Modern.az

AXCP də Müsavat kimi istefaya hörmət edirmiş

AXCP də Müsavat kimi istefaya hörmət edirmiş

9 İyul 2015, 18:47

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı partiyanın digər üzvü Əbülfəz Qurbanlının istefa qərarına hörmətlə yanaşdığını deyib.

 

O qeyd edib ki, partiyadan istefa vermək Əbülfəz Qurbanlının şəxsi qərarıdır: “Partiya olaraq həm Əbülfəz bəyin özünə, həm də onun bu qərarına hörmətlə yanaşırıq. Onun Həsən Kərimovla arasında qarşıdurma yaşanması və buna görə partiyadan istefa verməsi haqda yazılan informasiyaların heç bir əsası yoxdur. Ümumiyyətlə, istefa vermək Əbülfəz bəyin şəxsi qərarıdır. Biz də onun bu qərarını olduğu kimi qəbul etməliyik.

 

Çünki AXCP siyasi mədəniyyətin yüksək olduğu bir partiyadır. Burda insanlar normal şəkildə fəaliyyət göstərə bildiyi kimi, partiyadan istefa da verə bilərlər. Burda hər hansı xüsusi sensasion məqamlar axtarmaq lazım deyil. Əsas odur ki, AXCP sistemi normal demokratik çərçivədə tənzimlənsin. O baxımdan biz Əbülfəz bəyin bu qərarına siyasi mədəniyyət nümunəsi çərçivəsində yanşamağa tərəfdarıq və hörmətlə yanaşırıq”.  

İyulun 8-də AXCP sədrinin müavini Əbülfəz Qurbanlı öz Facebook səhifəsində partiyadan istefa verdiyini açıqlayıb: “Dostlar, dərin bağlı olduğum AXCP-dən istefa verirəm. Düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi- ali məqsəd üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var. Bundan sonra davam edənlərə uğur arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım, məhbəsdəki dostlarım- haqqı üçün savaşdığım xalqımız məni bağışlasın”.

Sevinc YASİNQIZI  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama