Modern.az

“Dövlət büdcəsində ciddi kəsirlər gözlənilir” - Qubad İbadoğlu

“Dövlət büdcəsində ciddi kəsirlər gözlənilir” - Qubad İbadoğlu

14 İyul 2015, 17:51



Büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard manat azalıb. Modern.az saytının xəbərinə görə, bu açıqlamanı iqtisadçı Qubad İbadoğlu verib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda gedən müzakirələrdən sonra diqqətin dövlət başçısının çıxışında səsləndirdiyi bir sıra məqamlara cəlb edilməsi, ölkədəki iqtisadi durumun ictimai müzakirəsini arxa plana keçirdi. Əslində 6 ayın yekunları rəsmi prizmadan baxılanda və kəmiyyət göstəriciləri ilə xarakterizə olunanda qənaətbəxş görünsə də, milli iqtisadiyyatda geriləmə meylləri getdikcə çoxalmaqdadır və bunlar narahatlıq doğurmaya bilməz.

Belə ki, bu ildən başlayaraq valyuta daxilolmalarının və tədiyyə balansının müsbət saldosunun kəskin azalması, yerli məhsulların rəqabətliyinin aşağı düşməsi, işgüzar aktivliyin, istehlakçıların və sahibkarların iqtisadi fəallığının səngiməsi, dövlət və özəl sektorlarının gəlirlərinin azalması, maliyyə-bank sektorunun dayanıqlığının və mötəbərliyinin zəifləməsi müşahidə olunur”.

İqtisadçı hazırda büdcəyə yığılan vəsaitin ötən ilin eyni dövrünə nisbətən 1 milyard 532 milyon az olduğunu vurğulayıb:

“Müşavirədə verilən məlumata görə, bu ilin birinci yarısında dövlət büdcəsinin mədaxili cəmisi 7 milyard 807 milyon manat olub ki, onun da 3 milyard 938 milyon manatı və 50,5 faizi 1-cü rübdə büdcəyə cəlb olunub. Adətən, rübdən rübə artımla müşahidə olunan büdcə gəlirlərində əvvəlki rüblə müqayisədə artım tempi bu rübdə təmin olunmayıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin 6 ayında dövlət büdcəsinə 9 milyard 339 milyon manat vəsait toplanıb. Hazırda isə yığılan vəsait ötən ilin eyni dövrünə nisbətən 1 milyard 532 milyon azdır”.

Qubad İbadoğlu bu azalmanın ilin sonunda ciddi kəsir yaradacağına diqqət çəkib:

“Neft amilinin nəzərə almasaq Vergilər Nazirliyi və Gömrük Komitəsi demək olar ki, proqnoza ötən ilki səviyyədə əməl etsə də, bu ilin 6 ayında büdcəyə toplanan vəsaitlərin gömrük rüsumları istisna olmaqla cəmisi 2 milyard 275 milyon manatı qeyri-neft sektorundan dövlət büdcəsinin payına düşüb. 

Yarım ildə dövlət büdcəsinin xərcləri 8 milyard 578 milyon manat təşkil edib və yaxud proqnoza nisbətən 85,0 faiz icra olunub. Beləliklə də son 6 ayda büdcə vasitəsilə xərclənən vəsait demək olar ki, ötən ilki səviyyədə qalsa da yığılan vəsait 1,5 milyard manatdan çox azalıb. Bu isə ilin sonuna büdcədə ciddi kəsirin formalaşacağını proqnozlaşdırmağa imkan verir”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama