Modern.az

“Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaqla Rusiyadan dəstək alacaq”

“Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaqla Rusiyadan dəstək alacaq”

10 İyul 2015, 16:18


Rusiya prezidenti Vladimir Putin Azərbaycan, Ermənistan, Nepal və Kambocanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) partnyor kimi iştirak edəcəklərini bildirib.

Kreml rəhbəri ŞƏT dövlət başçılarının Şura iclasında çıxışı zamanı adıçəkilən ölkələrin dialoq üzrə tərəfdaş kimi ŞƏT ailəsinə qoşulmaq istədiyini bəyan edib. Vladimir Putin qeyd edib ki, ŞƏT-in işində iştirak etmək istəyən başqa dövlətlər də var. Politoloq Qabil Hüseynli Modern.az saytına bildirib ki, Azərbaycan ŞƏT-ə qoşulmaqla Rusiyadan bir çox məsələlərdə dəstək alacaq:

“Azərbaycan qoşulmayanlar hərəkatının üzvüdür. Bloklara qoşulmur. Şanxay Əməkdaşlıq Təşkilatı iqtisadi blokdur. Azərbaycan siyasi və iqtisadi orientasiyasını dəyişmək fikrindədir. Bu o deməkdir ki, Azərbaycan qərblə əlaqələri minimuma endirə bilər. Düzdür, qərblə əlaqələrdən imtina məsələsi gündəlikdə yoxdur.

Əgər ŞƏT-ə qoşulsa, bu o deməkdir ki, qərblə münasibətləri minimuma endirib azaldacaq, yeni siyasi və iqtisadi münasibətlər quracaq. Burada Rusiyanın təkidinin olduğunu sezməmək mümkün deyil. Rusiyanın sevinclə bunu bəyan etməsi onu göstərir ki, Rusiya Azərbaycanın onların yanında olmasını çox istəyir.

Çünki Azərbaycan bölgənin ən güclü və qüdrətli dövlətidir. Azərbaycan özünün bütün potensialı ilə Rusiya ilə birlikdə çox şeyləri tamamlaya bilər. Amma Azərbaycan ŞƏT-ə Qırğızıstan kimi ehtiyac və problemlərə görə qoşulmur. Azərbaycanın qoşulmasının əsas səbəbi Rusiyaya dəstək verməkdir. Belə olduğu halda Rusiya da Azərbaycana doğru addımlar atmalıdır. Söhbət Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən gedir. Rusiya bu məsələ barəsində Azərbaycana vəd verib. Bu vədi də yerinə yetirməlidir. Azərbaycan ŞƏT-ə daxil olmur. Amma daxil olmaq arzusunda olduğunu bildirir. Eyni zamanda, Rusiya tərəfindən də Azərbaycanın müəyyən niyyətlərinin həyata keçirilməsinə şərait yaratmalıdır. Bizim Rusiyadan əsas istəyimiz odur ki, Ermənistana köməyini dayandırsın.

Ermənistan və Azərbaycan münasibətlərində neytral mövqe tutsun. Heç olmasa, bir müddətlik neytral olsun, biz ərazi bütövlüyümüzü təmin edək. Azərbaycan ordusu bunu bacarar. Amma Rusiya bu proseslərə qoşulmamalıdır. Mən bildiyimə görə, Rusiya artıq bununla bağlı vəd verib.

Görək,  hadisələr necə inkişaf edəcək. Azərbaycan Rusiyanın dediklərini etməyə hazırdır. Rusiyada Azərbaycanın xahişlərini yerinə yetirməyə hazır olmalıdır. Azərbaycan ŞƏT-ə qoşulduğu halda qərblə münasibətlərə də təsir edəcək. Amma Azərbaycan çalışacaq ki, qərblə də münasibətləri pozmasın.

Çünki qərbin əsas enerji mənbələrindən biridir. Qərb bazarına çıxmaq gündəmdə qalır. Çünki qərblə də ticarət əlaqələri var. Azərbaycan bundan imtina etməyəcək.

Necə ki, ŞƏT-ə daxil olmaq istəyən Rusiya və digər üzvlər imtina etmir. Yəni Azərbaycan qərblə münasibətləri soyuq saxlamayacaq. Əgər ŞƏT-ə qoşulsa, bir çox məsələlərdə üstünlüyü ona verəcək”.

Sevinc Yasinqızı

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiya NATO-ya qoşulur?