Modern.az

“Yunanıstanın Avropa Birliyinə “yox” deməsinin ilk zərbəsi Çinə dəydi”

“Yunanıstanın Avropa Birliyinə “yox” deməsinin ilk zərbəsi Çinə dəydi”

6 İyul 2015, 11:12


“Yunanıstandakı referendum Avropa Birliyi ilə danışıqlar üçün qapını açıq saxladı. Yunanlar referendumda "yox" deməklə baş nazir Aleksis Tsiprasın danışıqlarda mövqeyini möhkəmləndirsə də, qeyri-müəyyənlik davam edir.

Bu qeyri-müəyyənliyin ilk zərbəsini dünyanın ikinci böyük iqtisadiyyatına malik olan Çin alıb. Bu gündən Çin valyutası və şirkətlərinin səhmləri dəyərini itirməyə başlayıb. Bu proseslərin digər bazarlara təsiri də istisna olunmur”.

Modern.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADRH) sədri Qubad İbadoğlu özünün Facebook səhifəsində yazıb.

Onun fikirlərinə görə, iyunun 5-də Afinada baş verənlər həm Avropa, həm də yunanlar üçün yaxşı dərs oldu: “Bir tərəfdən işləməkdən başqa hər şeyə razı olan, aldıqları borcları öz qazancları kimi xərcləyən yunanlar, digər tərəfdən dəyərsizləşən yunan iqtisadiyyatdan mənfəət qazanmaq istəyən xarici investorlar passiv biznesə sərmayələri ilə bütövlükdə bu ölkənin gələcəyinə ciddi şübhələr yaradıblar.

Odur ki, Avropa Birliyin rəhbərlərinin sabaha planlaşdırılan görüşündə müzakirələrin ağır keçəcəyi gözləniləndir. Hətta həmin görüşdə kredit şərtləri yumşalsa da belə Yunanıstan borclarını qaytarmaq məcburiyyətindədir.

Əslində borc probleminin həllinin ən doğru yolu da budur. Yunanlar başa düşmədilər ki, xərclədikləri pullar onların deyil, özgəninki olub və bu pullar istənilən halda və nə vaxtsa geri qaytarılmalıdır. Məbləğ isə balaca deyil, söhbət 240 milyard avrodan gedir”.

 

Yeganə OQTAYQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama