Modern.az

“İnsanlar yazdıqlarımızın hamısına yalan kimi baxır“ - MÜSAHİBƏ

“İnsanlar yazdıqlarımızın hamısına yalan kimi baxır“ - MÜSAHİBƏ

14 İyul 2015, 13:54

Milli Mətbuatımızın 140 illiyi təntənəli şəkildə qeyd ediləcək. Milli mətbuatın yubiley tədbirlərinin keçirilməsilə əlaqədar dövlət başçısı müvafiq sərəncam imzalayıb və artıq bu istiqamətdə tədbirlər həyata keçirilməkdədir. Maraqlıdır, mətbuatımız hazırda hansı mərhələsini yaşayır, qarşıda duran hədəflər nədən ibarətdir?

Bununla bağlı “Modern.az” saytının baş redaktoru, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı "Olaylar"a müsahibə verib.

- Elşad müəllim, hazırda ölkədə Milli Mətbuatın 140 illiyinin qeyd edilməsi ilə bağlı hazırlıq işləri aparılır, silsilə tədbirlər keçirilir. Necə hesab edirdiniz, Milli mətbuatımız ötən 140 ildə hansı uğurlara imza ata bilib?

- Bunun üçün öncə mətbuatımızın 140 il ərzində keçdiyi yola nəzər salmaq, ayrı-ayrı dövrləri incələmək lazımdır. 140 il çox uzun zaman olmasa da hadisələrin zənginliyi, keşməkeşliyi baxımından bir neçə əsrə bərabər tarixdir. Nəticə etibarilə onu deyə bilərik ki, bu gün müstəqil Azərbaycan var. Müstqəil Azərbaycan dövlətinin demokratik təsisatları formalaşıb. Və ən nəhayət, oturuşmuş mətbuat mövcuddur. Bir daha demək istəyirəm ki, bu 140 ilin müxtəlif dövrlərində zamana uyğun olaraq milli mətbuatımız gah inkişaf edib, gah da əksinə. Hər halda bu gün Azərbaycan jurnalistikasının 140 illik tarixi var. Bu tarix şərəfli, ləyaqətli tarixdir.

- Mətbuatımızın inkişaf səviyyəsini necə səciyyələndirərdiniz? Hazırda mətbuatımız hansı mərhələsini yaşayır?

- Söhbət indiki mərhələdən gedirsə, media yeni bir fazaya keçib. Hər bir yenilik öz inkişaf dinamikası ilə yanaşı, həm də problemləri ilə də müşayiət olunur. Bunu internet mediaya şamil etmək olar. Klassik mətbuat isə dünyanın hər yerində internet mediasından arxa plana keçib və bu günün gerçəkliyidir. Ancaq mən düşünürəm ki, indi biz mətbuatımızın inkişafını xarakterizə edərkən dünya səviyyəli azərbaycanlı jurnalistlərin olub-olmaması məsələsinə diqqət çəkməliyik. Varmı? Varsa çox yaxşı, yoxdursa, mütləq bu sahə ilə bağlı düşünmək lazımdır. Mənə elə gəlir ki, bu, çox mühüm məsələdir.

- Azərbaycan mətbuatının ictimai rəyə təsir imkanlarını necə dəyərləndirisiniz? 

- Əslində bu sualı belə də qoymaq olardı: İndi mətbuat ictimai rəyə niyə az təsir edir? Bilirsiniz, mətbuat kimsənin şərəf və ləyaqətini tapdalayanda, çayxana söhbətlərini cəmiyyətə sırıyanda təbii ki, istimai rəyə təsir imkanını itirməyə başlayacaq. Burada vəziyyətin bu şəkil almasında jurnalistlər də təqsirkardılar. Çünki belədə doğru ilə yalan qarışdırılır. İnsanlar hansı yazının doğru, hansı yazının yalan olduğunu kəsdirə bilmirlər. Nəticədə nə olur? Bütün yazılara yalan kimi baxılır. Yalan isə heç bir rəy formalaşdıra bilməz. Sən sabah bir məmur barədə doğru, sağlam tənqid yazanda ona da inanmayacaqlar. Və nəticədə belə fikir formalaşır: Mətbuat yalan yazır. Bu məsələdə ayrı-ayrı məmurların da az təqsiri yoxdur. Sadaladıqlarım məsələnin problemli tərəfidir. Ancaq təbii ki, sağlam tənqidə normal yanaşan, yazılanlardan nəticə çıxaranlıar da az deyil. Ona görə də media ictimai nəzarət funksiyasını sağlam, tərəfsiz, sifarişsiz, milli və dövləti maraqlara uyğun yerinə yetirməlidir.

- Necə hesab edirsiniz, mətbuatımız dövlətin maraqlarının müdafiəsində üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilirmi?

- Bu suala cavab vermək üçün ötən ilin təxminən bu vaxtlarında düşmənlə təmas xəttində baş verən hadisələrə ölkə mediasının münasibətini yada salmaq kifayət edir. O zaman mən ölkənin aparıcı 8 mətbu orqanının müxbirləri ilə birgə cəbhə xəttinə getdim. Biz 4 gün müddətində cəmiyyətə doğru xəbərlər çatdırdıq. Nəticədə xoşagəlməz məqamlar aradan qalxdı. Mən hesab edirəm ki, bəzən jurnalistikanın vətəni olmur kimi kosmopolit düşüncələr yersiz ekzotikadır. Şəxsən mənim üçün jurnalistika vətəndən sonra gəlir. Amma qeyd etdiyim fikirləri səsləndirənlər, dünyanın aparıcı ölkələrinin mediasını özlərinin kumiri hesab edənlər baxsınlar, bir dəfə ABŞ mətbutı İraqda Amerikanın törətdiyi haqsızlıqlarla bağlı bir yazı dərc etdimi? Gözümüzün qabağında baş verən Xocalı soyqırımı barədə Ermənistan mətbuatı erməniləri heç olmasa qınadımı? Xeyir! Səbəb isə sadə və aydındır. Ona görə də hər bir azərbaycanlı jurnalist dövlətinin qoruyucusu olmalıdır. Fikrim yanlış anlaşılmasın, onu da deməliyəm ki, burada söhbət məddah yazılarından getmir.

- Azərbaycan mətbuatının peşəkar jurnalistikadan əziyyət çəkdiyi bildirilir. Sizcə mətbuatın kadr potensialı hansı səviyyədədir? 

- Peşəkarlar bütün sahələrdə azalıb. Eyni hal jurnalistikada da mövcuddur.

- Sizcə Azərbaycan jurnalistləri Həsən bəy Zərdabi ənənələrini davam etdirə bilirlərmi?

- Azərbaycan Prezidenti “Əkinçi”nin 140 illiyi ilə bağlı sərəncam verib və bu sənəd Həsən bəy Zərdabi şəxsiyyərinə ən böyük qiymətdir. Hər dövrün öz tələbi olur. Təbii ki, indi “Əkinçi” kimi bir qəzetə ehtiyac yoxdur. “Əkinçi” 19-cu əsrin sonları üçün həyati vacib idi. Fikirlərimə əks arqumentlər gətirilə bilər. Ancaq bu, mənim fikrimdir. Zərdabi ənənələri Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında müstəsna rol oynayıb. Bir neçə nəsil aydınların formalaşmasında “Əkinçi”nin xüsusi xidmətləri olub. Qeyd etdiyim kimi, bu gün isə tamam başqa dünyada yaşayırıq. Tələblər də başqadır. Mənə görə indi Həsən bəy Zərdabi ənənələrini davam etdirmək “Əkinçi” qəzeti çap etdirmək deyil, dünya səviyyəsinə çıxmaqdır, qərəzsiz, doğru, dürüst yazılar yazmaqdır. Yeri gəlmişkən, Parlament Jurnalistlər Birliyi yeganə jurnalist təşkilatıdır ki, ilk dəfə ölkədən kənarda, Türkiyədə “Əkinçi”nin bütün nəşrlərini kitab halında çap etdirib. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Hətta sizə onu da söyləyim ki, kitabın Türkiyədə təqdimatında 300-dən artıq jurnalist iştirak ediridi və hər kəs Azərbaycanda yazılı medianın 1875-ci ildən başlamasına bir az da təəccüblə, həsədlə baxdılar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama