Modern.az

ATU-nun tədris-cərrahiyyə klinikasında varikoz ən müasir metodla müalicə olunur

ATU-nun tədris-cərrahiyyə klinikasında varikoz ən müasir metodla müalicə olunur

14 İyul 2015, 10:32

 Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında Türkiyənin Ege Universitetinin mütəxəssislərinin iştirakı ilə varikoz xəstəliyinin ən son müalicə metodu olan “Variclose” sistemi ilə “sianakrilatla embolizasiya” adlanan unikal cərrahi əməliyyat icra edilmişdir. Bu əməliyyat nəinki Azərbaycanda, hətta MDB məkanında aparılan ilk əməliyyatdır.

Modern.az xəbər verir ki, ATU-nun professoru, tibb elmləri doktoru, Dünya və Avropa Damar Cərrahları Assosiasiyasının üzvü Məhəmməd Kərimovun sözlərinə görə, dünyada son illər varikoz xəstəliyinin müalicəsində kimyəvi  ablasiya metodları tətbiq olunmaqdadır. Ancaq kimyəvi ablasiya uzun illər daha çox skleroterapiya şəklində istifadə olunurdu. Lakin son 2-3 il ərzində ABŞ, Böyük Britaniya və Almaniyada varikoz xəstəliyinin müalicəsində N-butil sianakrilat deyilən yapışqanın istifadəsinə  həsr olunmuş tədqiqatlar başlanıldı. Tədqiqatların nəticələri uğurlu oldu, embolizasiyanın yüksək effektliyini və təhlükəsizliyini, eyni zamanda texniki icrasının daha asan olduğunu göstərdi.Bir neçə gün bundan öncə işini qurtarmış XXI Avropa Venoz Forumunda çıxış edən görkəmli tədqiqatçılar (prof.N.Morrison, prof.A.Davie, prof.T.Probstle) müalicənin erkən nəticələrini çox yüksək qiymətləndirərək, onun geniş perspektivlərindən danışdılar.Verilən məlumata görə sianakrilatla embolizasiya olunan xəstələrin sayı dünyada 2000–i keçmişdır.

Bu əməliyyat metodu dünyada 2 növ texnologiya ilə icra olunur.Çox fərəhləndirici haldır ki, onlardan biri türk texnologiyasıdır, beynəlxalq səviyyədə qəbul olunmuş və “Variclose” adlanır. Biz də öz işimizdə məhz bu texnoloiyadan istifadə edirik.Bu müalicə metodu varikoz xəstəliyinin müalicəsində ən son yenilik olmaqla yanaşı, lazer və radiofrekansla terapiyadan  fərqli olaraq qansızmalarla müşayiət olunmur.Digər üstünlüyü isə ümumi və yerli ağrısızlaşmaya ehtiyacın olmaması, əməliyyatdan sonra kompression corabdan istifadə edilməməsidir.Xəstə əməliyyatdan sonra 1 saat ərzində klinikanı tərk edir və özünün gündəlik iş və  həyat tərzində heç bir dəyişiklik etmir.

Bu müalicə metodu ilə daha yaxından tanış olmaq məqsədi ilə    universitetin professoru M.Kərimov Türkiyənin EGE universitetində  olmuş, cərrahi əməliyyatlarda iştirak edib, əməliyyatdan sonra 3 gün xəstələrin vəziyyətini izləmişdir. Yeni müalicə  metodunun yüksək effektivliyinə və təhlükəsizliyinə əmin olunduqdan sonra Türkiyəli mütəxəssislər  ATU-nun Tədris-Cərrahiyyə Klinikasına dəvət olunublar və onların iştirakı ilə 6 pasientdə əməliyyat icra olunmuşdur.Qeyd edək ki, əməliyyatlar yüksək səviyyədə keçmiş, xəstələr özlərini çox yaxşı hiss edirlər.

Prof.M.Kərimov onu da qeyd etdi ki, “Biz Universitet klinikası olaraq  qarşımıza qoyduğumuz əsas məqsəd, dünyada bu sahədə olan bütün yenilikləri, o cümlədən də hələ ki ən son metod hesab olunan “Variclose” ilə embolizasiya əməliyyatlarını vaxtında müalicə işimizdə tətbiq edib, varikozdan əziyyət çəkən insanlara adekvat yardım göstərməkdən ibarətdir”.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama