Qarpız insanların yay mövsümündə ən çox müraciət etdiyi bostan bitkisidir. Yayda insanların ən çox zəhərlənməsinə səbəb olan da elə qarpızdır. Mütəxəssislərin fikrincə, qarpızın digər bitkilərdən fərqli olaraq, özünə qida maddəsi axtarmaq xüsusiyyəti orqanizmin zəhərlənməsinə zəmin yaradır. Odur ki, bu bitki qida maddələrinə, xüsusən azota olduqca tələbkardır. Azot isə təbii və süni yolla bu bitkiyə ötürülür. Nitrat tərkibli azot normadan artıq olduqda insan orqanizmi üçün ciddi fəsadlar yaradır.
Qarpızın normal olaraq avqust ayının ikinci ongünlüyündə yetişməsinə baxmayaraq, bazar və marketlərdə çoxdan satışdadır. Elə buna görədir ki, mütəmadi olaraq qarpızdan zəhərlənmə ilə bağlı məlumatlar alırıq.
Son məlumata görə, Zaqatalada bir ailənin altı üzvünün yediyi ləzzətli qarpız elə onların zəhərləyib...
Bəs, bostan bitkisinin qəbulundan dərhal sonra baş verən zəhərlənmə nə ilə bağlıdır? Qarpız niyə bu qədər təhlükəlidir?
Modern.az saytının suallarını tibb elmləri doktoru, professor Adil Qeybulla cavablandırıb.
O qeyd edib ki, istənilən meyvə-tərəvəz, bostan bitkiləri vaxtından əvvəl süni şəraitdə yetişdiriləndə insan orqanizmi üçün təhlükəyə çevrilir: “Bu cür məhsulların qəbulu orqanizmdə qidalanma ilə bağlı yeni bir situasiya yaradır. İlin müəyyən vaxtlarında ayrı-ayrı meyvələrin yetişməsi orqanizmin ondan istifadə etməsinə uyğunlaşaraq qida rejimi yaradır. Vaxtından əvvəl yetişdirilən meyvə-tərəvəzin qəbulu ilə bu rejimin pozulması baş verir. Ona görə də maksimum dərəcədə bu cür məhsulların qəbulu məhdudlaşdırılmalıdır”.
Professor bildirib ki, istixanalarda yetişdirilən məhsulların tərkibində orqanizm üçün zərərli maddələr toplanır: “Nəzərə almaq lazımdır ki, istixanalarda yetişdirilən meyvə-tərəvəzin tərkibində müxtəlif zərərvericilərə qarşı istifadə olunan inqridientlər ola bilər. Bu meyvə-tərəvəzin tərkibində kumulyasiya olunur və orqanizm onu qəbul edən zaman toksiki təsir göstərir. Bu zaman qida toksiki infeksiyası baş verir.
Ümumiyyətlə, tərkibində iri zoğları olan, iç-yeyilən hissəsi kobud struktura malik meyvə-tərəvəzdən istifadə məqsədəuyğun deyil. Bundan başqa, qoxusu, dadı dəyişən qidalardan istifadə də doğru sayılmır. Həmin qidalar toksiki maddələri özünə hopduraraq bağırsaqdan sovrulmasını sürətləndirir ki, bu da orqanizmin tez bir zamanda zəhərlənməsinə gətirib çıxara bilər
Qida toksiki infeksiyalarına gəldikdə, bunlar kəsilmiş meyvə-tərəvəzin saxlanma qaydalarına düzgün riayət etmədikdə baş verir. Nəzərə almaq lazımdır ki, sulu meyvələr daha tez xarab olur. Qarpızın, eyni zamanda, sulu meyvələrin kəsildikdən dərhal sonra yeyilməsi məqsədə uyğundur”.
Gülşən RAUFQIZI