Yeni qəbiristanlıqlarla bağlı hökümət ciddi şəkildə məşğul olur. Nazirlər Kabinetinin tapşırığı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qanun layihəsi hazırlayıb və son tamamlanma işləri gedir”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib. O qeyd edib ki, payız sessiyasında qanun layihəsi ya Milli Məclisə təqdim olunacaq ya da Nazirlər Kabinetinə veriləcək ki, qərar şəklində təsdiq olunsun.
“Ancaq düşünürəm ki, qanun şəklində qəbul olunsa daha yaxşı olar. Çünki onun hüquqi əsasları da möhkəm və təsir dairəsi geniş olar”.
M.Quliyev hesab edir ki, payızda bu məsələ həllini tapacaq.
“Qanun layihəsinin müəllifi mən deyiləm, Komitə bununla məşğul olur. Amma bildiyim qədər bizim qaldırdığımız bütün məsələlər orada öz əksini tapıb. İstər bələdiyyə, istər icra hakimiyyət orqanları nəzdində olan, istərsə də özəl qəbiristanlıqlarının qaydaları, yaradılma şərtləri, onlara olan texniki tələblər və qəbiristanlıqların qorunması, qəbir daşlarının formaları və s. məsələlər öz əksini tapıb. Dövlət və bələdiyyə qəbiristanlıqlarının pulsuz olaraq dövlət və bələdiyyə büdcəsi hesabına fəaliyyət göstərməsi də qanun layihəsində göstərilib”.
Deputat qəbiristanlıqların harada salınmasının qanunun predmeti olmadığını vurğulayıb.
“Dövrü olaraq harada müvafiq icra hakimiyyəti orqanı yer tapacaqsa, orada da qəbiristanlıqlar salınacaq. Təbii ki şəhər mərkəzində yer də qalmayıb. Köhnə qəbiristanlıqlar qalacaq, yeni qəbiristanlıqlar şəhərdən kənarda və yola yaxın yerlərdə olmalıdır”.
Aytən ZƏHRA