Nazirlər Kabinetinin iyulun 13-də keçirilən toplantısında prezident İlham Əliyev bəzi nazirliklərə sərt xəbərdarlıq edib. Vergilər Nazirliyi də tənqidə məruz qalanlar sırasındadır.
Modern.az saytı xəbər verir ki, sahibkarlığın inkişafı barədə danışan Prezident bir sıra hallarda onlara qarşı qanunsuz tələblərin irəli sürüldüyünü bildirib.
Vergilər Nazirliyinin vergilərin toplanmasında özünü sərt apardığını vurğulayıb. İlham Əliyev deyib ki, nazirlik vergiləri qanuni şəkildə toplamağa çalışmalı, əsassız ödəmələr tələbi irəli sürməməli, sahibkar yalnız dövlətin pulunu ödəməli, başqa heç kimə bir manat da verməməlidir.
Qeyd edək ki, ölkə başçısının dünənki çıxşı artıq öz səmərəsini verib.
Məlum olduğu kimi hazırda Azərbaycanda biznes mühitini korlayan əsas səbəblərdən biri vergi məmurlarının kommersiya strukturları ilə kefləri istəyən şəkildə davranmaları və onları qanunsuz şəkildə istismar etmələridir.
Modern.az saytına daxil olan məlumata görə, bir müddət əvvəl Vergilər Nazirliyinin başlatdığı reydlər bu gün də davam etdirilib.
Yersiz müdaxilə və yoxlamalardan təngə gələn orta və iri sahibkarlar, iş adamları prezident İlham Əliyevin çıxışını əsas gətirərək, onlardan tələb olunan qanunsuz ödəmələri ödəməkdən imtina edirlər.
Sahibkarlar nazirlik əməkdaşlarının üzərinə qalxaraq, bütün yoxlamaların qanuni əsasda aparılmasını tələb ediblər.
Ölkə başçısının dünənki çıxışını və tapşırıqlarını xatırladandan sonra nazirlik əməkdaşları yoxlama apardıqları müəssisələri tərk ediblər.
Bu hal Bakı ilə yanaşı, bir neçə rayonda da baş verib.
Gülşən RAUFQIZI