“Azərbaycan prezidentinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair iclasda verdiyi tapşırıqlarla bağlı qeyd etmək istəyirik ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən artıq müvafiq işlərə başlanılıb”.
Bu haqda Modern.az-a Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov məlumat verib. O qeyd edib ki, mehmanxanalarda qiymətlərin tənzimlənməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyi arasında birgə təkliflər hazırlanır:
“Mehmanxana menecerləri ilə bu sahədə aparılan iş davam etdiriləcək. Elektron turist vizasının qısaldılması ilə bağlı müvafiq nazirliklə birlikdə təkliflər paketi hazırlanacaq və qısa zamanda icra olunacaq”.
Vüqar Şıxəmmədovun sözlərinə görə, ölkə başçısının verdiyi tapşırıqlar İlham Əliyevin bir daha Azərbaycan turizmin inkişafına qayğısını göstərir: “Ölkə başçısı Azərbaycanın hər bir vətəndaşının ölkə daxilində istirahətini də düşünür. Bizim də üzərimizə düşən vəzifə ondan ibarətdir ki, bu tapşırıqları qısa zamanda icra edək”.
Aytən ZƏHRA