Bakının başıbəlalı “Sovetski” məhəlləsindən yeni xəbər var. Qeyd edək ki, bu xəbər hər hansı müsbət dəyişiklik və ya qərarla bağlı deyil. Sökülən evlərin dağıntıları “Sovetski”nin dar küçələrini daha da daraldaraq keçilməz edib. Xarabalığı xatırladan dağıntılar arasıda peyda olan ilanlar isə ayrıca təhlükə mənbəyinə çevrilib. Mütəxəssislər ilanların məhz isti aylarda diqqətsiz, uçuq-dağılmiş ərazilərdə peyda olduğunu xüsusi vurğulayırlar.
Yasamal Rayon İcra Hakimiyyətinin memarı Eyvaz Bağırov isə Modern.az saytına məsələdən xəbərsiz olduğunu deyərək faktı təkzib edib: “Bunu birinci dəfə sizdən eşidirəm. Belə hal və bununla bağlı hər hansı şikayət almamışıq”.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12 dekabr tarixli 2013-cü il tarixli sərəncamına əsasən, söküntü ərazisinə düşən 10 min 500-dək yaşayış və qeyri-yaşayış sahəsində 6 mərhələ üzrə ölçü və inventarlaşdırma işləri aparılmalıdır. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə həyata keçirilir.
Gülşən RAUFQIZI