ATƏT Parlament Assambleyasının (ATƏT PA) Finlandiyanın paytaxtı Helsinkidə keçirilən sessiyasında qəbul olunan yekun bəyannamə münaqişələr nəticəsində qaçqın və məcburi köçkün düşən Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna əhalisinin təhlükəsizliyini, şərəf və ləyaqətə hörmətin təmin edilməsi şərtilə evlərinə qayıtmasının ayrılmaz hüquqları olduğunu bir daha təsdiq edir. Bəyannamədə bu fəaliyyətlərin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasının zəruriliyi vurğulanır.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Modern.az-a açıqlamasında bildirib ki, ATƏT PA-da belə bir sənədin qəbulu oradakı nümayəndə heyətimizin fəallığı ilə bağlıdır.“Avropa Şurası Parlament Assambleyasındakı deputatların passiv olduğunu demirəm, orda da deputatlarımız fəaldır. Amma belə görünür ki, ATƏT Parlament Assambleyasının deputatları daha fəaldırlar, həqiqəti çatdıra bilirlər.
Subyektiv amillərin də təsiri var. Oradakı deputatlarımızın hər hansı beynəlxalq qrupdakı deputatlarımızın fəallığından, məsələni ortaya qoymaq bacarığından da çox şey asılıdır”.
Akif Nağının fikrincə, beynəlxalq qurumlar arasında prinsipial, ardıcıl mövqe ortaya qoyanı yoxdur:
“Beynəlxalq təşkilatların fəaliyyətini, qəbul etdikləri sənədləri diqqətlə izləyirik. Son 20 il ərzində istər BMT, istər ATƏT Parlament Asambleyası, yaxud Avropa Şurası olsun, prinsipial, ardıcıl mövqe ortaya qoyan hər hansı bir təşkilat yoxdur. ATƏT Parlament Assambleyasında belə bir sənəd qəbul olunur, müəyyən mənada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər, bununla özümüzü aldatmamalıyıq.
Bir müddət sonra tamamilə fərqli sənəd qəbul edə bilərlər. Söhbət qəbul olunan sənədlərin yerinə yetirilməsindən gedir. Beynəlxalq təşkilatlar sənədləri qəbul edir, amma kağız üzərində qalır. ATƏT Parlament Assambleyasında haradasa özlərinə bəraət qazandırmağa çalışırlar. Bu məsələnin bir tərəfidir. Çünki Minsk qrupu ATƏT-in tərkibində yaradılan bir qurum kimi nəzərdən keçirilib”.
QAT sədri ATƏT PA-dakı Azərbaycan nümayəndələri arasında ən aktiv deputatın Azay Quliyev olduğunu vurğulayıb:
“Dəfələrlə görmüşük ki, Azay Quliyev hər hansı qanun layihəsinin təşəbbüskarı kimi çıxış edib və buna nail olub ki, həmin qanun və ya qərar qəbul olunsun.
Bahar Muradovanın da fəaliyyəti kifayət qədər təqdirəlayiqdir. O da obyektiv mövqe ortaya qoyur. Əsas odur ki, komanda kimi işləyirlər”.
Aytən ZƏHRA