bir Azərbaycan vətəndaşı kimi I Avropa Oyunlarına yüksək dəstək verdilər. Mən oyunlardan sonra 50-60-70 yaşlı dindarlarla görüşdüm. Onlar söhbət zamanı mənə hələ indiyə qədər Azərbaycanı belə xoşbəxt, firavan görmədiklərini söylədilər. Mən də bu fikirlərlə razıyam ki, bu oyunlar da həm də dövlətimizin firavanlığının, stabilliyinin göstəricisi idi.

Bu gün Azərbaycan böyük sürətlə inkişaf edir, Prezident İlham Əliyevin liderliyi ilə hələ çox ilklərə imza atacağıq.

Ümummilli lider Heydər Əliyevin siyası kursunu uğurla davam etdirən İlham Əliyev bütün həyatını öz xalqının inkişafına həsr edib. Torpaqlarımızın işğaldan azad edilməsi İlham Əliyevin əsas hədəfidir.

Hesab edirəm ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə daha böyük qələbələr görəcək, belə bayramları Qarabağda edəcək. Bütün bunlar İlham Əliyevin böyük hədəfləridir.

Pərvin  ARZUQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi