İyulun 13-də 13 saylı həbsxanada cəza çəkən məhbus jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin ailəsi ilə qısamüddətli görüşü baş tutmayıb.
Jurnalistin həyat yoldaşı İlahə Həşimli Modern.az saytına bildirib ki, buna səbəb qızı Zeynəbin xəstələnməsi olub: “Qızım Zeynəb xəstələndiyi üçün Pərvizlə görüşə gedə bilmədik. Amma Pərvizin atası Kamran Həşimli Gəncədən gəlib oğlu ilə görüşdü. Atası deyir ki, Pərvizin səhhəti və saxlanma şəraitindən şikayəti yoxdur. Bizim görüşə getməməyimizə görə, çox narahat olub. Amma telefon əlaqəsi saxlayıb Zeynəblə danışdı. Bu, onu bir az rahatladıb”.
Pərviz Həşimlini 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. “Amnesty İnternational” təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.
Yeganə OQTAYQIZI