Bu gün Beynəlxaq Mətbuat Mərkəzində nasir, publisist, 1955-ci ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1992), Əməkdar incəsənət xadimi (1984) Sabir Əhmədlinin “Biz yenə qayıdacağıq” adlı kitabının təqdimat mərasimi keçirilib.
Modern.az saytı xəbər verir ki, ailə üzvlərinin təşəbbüsü ilə təşkil edilən tədbirdə deputatlar Sabir Rüstəmxanlı və Aqil Abbas, ailə üzvlərindən- həyat yoldaşı Şaban xanım, qızı Yaqut xanım, oğlu Etibar bəy, eyni zamanda bir çox şair və yazıçılar iştirak edib. Qeyd edək ki, tədbirə Yazıçılar Birliyindən hər hansı nümayəndə gəlməyib.
Sabir Əhmədli ilə bağlı xatirələrini bölüşən Sabir Rüstəmxanlı belə bir yazıçının yubileyinin “Natəvan” klubunda keçirilməsi təklifini irəli sürüb. Və qeyd edib ki, bu tədbiri Yazıçılar Birliyi həyata keçirməlidir.
Aqil Abbas mərhum yazıçıdan söhbət açarkən deyib ki, “Sabir müəllim Binəqədi qəbristanlığını Fəxri xiyaban elədi”.
Sabir Əhmədli 1930-cu il iyulun 10-da Cəbrayıl rayonunda anadan olub. ADU-nun filologiya fakültəsini bitirib. “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, baş redaktor işləyib.
İkinci dünya müharibəsi qəhrəmanı Cəmil Əhmədovun qardaşıdır. Sabir Əhmədlinin oğlu Məhəmməd Qarabağ müharibəsində şəhid olub.
Gülşən RAUFQIZI