Modern.az

“Rauf Arifoğlunun istefası partiyada heç bir narazılıq yaratmayacaq”

“Rauf Arifoğlunun istefası partiyada heç bir narazılıq yaratmayacaq”

9 İyul 2015, 17:41

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasından istefa verəcəyini açıqlayıb.

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı məsələ ilə bağlı Modern.az saytına açıqlama verib.

O bildirib ki, Rauf Arifoğlunun Müsavatdan istefa verməsi partiya daxilində hər hansı narazılıq və qarşıdurmaya səbəb olmayacaq:

“Hər bir üzvün bu və ya digər səbəbdən istefa verməsi partiya üçün müəyyən bir itkidir. Kimsənin partiyadan istefa verməsinin tərəfində deyilik. Amma, hər halda nizamnamə çərçivəsində partiya üzvünün istefa verməsi daha yaxşı haldır. Biz nəinki Rauf Arifoğlunun, hər bir müsavatçının partiyadan getməsinə təəssüflənirik.

Hesab edirəm ki, Rauf bəyin partiyadan getməsi daxildə heç bir narazılıq yaratmayacaq. Nəyə görə yaratmalıdır ki? Rauf bəyin bu gün verdiyi açıqlamadan da görünür ki, o çox sivil qaydada istefa vermək haqda düşünür. Buna görə də partiyada hər hansı bir narazılıq və qarşıdurmanın ola biləcəyi mümkün deyil. Çünki Rauf bəy də kifayət qədər öz işini bilən adamdır. O, partiyanın proqramına və nizamnaməsinə uyğun olan bir açıqlama verib.

Müsavat söz azadlığına hörmətlə yanaşan bir partiyadır. Qəzetin, yaxud da saytın rəhbərinin partiya üzvü olması bizim üçün müəyyən üstünlük yaradıb. Amma Müsavat ideyalarına sadiq qalan, xalq və ədalət istiqamətində, öz yolunda davam edən insanlarla bizim münasibətimiz həmişə yaxşı olub. Bundan sonra da yaxşı olacaq. Qəzet redaktorları və müxbirləri ilə Müsavat Partiyası həmişə açıq olub. Həmişə də həm onlara dəstək verib, həm də onlardan dəstək gözləməkdə haqlı olub”.

Sevinc Yasinqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama