2014-cü ilin 11 iyul tarixi Kəlbəcərdə öldürülmüş Cəbrayıl rayonundan məcburi köçkün Həsən Həsənovun anım günüdür. Sosial şəbəkədə yaradılan “Cəbrayılım” qrupunun təşkilatçılığı ilə bu gün bir qrup adam “20 yanvar” metrostansiyasının yaxınlığındakı “Şəhidlər” abidəsinin önünə toplaşaraq, mərhumun Binəqədi rayonundakı qəbrini ziyarət etməyə yollanıblar.
Modern.az saytı xəbər verir ki, bu, Həsən Həsənovun ilk il mərasimidir. Ziyarətə gələnlər içərisində Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Arif Fərzəliyev, keçmiş döyüşçü Vaqif Əlisoy, Qarabağ Azadlıq Təşkilatının üzvləri, Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı, eyni zamanda yaxın qohumlar və dostları iştirak ediblər.
Mərasimdə “Şəhidlər ölməz, vətən bölünməz!” şüarı səsləndirilib.
1978-ci ildə Cəbrayıl rayonunda anadan olan Həsən Həsənov 2014-cü ilin iyulun 9-da Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birgə işğal altındakı Kəlbəcər rayonuna gedib. İyulun 11-də ermənilər tərəfindən öldürülərək Dağlıq Qarabağda dəfn edilib. Uzun danışıqlardan sonra Azərbaycan vətəndaşı Həsən Həsənovun nəşi ötən il oktyabrın 2-də qarşı tərəfdən alınaraq yaxınlarına təhvil verilib. Mərhum Binəqədi qəbiristanlığında dəfn edilib.
Gülşən RAUFQIZI