Modern.az

Gözlənilən seçkinin gözlənilməz namizədləri: baytar həkimi, aptekçi, karxana müdiri...

Gözlənilən seçkinin gözlənilməz namizədləri: baytar həkimi, aptekçi, karxana müdiri...

9 Oktyabr 2010, 15:48

Avropa ölkələrində seçkilərdə iştirak etmək üçün namizədə lazım olan əsas məsələ siyasi təcrübə, pul və nüfuz sayılır. Təsadüfi deyil ki, ABŞ-da və inkişaf etmiş ölkələrdə seçkilərə qatılan namizədlərin siyasi nüfuzu və təcrübəsi illərlə ölçülən fəaliyyətə bağlıdır. ABŞ-da hətta “siyasətçi nəsillər” də var. Onların nümayəndələri zaman-zaman parlament, bələdiyyə, senat, konqres seçkilərinə qatılır, qalib gəlir, uduzur, yenə seçkilərə qoşulur. Bu adamların siyasi təcrübəsindən sonradan dövlətin müxtəlif strukturlarında faydalanırlar. Nümünələr çoxdur. Ən parlaq olanların arasından Kennedilər sülaləsini göstərmək olar.
Qərb ölkələrində deputatlığa namizədliyini adətən tanınmış iqtisadçılar, hüquqşünaslar, vəkillər, siyasətçilər irəli sürürlər.

Bəs Azərbaycanda? 

Azərbaycanda bu il keçiriləcək parlament seçkilərnə vətəndaşların marağı böyükdür. Müşahidələrimiz göstərir ki, cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri seçki marafonuna qatılsalar da, onların içində stabil siyasi baqajı olan şəxslır çox azdır. Bizim namizədlər daha çox “olimpiya prinsiplərinə” üstünlük verirlər.

Modern.az deputatlığa namizədliyi qeydə alınan şəxslərin peşələri ilə bağlı araşdırma aparıb. Dairə Seçki komissiyalarında bu ilki seçkilərdə iştirak üçün qeydə alınmış namizədlər arasında siyasətə, parlament ənənəçiliynə dəxli olmayan adamlar da  var. Onlar çəkinmdən Milli Məclisə seçkilərdə iştirak etmək arzularını ifadə ediblər və hətta artıq deputat olmaq üçün rəsmən qeydə də alınıblar. Bu şəxslərin adı noyabrın 7-də seçki bülletenlerinə, eyni zamanda çağdaş Azərbaycan siyasətinin arxivinə yazılacaq.

Araşdırmamıza lap “yuxarıdan” başladıq. 

Naxçıvanda bu ilki parlament seçkiləri o qədər də deyəsən dəbdə deyil. Bunu dairələr üzrə qeydiyyatdan keçən namziədlərin sayından bilmək olur. Bədniyyət adamlar deyirlər ki, namizədlərin belə azlığı daha çox qorxudan irəli gəlir. Adamlar ağrımayan başlarına dəsmal bağlamaq istəmirlər. Amma namzəd olmaq istəyənlər də var. Özü də müxtəlif maraqlı peşə sahibləri...

Məsələn 5 saylı Şahbuz-Babək seçki dairəsindən rəsmən qeydə alınmış Arzu Qurbanov....yox siyasi partiya lideri və fəalı deyil. O, Şahbuz rayon qaz-istismar sahəsinin rəisidi. Bəli, bəli, məhz sahə rəisi. Onu siyasətə və qanunverici orqana çəkən istək bəlli olmasa da, hər halda yəqin ki, özünün abunəçilər arasında nüfuzunu öyrənmək baxımından iştirakını faydalı üsul saymaq olar.

6 saylı Culfa –Babək seçki dairəsi üzrə isə idman müəllimləri deputatlıq mandatı qazanmaq istəyir. Onlardan biri Culfa rayon Uşaq-Gənclər idman məktəbinin direktoru Abdulla Məhərrəmov, digəri Babək rayonunun Uşaq-Gənclər idman məktəbinin məşqçi müəllimidir. Düzdür, siyasətin özünun də bir “priyom” olduğunu qəbul etsək, görünür müəllimlərin istəyinə haqq verməli olacağıq.

Naxçıvandan birbaşa “enək” Bakıya...

Sovetsayaği epitetlərlə desək, bu böyük, işıqlı şəhərdə yaşayan zəhmətkeş, əməksevər insanların siyasi ehtirasları da seçkidə özünü göstərib. Axşamı sahilləri işıq saçan bu qədim şəhərin sakinləri arasında qanun qəbul etməklə bağlı söhbətlər necə aktual olubsa, 193 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Almas Nuriyeva uşaqlara yeni dərs ilində hərfləri öyrətmək əvəzinə seçkilərə qatılmaq həvəsinə düşüb. 19 saylı Nərimanov seçki dairəsinin sakinləri müəllimənin adını bülletendə görəcəklər.

Gəncə şəhərində də parlament seçkilərində iştirak etmək istəyən siyasi həvəskarlar var. Məsələn, 40 saylı Kəpəz ikinci seçki dairəsi üzrə rəsmən qeydə alınan Vaqif Məlikov bu qədim Cavad xan yurdunda olan 32 saylı məktəbin bədən tərbiyəsi müəllimi işləyir. Görünür bitərəf müəllim deputat mandatı üçün əsas şərtin fiziki sağlamlıq olduğunu qət edib.   

Ölkəmizin cənub rayonlarında seçki marafonu daha maraqlı peşə sahibləri ilə zəngindir.
67 saylı Cəlilabad şəhər seçki dairəsindən deputatlığa namizədliyi rəsmən qeydə alınmış İrzulla Məmmədov baytardır. Bəli, düz oxuyursunuz, İrzulla doktor rayon Baytarlıq İdarəsində heyvanların müalicəsi ilə məşğuldur. Düzü, baytar həkiminin seçkilərə qatılmasında siyasi-ictimai-iqtisadi bir fayda axtarmaq cəhdimiz bir nəticə verməsə də, hər halda bizə qanunverici orqana özünü sınamaq istəyən İrzulla həkimə uğur arzulamaq qalır.

76 saylı Lənkəran-Astara seçki dairəsində deputatlığa namizədliyi qeydə alınan gənc Malikin 33 yaşı var.  Lənkəran Yol İdarəsində usta işləyir. Gənc ustanın Milli Məclisə seçilmək arzusu yəqin ki, sovet nostaljisi ilə yaşayan ata-analar və babalar üçün məqbul sayıla bilər.  

Azərbaycanın qədim insan məskənlərindən olan tarixi şəhərimiz Beyləqandan bu seçkilərdə mandat qazanmaq istəyən maraqlı peşə sahibləri də az deyil. 81 saylı Beyləqan seçki dairəsindən öz şəhərini Milli Məclisdə təmsil etmək istəyən namizəd 610 saylı Mərkəzi Aptekin müdiri Əyyub Əsədovdur.

83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən isə qeydə alnmış namizəd rəsmən işsizdir. Nazim Hüseynov görünür bu minvalla Milli Məclisdə iş tapa biləcəyinə ümid edir. 

84 saylı Füzuli seçki dairəsi üzrə isə qeydə alınmış namizədlərdən biri Anar İsayev Bakı İnşaat MMC-də mühasibdir.

Gəlib çatdıq, Sabir, Seyid Əzim yurdu olan Şamaxıya...

Burda da siyasi həvəskarlar varmış. 85 saylı Şamaxı seçki dairəsindən qeydə alınmış Abdulməcid Məcidov “Əyalət” qəzetinin baş redaktorudur.
Digər namizəd Əzizağa Süleymanov isə təqaüdçüdü..

87 saylı Ağsu-İsmayıllı dairəsini Milli Məclisdə təmsil etmək arzusunda olanlardan biri də “İmeks” MMC-nin satış müdiridi. Öz təşəbbüsü ilə seçkilərə qatılan, heç bir siyasi qüvvəni təmsil etməyən Şahlar Xasayevin deputat seçiləcəyi təqdirdə satış müdiri kimi məclisə nə təklif edəcəyi müəmmalıdı.

Qalmaqallı 95 saylı Tərtər seçki dairəsindən isə qum-çınqıl karxanasının müdiri Akif Musayev Milli Məclisə deputatlığa namizəd kimi rəsmən qeydə alınıb.

Şəmkiri parlamentdə təmsil etmək arzusunda olan namizədlərdən biri isə müsiqiçidir. Gənc Aynurə Hüseynova Şəmkir Müsiqi Məktəbində müəllimə işləyir.

Daha iki qaz ustasına burada rast gəlirik. 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizədliyi rəsmən qeydə alınmış Natiq Nüseynov və Zaur İsmayılov rayon qaz-istismar sahəsində mühəndis işləyirlər. Qışın qapını kəsdirdiyi bir vaxtda bu “qazçıların” seçkilərdə belə fəallığı adamı məəttəl qoyur.  

101-saylı Göygöl-Daşkəsən seçki dairəsindən hakim partiyanın namizədi ünikal peşə sahibidir. Deputatlığa namizəd İlham Məmmədov Qızıl Balıqartırma Zavodunun direktorudu. Bizcə artıq şərhə ehiyac yoxdu. Hərçənd onun rus nağılında olduğu kimi qızıl balıqla danışıb arzu diləməsi barədə bir söz deyə bilmərik. Amma hər halda parlamentə bu şəxsi namizəd göstəriblər.

Proletariatın nümayəndələri də bu seçkilərə qatılıblar. 102 saylı Samux-Şəmkir seçki dairəsi üzrə rəsmən qeydə alınmış Etibar Əkbərov rayonun mənzil kommunal Birliyində fəhlə işləyir. Görünür  proletariatın sadiq əsgəri yoldaş Leninin “Dövləti hətta aşpaz da idarə edə bilər” prinsipini hələ də unutmayıb..

Daha bir maraqlı peşə yiyəsi 103 saylı Gədəbəy seçki dairəsindən qeydə alınıb. Mübariz Quliyev bu sərt iqlimli dağ rayonunda rayon Toxumçuluq İdarəsinin rəisidir. Hər halda görünür yaxşı toxum səpmək üçün deputat mandatı da lazım imiş..

Yeni Azərbaycan Partiyasının 105 saylı Tovuz seçki dairəsindən irəli sürdüyü namizəd isə rayon Artezian Quyularının İstismarı İdarəsinin rəisidir. Siyasətdə quyu qazmaq prinsipinin əbədi olduğunu nəzərə alsaq, YAP-ın namizədini başa düşmək olar.

Hərbçilərin siyasətə müdaxiləsi əsasən Latın Amerikası ölkələrində və Asiya ölkələrində daha çox rast gəlinir. Qara eynək taxmış hərbi çinlərin hakimiyyəti ələ keçirmələri barədə tarixi faktlar çox olub. Bizdə hələki hərbidən istefa verib siyasətə gəlirlər. Məsələn, 107 saylı Qazax seçki dairəsində olduğu kimi....
Tarixə Şıxlinski kimi general vermiş Qazax bu dəfə siyasi müstəvidə bunu təkrar etmək istəyir. Bu dairədən namizəd kimi qeydə alınmış keçmiş korpus komandiri, general- mayor Mahmud Həmzəyev indi parlamentdə qanun yaradıcılığı ilə məşğul olmaq istəyir.

108 saylı Ağstafa seçki dairəsindən namizədlərdən  biri incəsənət adamıdı. Başxanım Abbasova Bakıda “Muğam” studiyasının direktorudur.

Zaqatalanı isə Milli Məclisdə təmsil etmək istəyən Şəmsəddin Həsənov Zəyəm kənd orta məktəbində təsərrüfat müdiri işləyir. Görünür bu namizədin məktəbin parta, oturacaq məsələlərindən daha vacib işləri var...

112 saylı Qax seçki dairəsini YAP-dan rayon Tarix-diyarşünaslıq müzeyinin direktoru Mahir Əfəndi təmsil etməlidi. Seçilsə əgər.... Düzdü, Qaxın tarixi yerləri və səfalı məkanları dillər əzbəridi. Amma bunu sübüt etmək üçün Mahir Əfəndini deputat seçmək lazımdır yəqin... Uğurlar arzulayırıq.

Baməzə Şəki camaatını isə Milli Məclisdə təmsil etmək vergi agenti olan Hikmət Məmmədovun ürəyindən keçib. Namizədliyi qeydə alınmış Aşağı Göynük bələdiyyəsinin bu üzvü 114 saylı Şəki kənd birinci seçki dairəsini təmsil edir.

122 saylı Xankəndi seçki dairəsi üzrə qeydə alınmış Xatirə Vəliyeva Bakıda Bədən Tərbiyəsi dispanserində laboratoriya müdiri işləyir...

Siyahını uzatmadan burda nöqtə qoymaq olar...

Belə, əziz oxucular. Parlament yarandığı gündən bəri çox hadisələrin şahidi olub. Qədim Romada imperator Kaliqula hətta sevimli atını da senata seçdiribmiş.
Sovet İttifaqında sağıcı, kolxozçu, fəhlə, əmək qabaqcılları hökmən deputat olmalı idilər...
Amma bütün bunlar heç bir halda xalqın sözünün deyilməsi üçün vacib olan tribunanı arxa plana atmayıb...
Çalışın, layiq olduğunzu seçin!

Xaqani Səfəroğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu