Modern.az

“Avropa Oyunlarına gələn qonaqlar restoranımızda Xətainin, Qacarın yeməklərindən razı qaldılar”

“Avropa Oyunlarına gələn qonaqlar restoranımızda Xətainin, Qacarın yeməklərindən razı qaldılar”

Təhsil

6 İyul 2015, 11:33


İlk dəfə Azərbaycanda baş tutan 1-ci Avropa Oyunları öncəsi Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov Modern.az saytına ölkəmizə gələcək qonaqları razı salmaq üçün yeni restoran açdıqlarını bildirib. O qeyd etmişdi ki, yarışlar ərəfəsində turistlərə, Şah İsmayıl Xətainin, I Şah Abbasın, Şah Qacarın yeməkləri, eldə-obada unudulmuş qədim xörəklər təklif ediləcək. Artıq yarışlar bitib.

Maraqlıdır, ölkəmizə gələn turistlərin Azərbaycan mətbəxi barədə təəssüratları necə olub?

Tahir Əmiraslanov saytımıza növbəti açıqlamasında turistlərin milli mətbəximizdən razı qaldıqlarını deyib:

“Xariciləri bizim restorana daha çox azərbaycanlılar, restoranı tanıyanlar gətirirdilər. Yeni açılan restoran olduğundan əksəriyyət bu haqda məlumatsızdır”.

O qeyd edib ki, “Xanədan” restoranı cəmi 182 nəfər üçün nəzərdə tutulub: “Gün ərzində ən azı 50-100 nəfər qonağımız olur. 1-ci Avropa Oyunları zamanı da kifayət qədər insan bizim restorana təşrif buyururdu.

Onların bizim yeməklər barədə təəssüratları haqda detallı məlumatım yoxdur. Amma onu bilirəm ki, gələn qonaqlar yeməkləri yeyib razılıq edirdilər. Gələn turistlərlə hansısa yemək barədə xüsusi söhbətimiz olmayıb, hansısa resept istəməyiblər. Onu da qeyd edim ki, bir dəfə gələnlər sonrakı günlərdə də gəlirdilər”.

Baş kulinarın sözlərinə görə, həmin restoranda Azərbaycanın doqquz tarixi xanlığı və xanlara məxsus yeməklər təklif olunur: 
“Bizim restoranda doqquz xanın özünün və arvadlarının geyimləri də gələn qonaqların ixtiyarına verilir. Belə ki, istəyə görə şəxslər həmin paltarları geyinib şəkil çəkdirə bilirlər. Bu da yerli və xarici qonaqların böyük marağına səbəb olub. Artıq həmin geyimlərdə şəkil çəkdirmək ənənəyə çevrilib”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...