Modern.az

Zərdabi indiki mətbuatdan razı qalardı, narazı?.. - Baş redaktorların CAVABI

Zərdabi indiki mətbuatdan razı qalardı, narazı?.. - Baş redaktorların CAVABI

Media

15 İyul 2015, 11:31


İyulun 22-də milli mətbuatımızın 140 illiyi təntənəli şəkildə qeyd ediləcək. Prezident İlham Əliyev mətbuatın yubiley tədbirlərinin keçirilməsi ilə əlaqədar müvafiq sərəncam imzalayıb.

Milli mətbuatımızın banisi Həsən Bəy Zərdabi 1875-ci ilin 22 iyulunda Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetini nəşr etdirib. Bu mətbu orqanla milli mətbuatımızın əsası qoyuldu.
"Əkinçi"nin işıq üzü gördüyü gün- 22 iyul tarixi respublikada "Mətbuat Günü" kimi qeyd edilir.

Modern.az saytı “Hazırda mətbuatda Zərdabi ənənələri davam etdirilirmi və Zərdabı indiki mətbuatımızın vəziyyətini necə qiymətləndirərdi” sualı ilə media nümayəndələrinə müraciət edib.

"Azadinform" İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev:

“Prinsip etibarı ilə davam etdirilir. Əgər Həsən bəyin dövründə Zərdabinin qaldırdığı məsələlər təkcə “Əkinçi”də işıq üzü görürdüsə, bu gün media bolluğu içərisində həmin problemlər pərakəndə də olsa digər mətbu orqanlarda da dərc edilməkdədir. Təbii ki, həmin ənənələrə baxışlar da fərqlidir. Bu da Zərdabi dövründən fərqli olaraq ictimai-siyasi formasiyanın dəyişməsi, Azərbaycanın müstəqillik qazanması nəticəsində müstəqil mətbuatın yaranmasıdır. Amma burada bir ciddi məsələ də ondan ibarətdir ki, Zərdabinin ənənələrini millətin və cəmiyyətin problemləri formalaşdırmışdı. Müasir mediamız isə ənənə formalaşdırmır, əksinə mövcud olanların üzərində yaxşı-yaman iməkləyir.
Düşünürəm ki, Zərdabi bu günkü media bolluğuna, azad sözün, plüralizmin mövcudluğuna sevinsə də, narahatçılığını da gizlətməzdi. Oxşar adla internet saytlarının varlığından, Təranə Qumrallara, Mikayıllara, Mətanətlərə boy-boy yer ayıran portalların reytinq savaşından narahat olardı. Əyalətləri ancaq ölüm-itimdə, pullu müsabiqələrdə, sifarişli yazılarda yada salan, kəndlinin maariflənməsini QHT layihələrinin ümidinə buraxan medianı qınayardı”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu:

“Hazırda Azərbaycan milli mətbuatı özünün inkişaf dövrünü yaşamaqdadır. Bu gün qürurla deyə bilər ki, Azərbaycan mətbuatı tarixdən gələn mətbuat ənənələrinə sadiqlik nümayiş etdirir. Əksər hallarda xalqımızın, Azərbaycanın ictimai maraqlarını öz səviyyəsində daim nəzərə alır.

Hazırkı mərhələdə informasiya daha böyük əhəmiyyət kəsb etməkdədir. Çünki biz bu hüquqi cəmiyyətləri informasiya cəmiyyəti kimi xarakterizə edirik. Belə olan halda mətbuat təkcə funksional vahid kimi deyil, eyni zamanda əlahiddə ictimai institut kimi çıxış edir. Ona görə də cəmiyyətdəki bir sıra münasibətlər, o cümlədən vətəndaş və dövlət münasibətləri bəzi hallarda mətbuatın keyfiyyətindən, onun fəaliyyətindən asılı olur. Buna görə də sevindirici haldır ki, ilk mərhələdə Azərbaycan milli mətbuatı öz tarixi missiyasını və məsuliyyətini dərk edir. Mənsub olduğu cəmiyyətin və dövlətin maraqlarını informasiya məkanında qurmağı bacarır. Hesab edirəm ki, bu, Azərbaycan mətbuatının 140 illik yubileyi ərəfəsində milli mediamızın özünə edə biləcəyi ən gözəl hədiyyədir.

Məncə Azərbaycan mətbuatının indiki vəziyyəti Zərdabinin arzuladığının həyata keçdiyi bir vəziyyətdir. Yəni onun arzularının həyata keçdiyi gün gəlib çatıb. Çünki Azərbaycan mediası Azərbaycan cəmiyyəti ilə kütləvi dialoq qura bilib. Zərdabi deyirdi ki, hər bir regional mətbuat o regional münasibətlərin aynası olmalıdır. Bu gün doğrudan da Azərbaycan mediası Azərbaycan ictimai münasibətlərinin, cəmiyyətinin aynası ola bilir. Məncə Zərdabinin ruhu şad ola bilər”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev:

“İndiki mətbuatın qarşısında dayanan problemlər nə qədər təəccüblü olsa da, faktiki olaraq Zərdabinin dövründə dayanan problemlərlə eynidir. Bunu ənənənin davamı hesab eləmək olar. Əgər Zərdabinin “Rusiyada Əvvəlinci Türk qəzeti” yazısını oxusaq, buna əmin olmaq olar. Eyni problemlər, oxucularla olan çətinliklər, maddi çətinliklər və digər problemlər olduğu kimi qalır. İnanmıram ki, Zərdabi indiki mətbuatımızdan razı qalardı.

Zərdabinin gətirdiyi və tərəfdar olduğu əsas prinsiplər medianın müstəqilliyinin qorunması, ictimai mənafeyin müdafiəsi, maarifləndirmə idi. Onun üçün ilk növbədə dəyişəsi məqam Azərbaycanda KİV-lərin müstəqil fəaliyyətinin mümkünlüyü üçün şərait yaratmaqdır. Bu da müəyyən islahatlarla bağlıdır. Qanunvericilik islahatları bunun tərkibində böyük bir qisim təşkil etməsə də, vacib bir mərhələdir. Əsas iqtisadi dəyişiklərə nail olmaqdır ki, KİV-lər kənardan və çox mənalı mənbələrdən vəsait almadan öz fəaliyyətini davam etdirsin. O zaman bu gün bizim çox ciddi professional problemlər sürətlə həll olunacaq”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı:

“140 il əvvəlki milli jurnalistikamızın əsasını qoyan Zərdabi həm də Azərbaycan milli mətbuatının əsas prinsiplərini müəyyənləşdirib. Zərdabinin dediyi həmin prinsiplər obyektivlik, doğruluq idi. Həmçinin Zərdabi bildirirdi ki, hər bir vilayətin qəzeti o vilayətin güzgüsü olmalıdır. Təbii ki, bu gün də Azərbaycan mətbuatı bu örnəkləri davam etdirir. Mətbuatımız bu günki vəziyyətinə müxtəlif mərhələləri keçərək gəlib. Zərdabi çox çətin ağır senzura şəraitində fəaliyyət göstərdi. Zərdabi çox arzulayardı ki, Azərbaycan mətbuatı azad fəaliyyət göstərsin. Çünki senzuradan ən çox əziyyət çəkən Zərdabi “Əkinçi”nin 56 sayını güclə nəşr etdirib.

Azərbaycan mətbuatı həm klassik ənənələrə, həm də yeni media ənənələrinə söykənir. Zərdabinin arzusuna uyğun şəkildə vilayətin və ölkənin güzgüsü olmağa çalışır.

Zərdabi mətbuatda polemikalara və debatlara yer verməyin tərəfdarı idi. Bu gün jurnalistikada bu prinsiplər də gözlənilir.

140 il ərzində çox şərəfli yol keçən Azərbaycan mətbuatı Zərdabi ənənələrinə söykənir.

İnanmıram ki, Zərdabi Azərbaycan mətbuatının indiki vəziyyətini çox yüksək dəyərləndirərdi. Çünki o çox peşəkar insan idi. Zərdabi çətin mərhələdən keçərək qəzet buraxıb.  Amma buna baxmayaraq Zərdabi mütərəqqi ideyalar irəli sürürdü. Bu gün də Azərbaycan mətbuatında o ideyaların həyata keçirmək imkanları var. Amma yetərincə bu imkanlardan yararlana bilməyən jurnalistlər, saytlar və qəzetlər var. Amma yenə də Zərdabi indiki mətbuatımıza çox yüksək dəyər verməsə də, hər halda pisləməzdi də”.

Sevinc YASİNQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi