İyul ayının 10-da Mərkəzi Bankın (MB) sədri Elman Rüstəmovun bank rəhbərləri ilə görüşündə bank sektorunun bir sıra aktual məsələləri, o cümlədən maliyyə xidmətlərinə çıxış, faiz dərəcələri və məsuliyyətli kreditləşmə ətraflı müzakirə olunub. Mərkəzi Bankın İdarə Heyəti iyulun 13-dən uçot dərəcəsinin 3,5 faizdən 3 faizə endirilməsi barədə qərar qəbul edib.
Qəbul edilən qərarın kommersiya banklarına və vətəndaşlara hansı təsirləri ola bilər?
İqtisadçı Natiq Cəfərli Modern.az saytına bildirib ki, müxtəlif müzakirələr aparılsa da, görüşdən hər hansı ciddi qərar gözləmək yersizdir: “Çünki Mərkəzi Bankın heç bir kommersiya bankına inzibati təsir mexanizmi yoxdur, bu səbəbdən hər hansı kommersiya bankına fəaliyyət istiqamətini tənzimləmək üçün direktiv əmr, yaxud göstəriş verə bilməz”.
Ekspert Mərkəzi Bankın əmr verərək faiz dərəcələrini aşağı salacağına dair cəmiyyət arasında formlaşan səhv gözləntilərə də diqqət çəkib:
“Mərkəzi Bankın belə bir səlahiyyəti yoxdur. Əlində olan yeganə vasitə kommersiya bankları ilə münasibətləri tənzimləyən qaydalardan ibarətdir. Mərkəzi Bank bu vasitələrdən birindən, uçot dərəcələrini aşağı salmaqla istifadə etdi. Uçot dərəcəsi 3,5 faizdən 3 faizə endirildi. Bununla banklara 0,5 faiz daha ucuz kreditlərə çıxış imkanı yaradıldı.
Digər məsələ likvidliyin (pul kütləsinin artıb-azalması) artırılmasıdır. Mərkəzi Bankın son qərarından görünən odur ki, kommersiya banklarının manata çıxış imkanlar genişlənəcək”.
Natiq Cəfərli uçot dərəcələrinin aşağı salınmasının kredit faizlərinə ciddi təsirini gözləmir: “Düşünürəm ki, rəqabətli mühitin yüksəldilməli, xarici bankların ölkəyə birbaşa girişi təmin olunmalıdır ki, faizlər rəqabətli şəkildə aşağı düşsün. Təkcə uçot dərəcəsini aşağı salmaqla kredit faizlərinin azaldılmasına nail olmaq mümkün deyil.
Uçot dərəcələrinin aşağı salınmasının vətəndaşlara təsiri dolayıdır. Uçot dərəcəsi vasitəsilə Mərkəzi Bank daxili banklara rezervlərindən kredit verir. Mərkəzi Bank dünən atdığı addımla kommersiya banklarına bir növ mesaj verdi: “Biz güzəşt edib uçot dərəcəsini azaltdıq, siz də faizləri azaldın”.
Bir daha təkrar edirəm ki, uçot dərəcəsinin cəmi 0,5 faiz aşağı salınmasının kreditlərə kəskin təsiri mümkünsüzdür. Ola bilər ki, bir faiz civarında azalma baş versin, amma ciddi azalma gözlənilmir”.
Gülşən RAUFQIZI