Bu gün I Avropa Oyunlarında yer tutan Təhsil Nazirliyinin idman məktəblərinin yetirmələrinin mükafatlandırma mərasimi keçirilir.
Modern.az xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, yarışlarda ölkəmizi təmsil edən idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblilərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir. Onlar 7 idman növü - atletika, akrobatika gimnastikası, badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis üzrə mübarizə aparıblar.
Nazir onu da qeyd edib ki, Avropa Oyunlarının təşkilində Təhsil Nazirliyinin təşkilatçılığı ilə 17 ali məktəb və 15 kollecdən 14 minə yaxın tələbə könüllü kimi iştirak edib və müstəsna xidmətlər göstərib.
Mikayıl Cabbarov bildirib ki, I Avropa Oyunlarının təcrübəsini, könüllərin iştirakını nəzərə alaraq, 2015-ci il dekabrın 5-də - Beynəlxalq Könüllülər günündə tələbə-könllülərin respublika forumunun keçirilməsi nəzərdə tutulub. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin uğurlarından söhbət açan nazir “Avropa Oyunlarında həmin məktəblərin yetirmələrindən Amil Qasımovun sambo idman növü üzrə ikinci, Hacı Əliyevin sərbəst güləş üzrə üçüncü, Eldar Səfərovun idman gimnastikası üzrə komanda yarışında üçüncü yeri tutduğunu nəzərə çatdırıb. Nazir idmançıları təbrik edərək onlara Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyələr təqdim edib.
Mikayıl Cabbarov Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin, kolleclərin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və nazirlik sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin I Avropa Oyunlarında fəal iştirak edən bir qrup əməkdaşı isə fəxri fərmanla təltif edib. Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələri və kolleclərə ünvanlanan təşəkkür məktubları həmin tədris ocaqlarının nümayəndələrinə təqdim olunub.
Aytən ZƏHRA