Millət vəkili Qənirə Paşayeva Tovuzun böyük kəndlərindən olan Cəlillidə uşaqlar, gənclər üçün "Kitablar ən etibarlı dostlardır" adlı tədbir keçirib.
Modern.az xəbər verir ki, bir sıra müəllim və kənd ziyalıları bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunaraq kitabla bağlı belə görüşlərə böyük ehtiyac olduğunu, uşaqlarla müzakirələrə və onların hər birinə kitab hədiyyələrinə görə millət vəkilinə təşəkkürünü bildiriblər.
Tədbirdə qarşıdan gələn Ramazan bayramı münasibəti uşaqları təbrik edərək onlara uğurlar diləyən, onlarla bir arada olmaqdan məmnun olduğunu dilə gətirən Qənirə Paşayeva müsəlman dünyasının müqəddəs bir ayında – on bir ayın sultanı Ramazan ayında uşaqlarla görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb və onların hər birinə həyatda arzularına çatmalarını diləyib.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar.
O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual ,vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir.
Q.Paşayeva hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməyə çağırıb. Qənirə Paşayeva hər bir uşaqla ayrıca söhbət edib, kitablarını onlara imzalı hədiyyə edib və kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən,onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib. O, uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamandan faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb.
Uşaqları yay tətili dövrlərində xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verlişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”.
Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir deyib və gəncləri bu zərərli vərdişlərdən tamam uzaq durmağa çağırıb və bu barədə geniş söhbət ediblər.
Görüşün sonunda Q.Paşayeva uşaqlara, gənclərə və müəllimlərə müəllifi olduğu kitabları imzalı hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu kitablar hədiyyə edib.
Modern.az