Modern.az

Münasibətlərdə böhran: yaxud “dostlar” niyə düşmən oldular

Münasibətlərdə böhran:  yaxud “dostlar” niyə düşmən oldular

6 İyul 2015, 10:46

Beynəlxalq qurumların Azərbaycana münasibətində son zamanlar gərginlik hiss edilir. Hətta uzun illər ölkəmizi bu qurumlarda təmsil edən millət vəkilləri belə münasibətlərin qərəzdən irəli gəldiyi iddiasındadırlar.

Məsələ ondadır ki, belə xoçagəlməz stiuasiya Azərbaycanın lehinə deyil. Ancaq bu gərginliyin yaranması da Azərbaycanın atdığı hər hansı addımla bağlana bilməz. Elə müxtəlif beynəlxalq qurumlarda ölkəmizi təmsil edən millət vəkillərinin fikirləri də dediklərimizi bir növ təsdiqləyir.    

AVRONEST Parlament Assambleyası və Avropa Parlamentindəki Azərbaycan nümayəndə heyətinin üzvi Fuad Muradov hər iki qurumda ölkəmizlə bağlı münasibətləri belə dəyərləndirib.

“Avropa Parlamenti ilə bizim əməkdaşlıq komitəmiz mövcuddur. Amma təəssüflər olsun ki, həmin komitə tərəfindən qeyri-ciddi yanaşmaya görə demək olar ki, Avropa-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi çərçivəsində heç bir ciddi iş görülməyib. Dəfələrlə bəyan etmişik ki, biz həmin əməkdaşlıq komitəsinin daha canlı, daha məqsədyönlü olmasını və qanunlarla bağlı olan məsələləri müzakirə etmək istəyirik.

Amma Avropa Parlamentində oturan insanlar son illərdə heç bir konkret işlə məşğul olmaq istəmir. Yalnız boğazdan yuxarı bəyanatlar, Azərbaycanla bağlı heç bir əsası olmayan iradlar qeyd edilir. Biz heç kimin dalınca qaçası deyilik. Biz tam hüquqlu, bərabər fəaliyyət göstərməyə, əməkdşalıq etməyə hazırıq. Amma bəzi dairələrdə belə bir fikir var ki, kiminsə dediyi ilə oturub durmalıyıq, bu tamamilə səhv yanaşmadır”.  

Fuad Muradov qeyd edib ki, AVRONEST Parlament Assambleyası yaranan zaman onlar qurumda münaqişə, demokratiya, insan haqları, elm, Azərbaycanla bağlı məsələləri populizimdən uzaq şəkildə müzakirə etməyə ümid ediblər:

“AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin sədriyəm. Bizim təşəbbüsümüzlə iki il dalbadal enerji təhülkəsizliyi ilə bağlı seminarlar keçirildi. Burada QHT-lər, Avropa Parlamentinin deputatları iştirak etdi.  Belə bir qurum ola-ola Avropa Parlamentində bəzi qüvvələr Azərbaycanla bağlı məsələni müzakirə edəndə, bu quruma müraciət etmirlər, onun fikrini öyrənmirlər, özləri bir araya gəlir, 5-6 nəfər müzakirə edir, özlərinə əl çalır və bununla da işi bitirirlər. Avropa Parlamentində bəzi dairələr var ki, onlar daima bu gərginliyi saxlamaq istəyirlər. Səbəb isə bəllidir. Birincisi Azərbaycan Avropanın enerji təhlükəsizliyi ilə bağlı çox ciddi işlər həyata keçirir.

Əminəm ki, o dairələr buna da qarşıdırlar. İkincisi, Azərbaycan stabil ölkədir. Oradakı qüvvələr regionda stabilliyi istəmirlər. Üçüncüsü, bu gün erməni lobbisi çox fəaldır. Erməni lobbisi Azərbaycanın mövqeyinin güclənməsini narahatlıqla qarşılayır və hiss edir ki, yaxın zamanda işğal altındakı torpaqlarımızı qaytaracağıq. Erməni lobbisi bununla bağlı qeyri-siyasi dairələrlə birləşərək Azərbaycana qarşı belə mövqe sərgiləyir”.  

Azərbaycanın heç bir Avropa təşkilatına ehtiyacı olmadığını vurğulayan Fuad Muradov bildirib ki, onlardan yalnız bərabərhüquqlu əməkdaşlığın həyata keçirilməsi istənilir: “Bu baş verəcəksə, fəaliyyətimizi davam etdirəcəyik. Bu seçim onların üzərinədir. Biz onlarla əməkdaşlığa hazırıq və imkanlarımız da var. Biz iş istəyirik, onlar tərəfindən bəyanatların səslənməsini yox”.  

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Musa Quliyev tam məsuliyyəti ilə Azərbaycanın bu təşkilatda söz sahibi olduğunu vurğulayıb.

“Azərbaycan nümayəndə heyəti ilə öncədən razılaşdırılmadan heç bir deputat korpusu və ya parlament nümayəndə heyəti lazım bildikləri məsələni gündəliyə çıxarmırlar. Bu, Azərbaycanın nüfuzundan, gücündən xəbər verir . Burada da Azərbaycan regionun ən güclü, iqtisadi cəhətdən zəngin və potensial imkanları yüksək olan bir ölkə kimi hamının hesablaşdığı, razılaşdığı və marağı çərçivəsində olan bir dövlətdir.

Orada indiyə qədər Ermənistanın irəli sürdüyü heç bir layihə qəbul olunmayıb. Çünki o layihələr Azərbaycanın strateji maraqlarına uyğun deyil. Baxmayaraq bu təşkilat siyasi bəyanatlar vermir, amma orada da açıq-aşkar bəyan etmişik ki, nə qədər Qarabağ məsələsi ədalətli həll olunmayıb, Azərbaycanın ərazi bütövlüyü təmin olunmayıb bu regionda Ermənistan bütün layihələrdən kənarda qalacaq. Ötən ilin sonunda Asəf Hacıyevin bu təşkilata baş katibi seçilməsi, bu ilin iyun ayında mənim Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının vitse-prezidenti seçilməyim onu göstərir ki, Azərbaycan bu təşkilatda söz sahibidir”.    

NATO Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvi Siyavuş Novruzov isə bildirib ki, bu qurumdan Azərbaycana hər hansı basqı olmayıb:

“Biz çalışmışıq ki, orada işlərimizi quraq. Amma, ümumilikdə bu basqılar hər hansı qrupa aid deyil. Burada söhbət NATO Parlament Assambleyası, Avropa Şurası, Avropa Parlamentindən getmir, bu, hər hansısa dövlətlərin maraqlarıdır. Bu dövlətləri də təmsil edən parlament üzvləri harada olmasından asılı olmayaraq çalışacaq ki, bu proseslərdə iştirak etsinlər.

Bu, bir mərkəzdən idarə olunan prosesdir. Dəfələlərlə biz bunun şahidi olduq ki, ardıcıl şəkildə bir neçə təşkilat eyni mövqedən çıxış etməyə başladı. Bu onu göstərir ki, onlar eyni mərkəzdən idarə olunurlar. Hələ iniyə qədər NATO Parlament Assambleyasında Azərbaycanla bağlı mənfi hər hansı bir qərar, hər hansı fikir və ya bəyanat səslənməyib”.  

ATƏT Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvi Eldar İbrahimov: “Azərbaycanda ATƏT-in ofisinin bağlanması ilə bağlı məsələ qalxa bilər. Ola bilsin ki, müəyyən fikirlər səslənər, o zaman da biz onların cavablarını verəcəyik. ATƏT və digər beynəlxalq təşkilatlar ölkələri tənqid etməyə öyrəşiblər, o cümlədən də Azərbaycanda keçirilən yüksək səviyyəli I Avropa Oyunlarını görür və qısqanclıq keçirirlər, paxıllıq edirdilər. ATƏT Parlament Assambleyasında bizə qarşı münasibət hər zaman yaxşı olub. Orada dostlarımız çoxdur, münasibətlərimiz var. Bizi də Qarabağ konflikti ilə əlaqədar orada dəfələrlə dəstəkləyiblər”.    

Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvi Sevinc Fətəliyeva bildirib ki, son iclasda Azərbaycanla bağlı məsələnin müzakirəsi zamanı ölkəmizin müstəqil siyasət aparmasının Avropada bəzi dairələri necə narahat etdiyi müşahidə edilib:

“Əsas iş Azərbaycanla bağlı müzakirədə bizi Dağlıq Qarabağ məsələsindən kənarlaşdırmaq idi ki, bu da qəbul olunmazdır. Burada Avropalı həmkarlar fikir səsləndirdi ki, müzakirə zamanı Dağlıq Qarabağ mövzusuna toxunmayaq.

Təbii ki, bu bizi qan etmədi və sözümüzü dedik, çıxışlarımızda ilk növbədə insan haqları gündəmə gəlirsə 1 milyon qaçqının hüquqlarının pozulması haqqında danışmalıyıq. Azərbaycanın belə müstəqil siyasət aparması və tərəfdaşlarını hansısa məcburiyyətdən yox, öz siyasi differensiyaları əsasında, hansısa maraqların qorunması əsasında seçilməsi müəyyən dairələri qanə eləmir və bəyənilmir.

Azərbaycanın qarşısında tələb qoyulması heç vaxt baş tutmayacaq, çünki milli maraq və mənafelərin qorunması əsas məsələdir.Belə təzyiqlər,belə bəyanatlar, çıxışlar təbii ki, heç biri heç vaxt Azərbaycanın gündəmini dəyişə bilməz və biz öz müstəqil siyasətimizi qorumalıyıq. Ümumiyyətlə, Azərbaycanın reytinqini,Azərbaycanın gücünü hiss edən kimi müəyyən dairələr belə təzyiqlərin artmasına səbəb olur”.         

Aytən ZƏHRA  


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama