İyulun 9-da ATƏT-in Parlament Assambleyası keçmiş SSRİ respublikalarındakı münaqişələrlə bağlı bəyannamə qəbul edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, “Helsinki bəyannaməsi” ATƏT PA-nın illik 24-cü sessiyasının yekunu kimi qəbul edilib.
Sənədin dondurulmuş münaqişələrlə bağlı bəndində qeyd edilir ki, ATƏT PA Cənubi Osetiya və Abxaziya (Gürcüstan), Dnestryanı (Moldova) və Dağlıq Qarabağ (Azərbaycan) münaqişlərinin həlli yollarının axtarılmasını dəstəkləyir.
Bundan əlavə, bəyannamədə ATƏT PA-nın münaqişələr nəticəsində Azərbaycan, Gürcüstan, Moldova və Ukraynadan məcburi köçkün düşən əhali qruplarının təhlükəsiz şəraitdə öz evlərinə qayıtmasını və bunun tezliklə baş verməsini dəstəklədiyi də öz əksini tapıb.
Ermənistan nümayəndə heyətinin üzvləri sənədin əleyhinə səs veriblər. Onlar ATƏT ərazisində həlli uzanan münaqişələrin tezliklə nizamlanması istiqamətində səylərin artırılmasını, üzv ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörməti əks etdirən dördüncü paraqrafa etiraz ediblər.
Azərbaycan nümayəndə heyəti isə Helsinki Bəyannaməsinin lehinə səs verib.
Modern.az