Modern.az

TQDK bu gün qəbul imtahanı keçirir

TQDK bu gün qəbul imtahanı keçirir

Təhsil

7 İyul 2015, 09:36

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2015/2016-cı tədris ili üçün baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirir.

Modern.az saytı TQDK-ya istinadən xəbər verir ki, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində isə 1 binada saat 11:00-da başlayıb və 2 saat 30 dəqiqə ərzində aparılacaq.

İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunacaq və hər bir test tapşırığının düzgün cavabı 1 balla qiymətləndiriləcək, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 30-dan, ixtisas fənləri üzrə isə 50-dən az olmamalıdır.

Rezidentura səviyyəsinə ərizə qəbulu internet vasitəsilə 2015-ci il fevralın 16-dan 23-dək aparılıb və 1245 namizəd elektron ərizə doldurub təsdiq etmişdi. Onlardan 1001 nəfər imtahanın I mərhələsində (15 mart 2015-cü il) 30 və daha yüksək bal toplayaraq imtahanın II mərhələsində iştirak etmək hüququ qazanıb. İştirakçılardan 494 nəfəri cari ilin, 507 nəfəri isə əvvəlki illərin məzunudur. Onlardan 748 nəfəri qız, 253 nəfəri isə oğlanlardır. 852 namizəd Azərbaycan bölməsi, 149 namizəd isə rus bölməsi üzrə imtahan verəcək. Namizədlərin 11 nəfəri xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 976, Naxçıvan şəhərində isə 25 namizədin imtahan verəcəyi nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 16 imtahan rəhbəri, 112 zal nəzarətçisi ayrılıb.

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi iyulun 10-dan 14-dək aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili istiqamətinə uyğun (bitirdiyi fakültəyə müvafiq) ixtisasları seçib təsdiq etməlidirlər.

***

TQDK iyulun 7-də rus bölməsi abituriyentləri üçün də “Azərbaycan dili” fənni üzrə imtahan keçirir. 

İmtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunub və saat 11:00-də başlanacaq.

Cari ildə “Azərbaycan dili” fənni üzrə birinci imtahan 2015-ci il aprelin 26-da keçirilib. Həmin imtahanda 7873 abituriyent iştirak edib, onlardan 6631 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiyməti alıb. 

Qəbul qaydalarına əsasən, aprelin 26-da keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyulun 7-də keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak etmək imkanı verilir. 

Məlumat üçün bildiririk ki, imtahanda 1782 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur. Onlardan 975 nəfərini oğlanlar, 807 nəfərini qızlar təşkil edir. Abituriyentlərdən 1097 nəfər cari ilin, 685 nəfəri əvvəlki illərin məzunlarıdır.

İmtahanın idarə olunması üçün 14 imtahan rəhbəri, 142 nəzarətçi müəllim ayrılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...