Fransa mətbuatında yayılan xəbərlərə görə, azərbaycanlı deputat Fransanın Kolmar şəhərinin “Fəxri səfiri” elan olunub.
Modern.az xəbər verir ki, Kolmar meriyasında bu məqsədlə düzənlənmiş xüsusi tədbirdə şəhər meri Jilber Meyer “Fəxri səfir” etimadnaməsini Azərbaycan – Fransa parlamentlərarası dostluq qrupunun üzvü, Şəki şəhərindən seçilmiş deputat Cavanşir Feyziyevə təqdim edib.
Son illərdə Azərbaycan-Fransa əlaqələrinin hərtərəfli inkişafından danışan Jilber Meyer bir neçə ay əvvəl Kolmar və Şəki şəhərlərinin qardaşlaşması haqqında saziş imzalandığını bildirib.
Azərbaycanlı deputata göstərilən etimadı isə şəhər meri deputat Cavanşir Feyziyevin Fransa tarixinə və mədəniyyətinə yaxından bələd olması, fransız dilində sərbəst danışması və Fransa-Azərbaycan mədəni əlaqələrinin inkişafına töhfələr vermək imkanlarına malik olması ilə əsaslandırıb.
Mer bildirib ki, bu etimadnaməyə malik olan şəxs “Kolmarın səfiri” adlanır, yaşadığı və əmək fəaliyyəti ilə məşğul olduğu ərazilərdə Kolmar vilayəti adından çıxış etmək və həmin ərazilərlə Kolmar arasında qarşılıqlı əməkdaşlığın inkişafı naminə fəaliyyətlər göstərmək səlahiyyətləri əldə edir.
Cavab nitqi ilə çıxış edən deputat Cavanşir Feyziyev son illərdə Heydər Əliyev Fondu tərəfindən Fransada həyata keçirilən çoxsaylı mədəniyyət tədbirləri haqqında danışaraq bu tədbirlərin Azərbaycanın Fransa ictimaiyyətinə tanıdılmasında mühüm rol oynadığını qeyd edib.
Şəki və Kolmar şəhərlərinin qardaşlaşmasının da bu istiqamətdə aparılan işlərin tərkib hissəsi olduğunu vurğulayan deputat iki şəhər arasında təhsil, mədəniyyət və turizm sahələrində geniş əməkdaşlıq imkanlarının olduğunu qeyd edib.
Göstərilən etimada görə Kolmar şəhər meriyasına təşəkkür edən Cavanşir Feyziyev Şəki və Kolmar şəhərləri arasında mədəni-humanitar əlaqələrin güclənməsi üçün əlindən gələni edəcəyini bildirib.
Xatırladaq ki, deputat C. Feyziyev Kolmar şəhər meriyasının dəvəti ilə 14 iyul - Fransa Milli Bayramına həsr olunmuş tədbirlərdə iştirak etmək üçün hal-hazırda Fransanın Kolmar şəhərindədir.
Modern.az