filologiya üzrə elmlər doktoru, professor
Dan yeri qızaranda günəşin yaratdığı poetikliyi heç nə ilə müqayisə etmək olmaz.
* * *
Günəş qürub edən də diqqəti çox cəlb edir.
* * *
Qarışqalar həyatın qaynadığı məqamı təsdiq edir.
* * *
Bütün canlılar yaratdığını qoruyur.
* * *
Tısbağalar çox yumurtalayır və uzun ömürlü olur.
* * *
Təbiətin rəngarəngliyi və qeyri-adiliyi Allahın möcüzəsidir.
* * *
Su quzğunu suyu seyr edir. Suda balıq görən kimi suya cumur və balıqları ovlayır.
* * *
İnsanın daxilindəki sevgi onun özündən də güclüdür.
* * *
XIX əsr heç bir əsrə bənzəmir. XIX əsrdə elmlərin sahələri müstəqilləşdi. XIX əsrdə millət formalaşdı. XIX əsrdə maarifçilik genişləndi. Odur ki, XIX əsr xüsusi olaraq araşdırılmalıdır. XIX əsrin ədəbi simaları xüsusi olaraq tədqiq olunmalıdır.
* * *
İnsanlarda yaşamaq istəyi güclənir. Həyata bağlılıq artır. XXI əsrdə insanlarda həyat eşqi güclənir. Yaşamaq həvəsi böyüyür. Görünür ki, elmi - texniki tərəqqinin imkanları insanlarda yaşamaq və həyat eşqini zövqə çevirir. Elə bir zövq ki onun əsasında həyatı dərk etmək, həyatı anlamaq, dünyanın mahiyyət və məzmununa varmaq dayanır.
* * *
İnsanın ağlına, yoxsa ürəyinə güc düşür? Bu suala hərə bir cür cavab verə bilər. Mənim cavabım belədir ki, ürəyə daha çox güc düşür. Ağıl ürəkdən yuxarıda olduğu üçün o da ürəyi yükləyir.
* * *
Xeyirxah adamlar xeyirxahlıq edəndə gül kimi açılırlar.
* * *
Bədxah adamlar bədxahlıq edəndə gül kimi açılırlar.
* * *
Yaltaq adamlar, ikiüzlü adamlar bədxahlıq edəndə adamın üzünə gülürlər.
* * *
Adamlığı olmayan “adamlar” lazım olana qədər istifadə edirlər. Lazım olanı əldə etdikdən sonra səni tanımırlar, heç tanımaq da istəmirlər.
* * *
Görəsən həyatın nəbzini tutanların nəbzi dəqiqədə neçə dəfə vurur?!
* * *
Özünü haqlı hesab edənlərin haqqını kim yoxlayır?
* * *
Gözüm görənə qədər səni görürəm. Ağlım kəsənə qədər səni dərk edirəm. Ancaq gözüm görməyən yerdə, ağlım kəsməyən yerdə nə etdiyini bilmirəm.
* * *
Çox bilmiş adamlar bəzən istedadlı, enerjili adamları əllərində tutub saxlayırlar. Məhz əllərində tutub saxlayırlar. İmkan vermirlər ki, həmin istedadlı adam qabağa getsin. Özləri üçün işlədirlər. Öz işlərini onların vasitəsilə irəli aparırlar. Tez - tez istedadlı adamlara yalançı vədlər verirlər. Bu yalançı vədlərlə onların (istedadlı adamların) başını qatırlar. Bəzən istedadlı adamları bu cür məhv edirlər.
* * *
Pis adamların cörəyi dizinin üstündə olur. Onlar çörəyə qiymət vermirlər. Kəsdikləri çörəyə hörmət qoymurlar. Düz çörək, duz çörək onları birləşdirmir.
Yaxşı adamlar çörəyə qiymət verirlər. Çörək kəsdikləri adamlara qiymət verirlər. Düz çörək, duz çörək onları birləşdirir.
* * *
İslam aləmində din müsəlmanları və onların ölkələrini bir-biri ilə birləşdirmir. Bunun səbəbini axtarmaq lazımdır.
* * *
Deyilənə görə, İsi Məlikzadə Əli Vəliyevə deyir ki, Əli müəllim, sizin gəncliyinizi xatırladan, gəncliyinizə oxşayan bir oğlan var. Həmin oğlan jurnalist –şair Malik Fərrux imiş. Malik Fərrux ucaboy, yaraşıqlı bir oğlan imiş. Bu sözü Əli Vəliyevə deyəndə o, otaqdan çölə çıxırmış. Otağa geri qayıdanda deyir ki, İsi, məni hər itə, qurda oxşatmayın.
* * *
Söz həm də ona görə ucuzlaşıb ki, adamı söz deməyə məcbur edirlər. Belə ki, hərə öz cızmaqarası barədə söz demək üçün səni dildən - dişdən salır. Məcbur edir ki, onun məqaləsi, kitabı barədə boğazdanyuxarı söz deyəsən. Belə də olur. Nəticədə söz qiymətdən, dəyərdən düşür. Söz ucuzlaşır. Sözü beləcə yavaş - yavaş ucuzlaşdırırıq.
Bu gün sözü ucuzlaşdıran bir məsələ də saysız - hesabsız kitab təqdimatlarının çoxalmasıdır. Bu təqdimatlar o qədər çoxalıb ki, boğazdanyuxarı söz deyənlərin meydanı genişlənib. Onlar nə istəyirlər deyirlər, nə istəyirlər yazırlar. Təki onların qarşısında təqdim olunan kitablar olsun. Onlar təqdimat mərasiminə yığışdıqları kitabın bəzən heç üzünü də açmırlar, içində nə var onu da oxumurlar. Ancaq sözü ucuz edərək ucuz da danışırlar. İstənilən bir kitab təzəcə təqdim olunursa, həmin kitab oxunmamış necə təriflənə bilər, necə təhlil oluna bilər? Bu, sözü dəyərdən salan bir iş kimi hamımızın başını qatıbdır. Bəzən vaxtımızı belə mənasız işlərə sərf etməklə, ağına - bozuna baxmadan boğazdan -yuxarı söz deməklə sözümüzü də, özümüzü də ucuzlaşdırırıq.
* * *
Müasir dövrün insanları nədənsə tez bir zamanda məşhur olmaq, tanınmaq, nüfuz qazanmaq, əzab - əziyyətə qatılmaq istəməmək arzusundadırlar. Belə yerdə deyirlər: “Allah belələrindən saxlasın”.
* * *
Ucsuz - bucaqsız səhralarda torpağın cızdağı çıxır. Günəş şüaları torpağı elə yandırır ki, yazıq torpaq bir damcı suya möhtac qalır. Bəzən görürsən ki, bomboz torpaq cadar-cadar olub, bomboz torpaq elə bil yanıb külə dönüb.
Günəş şüalarının torpağı yandırması torpaqda çatlaqlar yaradır. Torpaq belə olanda acgözlüklə su istəyir, yağışa möhtac olur. Torpaqdakı çatlaqlar – çatlar elə bir torpağın bağrını yarır, ürəyini deşir. Belə olanda torpağın suya ehtiyacı olur. Yağış yağanda belə çatlaqlar – çatlar birləşir. Yağış o çatlaqların – çatların arasına dolur, torpağı yumşaldır. Qurumuş torpaq dənələrini bir - birinə birləşdirir. Ona görə də bəzən el arasında belə deyirlər: Nə olub, yağış yağıb torpaqdakı çatlaqlar – çatlar birləşib.
* * *
Təbiətin başına olmazın oyun açırıq. Guya ki, təbiəti özümüzə tabe edirik. Unuduruq ki, təbiət bizdən əvvəl mövcud olub. Biz ona uyğunlaşmalıyıq. Təbiəti süni şəkildə dəyişə - dəyişə özümüz dəyişirik. Özümüz süniləşirik.
İnsanın təbiət üzərində hakim olmaq iddiası eqoizmidir. Bu eqoizmi təbiət insana bağışlamır.
* * *
İnsan təbiətə də, ilin fəsillərinə də uyğunlaşmalıdır. Hər fəslin imkanlarından düzgün faydalanmalıdır.
Bəzən insanın gündə neçə saat yatması barədə həkimlər fikir söyləyirlər. İnsanın özü də, bədəni də təbiətin bir parçasıdır. Ona görə də insan təbiətə uyğunlaşaraq yatmalıdır. Belə ki, qaranlıq çökəndə insan yatmalıdır. İşıqlaşanda insan yuxudan durmalıdır. Hələ keçmişdə saat olmadığı dövrdə qədim insanlar da bu cür yatıb və yuxudan durublar. Məsələn yayda tez işıqlanır və gec qaranlıq çökür. Deməli, insan buna uyğun olaraq yatmalı və durmalıdır. Yaxud qışda tez qaranlıq çökür və gec işıqlanır. Yenə də insan buna uyğun olaraq yatmalı və durmalıdır. Beləliklə, bədənin yatmağa və işləməyə olan təlabatı da bu cür ödənilməlidir.
* * *
Səbr Allahın insana vergisidir.
* * *
İnsanın əlindəki barmaqlar ovucda birlik yaradır. Barmaqların ovucda qatlanaraq birləşməsi birlikdir, yumruqdur.
* * *
İnsan qorxu hisslərinin təsiri altında başqasına yaxşılıq etməməlidir. Yaxşılıq insanın iç dünyasından gəlməlidir. Yaxşılıq insani bir keyfiyyət olmalıdır.
* * *
Dərdi dərd üstünə yığıb dərddən imarət tikənlər var.
* * *
Bəzi insanlar köhnə vərdişlərindən əl çəkmirlər.
* * *
İnsanların xeyli bir qismi özünü və başqalarını görə bilmir. Məsələn, birisi ağzında siqaret səninlə üz - üzə dayanır. Tüstünü üzünə üfürür, siqaretinin külünü az qala sənin üz - gözünə və üstünə tökür. Özünün isə heç vecinə olmur.
* * *
Daşlar daş olub divarları bəzəyənə qədər başlarına nələr gəldiyini kim bilir?!
* * *
Görəsən nazımızı çəkənlər çoxdur, yoxsa nazını çəkdiklərimiz çoxdur?!
* * *
Dünyaya gələnlərlə bu dünyadan gedənlərin fərqi nədədir?!
* * *
Biz hadisələrin harasındayıq? Kənarındayıq, içindəyik, yoxsa hadisələr içimizdədir?!
* * *
Zaqatala ərazisində məskunlaşmış axvaxlar öz dilini qoruyur. Axvaxlar Dağıstan ərazisində 5 kənddə də yaşayırlar. Onları bəzən səhv olaraq avar adlandırıblar. Hər kəsi öz adı ilə niyə çağırmırlar?
* * *
Oyuncaqlar da, robotlar da insanların yaratdığı əllamələrdir. Bu əllamələr çoxaldıqca insanlıq azalır. İnsan öz insanlıq məsuliyyətini itirir.
* * *
Dünyanın başını qatanlar bir vaxt ayılıb görəcəklər ki, özlərinin də axırı çatıbdır.
* * *
İnsanlar dünyadan həmişə narazı qalır. Ancaq dünyaya həmişə insan gəlir.