
Şimali İraqdakı Regional Kürd rəhbərliyi bölgədəki neftin Bağdada bağlı olmadan müstəqil satılmasına dair qərar verib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, İraq parlamentindəki Neft və qaz komissiyasının rəhbəri Arez Abdullah bunu iyulun 1-i etibarilə alınan qərarı “İraqın bölünməsində ilk addım” kimi xarakterizə edib.
Şimali İraqdan peyk vasitəsi ilə yayılan “Rudaw TV”nin xəbərinə görə, Regional Kürd Hökumətinin sözçüsü Safın Dizayi bu addımı ciddi ölçülərə çatan iqtisadi böhranın həlli üçün atdıqlarını açıqlayarkən belə deyib:
“Türkiyə hökuməti neft razılaşmasına sadiq qalacağına dair Kürdüstan Bölgəsinə zəmanət verdi. Türkiyə Kürdüstan Bölgəsinin neft satışının qarşısına heç bir maneə çıxarmayacağını bildirdi”.
Şimali İraqdakı kürd hakimiyyətinin rəhbəri Neçirvan Bərzaninin Ərbildə mayın 13-də İraq parlamentinin kürd üzvləri ilə mərkəzi İraq hökuməti ilə aralarındakı problemləri qiymətləndirərkən “Bağdad razılaşma şərtlərinə uyğun gəlməzsə, razılaşmadan çəkilərik” dediyi, mərkəzi Bağdad rəhbərliyinin Ərbilə büdcə payını göndərməməsi halında müstəqil qərarlar alacaqlarını ifadə etdiyi xatırladılıb.
Modern.az