İyulun 14-də Bakı Apelyasiya Məhkəməsində həbsdə olan Müsavat Partiyası başqanının müavini Fərəc Kərimovun növbəti məhkəmə prosesi keçirilib.
Vəkil Nemət Kərimli Modern.az saytına bildirib ki, prosesdə Fərəc Kərimov da iştirak edib: “Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərəc Kərimov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu gün hökmdən verilən apelyasiya şikayətinə baxış keçirildi. Bizim tələbimiz ondan ibarət idi ki, Fərəc Kərimovun həbsi qanunsuz və əsassız olduğu üçün bəraət hökmü çıxarılsın.Təəssüf ki, Apelyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxladı, şikayət təmin olunmadı”.
Fərəc Kərimov 2014-cü il iyulun 23-dən həbs edilib. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham edilir. Fərəc Kərimov 2015-ci il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Tutulan vaxt Fərəc Kərimov Müsavatçı Gənclər Təşkilatının Nəzarət Təftiş Komissiyasının sədri, partiyanın rəsmi internet səhifəsinin idarəçisi olub, bloqçu fəaliyyəti göstərib. Həbsdə olduğu vaxt isə Müsavat başqanının müavini təyin edilib. Onun 2013-cü il iyulun 17-də tutulan qardaşı Sirac Kərimliyə də eyni ittiham irəli sürülüb. O da 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Fərəc və Sirac qardaşlarının müdafiəçiləri həbsləri siyasi motivlərlə bağlayır.
Yeganə OQTAYQIZI