Modern.az

Deputat şəkər xəstələrinin dözülməz vəziyyətindən DANIŞDI: “Dərmanpulu kartlarına yatırılsın”

Deputat şəkər xəstələrinin dözülməz vəziyyətindən DANIŞDI: “Dərmanpulu kartlarına yatırılsın”

14 İyul 2015, 14:40

“Problemlər həqiqətən də var. Sağ olsun cənab prezident ki, hamımızı narahat edən məsələləri qaldırdı”.

Bunu Modern.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Elmira Axundova ölkə başçısının 6 ayın yekunlarına həsr olunan tədbirdə dərman pereparatlarının qiymətilə bağlı tutduğu iradlara münasibət bildirərkən deyib.

O həqiqətən də aptek sistemində pərakəndəlik olduğunu qeyd edib: “Mən özüm diabet xəstəsiyəm, yoldaşım da xəstə insandır. Bu səbəbdən də apteklərə tez-tez müraciət edirik. Məsələn, əgər hansısa dərman “Elit” aptekdə 15 manatadırsa, “AVİS” aptekdə 25 manatadır. Doğrudur “AVİS”dən istənilən dərmanı əminliklə, rahat bir şəkildə almaq olar. Xidmətləri yüksək səviyyədədir, amma həddən artıq bahalıdır. Ya da  “Alman” aptekini götürək. Burada da hamı bilir ki, təmiz və keyfiyyətli dərmanlar satılır.

Mən daha çox “Novonorm” dərmanını alıram. Onun qiyməti Azərbaycanda Avropa ilə müqayisədə çox bahadır. Mən bu dərmanı Fransadan alanda 90 dənəsinə 11 avro ödədim. Azərbaycanda ”Alman” aptekində həmin “Novonorm”un 30 dənəsi 50 manatadır. Axı bunu kim ala bilər?! Kim üçün satırsınız?! Bu aptekdəki dərmanları adi adamlar ala bilər?! Əlbəttə, yox. Bu deməkdir ki, bizdə varlılar və kasıblar üçün apteklər formalaşır. Deməli öləndə varlılar üçün qəbristanlıqlara, xəstələnəndə varlılar üçün apteklərə getməyə məcbur edilirik”.


E.Axundova xarici ölkələrdə müxtəlif apteklərdə eyni dərmanın qiymətində fərq olmadığını vurğulayıb: “Mən Parisdə beş apteki gəzdim eyni dərmanın qiyməti hamısında eyni idi. Bu o deməkdir ki, orda hamı kasıbdır?”.

Parlament üzvü diabet xətələrilə bağlı vəziyyətin dözülməz olduğunu diqqətə çatdırıb: “Daha Fransada, Almaniyada diabet xəstələrinin pul ödəyib bir dənə də olsun dərman almadıqlarını demirəm. Azərbaycanda tibb müəssisələrində qeydiyyatda olsaq da, bizə lazım olan diabet dərmanları yoxdur. Bu da bir problemdir. Bu mənim millət vəkili kimi yaşadığım problemdir.

Ölkədə xüsusilə diabet xəstələrinin dərmanları ilə bağlı vəziyyət dözülməzdir. Əvvala pulsuz olan dərmanlar çatışmır, ikinci həkimlərin yazdığı dərmanlar poliklinikalarda yoxdur, üçüncü isə növbələr çox olur. Yaşlı-cavan xəstə insanlar növbələrdə stress keçirir. Seçicilərimdən çox sayda insan bu problemlə bağlı mənə müraciət edib, insanlar çarəsizdir. Mən təklif edirəm ki, diabet xəstələri üçün ildə 130 manata qədər ayrılan dərmanpulu xüsusi kartlara yatırılsın. Kimin hansı dərmana gücü çatır, özü getsin alsın, növbələrdə vaxt və əsəb itirməsin. Bu sadaladıqlarım eyni zamanda vərəm xəstələrinə də aiddir”.

Deputat həkimlərin pasiyentləri həddindən artıq çox, həm də xüsusi faizlər aldıqları apteklərə yönəltmələrinə də münasibət bildirib:

“Bəzən həkimlər o qədər lazımsız dərmanları reseptə yazır ki, pul çatdırıb ala da bilmirsən. Mənim köməkçimin anası ağır xəstələnib, onun yüksək təzyiqi var. Həkimə müraciət etdilər. Həkim ona 10 dənə dərman yazıb, hansı ki, onların bu dərmanı almağa heç imkanı da yoxdur. Məcburən borca girib dərmanları aldılar. Xəstə dərmanları qəbul edəndən sonra halı daha da pisləşib. Başqa bir həkimə gediblər, bu dəfə həkim dərmanlara baxıb dəhşətə gəlib. Əvvəl yazılan dərmanların əvəzində bircə, özü də ucuz dərman yazıb. Hansı ki, xəstəyə çox yaxşı kömək edib. Vəziyyət budur...

Bizdə çox bacarıqlı həkimlər var, amma bəziləri içdikləri “Hippokrat andı”na sadiq qalmırlar. Vəziyyət həqiqətən də narahatedicidir. İnsanlara hansı dərmanları sırıyırlar, hansı aptekdən almağa məcbur edirlər, qiyməti, reseptli-reseptsiz olması kimi nöqsanlar var. Mən inanıram ki, prezidentin çıxışından sonra bu problemlər öz həllini tapacaq”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama