Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az saytına açıqlamasında bildirib ki, İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının ideologiyası İslam ideologiyasıdır. Amma onun seçdiyi yol, metodlar İslam dininə uyğun deyil.
Modern.az saytı bununla bağlı din xadiminin və ilahiyyatçının fikirlərini öyrənib.
İlahiyyatçı Elşad Miri:
“İŞİD-in ideologiyası İslam ideologiyası demək deyil. Sadəcə olaraq, İŞİD İslamın adını götürən bir terror təşkilatıdır. Bunun adını bu cür qoymaq lazımdır. Əvvəllər “Əl-Qaidə” terror təşkilatı var idi. Onun adının qarşısında İslam sözü yox idi. O cür istifadə olunurdu. Üsamə bin Ladenin öldürülməsi və digər səbəblərə görə o məsələ bağlandı. Amma İŞİD məsələsinə konkret olaraq “İslam” sözünü əlavə elədilər. Yəni terrorla islam ideologiyasını bərabərləşdirib dünyanın gündəminə salmağa çalışdılar və buna nail oldular.
İŞİD İslam rəvayətlərində olan bəzi məsələləri öz istəyinə uyğun istifadə edir. Bu o demək deyil ki, onların elədikləri tamamilə İslama uyğundur. Mən deyirəm ki, onların elədikləri İslama zidd əməllərdir. Halbuki, İslam sözünün özü sülh və əmin-amanlıq deməkdir. Onların elədiklərində isə bunun tam əksini görürük”.
Din xadimi Hacı Şahin Həsənli:
“İŞİD-in ideologiyasını nəinki hansısa bir dinə, heç insanlığa aid eləmək düzgün deyil. Onun İslama hər hansı aidiyyəti yoxdur. Sadəcə olaraq, din arxasında gizlənən cərəyandır. Belə cərəyanlar, əslində insanların müqəddəs hisslərindən istifadə edib, onları yanlış istiqamətə yönəldir. Amma tək irqçiliyin, ümumiyyətlə, İŞİD-in ideologiyasının dinlə və İslamla hər hansı əlaqəsi ola bilməz. Onu dinlə əlaqələndirmək, dinlə bağlamaq dinin özünə qarşı təhqirdir.
Dinc insanları qətlə yetirən, onlar kimi düşünməyənləri məhv edən, uşaqları öldürən, böyüklərə rəhm etməyən bir cərəyan hansı dinə aid ola bilər ki?
İŞİD-in ideoloji baxışlarını da təhlil eləsək, görərik ki, onlar dini baxımdan da hər şeyi təhrif ediblər. Onlar təkcə praktiki cəhətdən cinayətlərə yol vermirlər. Ümumiyyətlə, onların din haqda təsəvvürləri kökündən yanlışdır. Onların İslamla hər hansı əlaqəsi ola bilməz. Sadəcə olaraq, öz siyasətlərini həyata keçirmək üçün insanların inancından istifadə etmək üçün dini terminlərə, “Quran”dakı hədislərə istinad edirlər. Halbuki, onların din haqda təsəvvürləri belə, yoxdur. Ümumiyyətlə, olan təsəvvürləri yanlışdır”.
Sevinc Yasinqızı