TRT “Bilinməyən tarix: Nargin adası əsarəti” adlı sənədli filminin çəkilişlərini davam etdirir.
İyulun 7-də Azərbaycan Siyasi Partiyalar, ictimai hərəkatlar arxivində çəkilişlərə başlayan yaradıcı heyət I Dünya müharibəsi illərində nəşr olunan “Hümmət”, “Açıq söz”, “Bəsirət”, “İqdam”, “İqbal” qəzetlərində rus ordusu tərəfindən əsir götürülən türk əsgər və zabitləri, yurd-yuvası dağıdılıb, soyqırıma məruz qalan mülkü insanlar barədə məlumatları və arxiv sənədlərini lentə alıb.AMEA-nın tarix institutunda ekspert qismində dəvət olunan alimləri Nargin adasında həbsxana həyatı yaşayan 10-15 min türk əsirinin taleyinə aydınlıq gətirib.
Dünən filmin yaradıcı heyəti Nargin adasına yollanıb və gün ərzində adada havadan, helikopter çəkilişlərini də həyata keçirib. Ərzaq çatışmamazlığı, yoluxucu xəstəlik və susuzluqdan dünyasını dəyişən əsir türklərin toplu məzarlıqlarındakı çəkiliş əsl insan faciəsini özündə əks etdirir. Bu gün Gəncəyə yola düşən yaradıcı heyət şəhərdə türk əsirlərinin izlərini axtaracaq.
Azərbaycan və Türkiyənin ortaq qardaşlıq tarixinin bir parçası olacaq sənədli film Akif Aşırlının yazdığı və professor Bingür Sönməzin çapa hazırladığı “Nargin: Sarıqamış əsirlərinin dramı” kitabı əsasında ssenariləşdirilib.
Filmin çəkilişi Sarıqamış Dayanışma qrupunun başqanı Bingür Sönməzin rəhbərliyi, İsmayıl Köçmənin prodüserliyi ilə həyata keçirilir.
Çəkilişlər iyulun 12-dək davam edəcək.
Modern.az