“Təəssüflər olsun ki, bu gün də mətbuatımızda dövlət və hərbi xarakterli məlumatlar dərc olunmaqdadır. Xüsusisən də sosial şəbəkələrdə və mətbu orqanlarda çox kobud səhvlərə yol verilir”.
Bunu Modern.az saytına hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, hərbi xarakterli məlumatların mətbuatda yer almaması üçün maarifləndirmə işləri aparılmalıdır:
“Sözsüz ki, keçən ilin avqust ayında sərhəddə baş verən məlum hadisələrdən sonra mətbuatda müəyyən dəyişikliklər oldu. Amma yenə də hərbi xarakterli məlumatlar mətbuatda dərc olunur. Demək olar ki, sosial şəbəkələrdə və mətbuatda hərb sahəsi ilə bağlı xeyli səhvlərə yol verilir. Çox acınacaqlı haldır ki, bəzən rəsmi qurumların özləri də ya bilərəkdən, ya da bilməyərəkdən belə səhvlər buraxırlar.
Mən bu yaxınlarda Milli Teleradio Şurasına və Mətbuat Şurasına konkret faktlarla iradlarımı bildirdim. Bəzən bizim bu qurumlar hadisələrin arxasınca sürünür. Bu da heç də yaxşı hal deyil. Çünki vaxtında qabaqlayıcı və maarifləndirici tədbirlər həyata keçirilməlidir ki, həmin səhvlər mətbuata yol almasın. Bəzən buna o qədər də ciddi yanaşılmır. Amma ən xırda detal və hal çox acı nəticələrə gətirib çıxara bilər.
Məsələn, prezident İlham Əliyevin iyunun 25-də Hərbi Dəniz Qüvvələri Qərargahının açılışındakı fotoları və video görüntüləri heç bir məntiqə sığmayan şəkildə tirajlandı. Mən buna çox təəssüfləndim. Çünki qanunda da göstərilib ki, hərbi hissə və qoşun birləşmələrinin deportasiya yerləri, yaxud onların foto və video görüntüləri heç bir zaman açıqlanmamalıdır. Amma çox təəsüflər olsun ki, bizim bəzi dırnaqarası ağıllı vəzifəli şəxslər ya bilərəkdən, ya da bilməyərəkdən belə hallara yol verirlər. Əslində bununla bağlı çox şeyləri qeyd eləyə bilərəm.
Bəzən müdafiə naziri və qərargah rəsisi cəbhə bölgəsinə gedib hansısa rayonda mühüm bir obyektin və yaxud da hərbi hissənin açılşını həyata keçirir. Baxıb görürsən ki, şəkli və video görüntüləri mətbuata açıq olan konkret həmin rayonun icra başçısının nazirlə hansısa fotosu paylaşılır. Əgər həmin icra başçısının fotosu nazirlə birgə verilirsə, onda hansı məxfilikdən söhbət gedir. Onsuz da bilinir ki, həmin şəxs hansı rayonun icra başçısıdır. Deməli o zaman həmin rayonda da hərbi hissənin açılışının olduğu bilinir. Belə şeylərə son dərəcə diqqətlə və ehtiyatla yanaşmaq lazımdır. Bu ordu bizimdir. Düşmən yatmayıb, Azərbaycanı istəməyən qüvvələr təkcə quruda deyil, o cümlədən havada və suda da bizi izləyirlər. Onlar bizim hazırladığmız məlumatlara çox həssaslıqla yanaşırlar. Həmçinin özləri üçün lazım olan bilgiləri əldə edirlər.
Ötən ilin avqust ayında baş verən hadisələrdən sonra Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında keçirilən tədbirlə bağlı bizim çox böyük görüşlərimiz olub. ANS televiziyasının rəhbərliyi və Prezident Administrasiyasının rəhbər şəxsləri ilə mənim şəxsi görüşüm olub. Mən həmin görüşlərdə açıq şəkildə bildirdim ki, bu məsələ təkcə sənədlərlə deyil, praktiki işlərlə həyata keçirilməlidir. Hərbi mövzuda yazan jurnalistlər bir yerə yığışmalıdır. Avqust ayında ötənilki hadisələrin 1 ili tamam olacaq. Həmin vaxtı biz deyirdik ki, hərbi mövzuda yazan jurnalistlərlə müəyyən məşğələlər keçirilsin, müəyyən maarifləndirmə işi aparılsın. Təəssüflər olsun ki, bu günə kimi həmin işlər aparılmayıb. Niyə aparılmayıb? Bizim bəzi şəxlər anlamırlar ki, mülki şəxslər maarifləndirilməlidir. Onlara müəyyən biliklər və vərdişlər aşılanmalıdır ki, sabah yazdıqları yazılarda və yaxud da görəcəkləri işlərdə kobud səhvlərə yol verməsinlər. Təəsüflər olsun ki, bizim bəzi qurumlar elə işlərini, ancaq hansısa bir sənədləri və yaxud da məlumatları dərc eləməkdə görürlər. Mən şəxsən bunu iş hesab etmirəm. Mən hər zaman demişəm ki, bu iş lazımi şəkildə həyata keçirilməsə, bizim çox böyük problemlərimiz olacaq”.
Teleradio Şurası da narazıdır
Elə Milli Televiziya və Radio Şurasının özü də telekanallardan narazıdır. Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib ki, son vaxtlar bəzi telekanallar öz efirlərində hərbi-vətənpərvərliklə bağlı mövzuya korrektə ediblər. “Bu, 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə aparılmış monitorinqlərin nəticələri açıqlandıqdan sonra baş verdi. Lakin biz bundan daha yüksək nəticələr gözləyirik. Çünki bu gün Azərbaycan efirində şou verilişlər baş alıb gedir. Həmin şou verilişlərin yerinə daha çox hərbi-vətənpərvərlik proqramları yayımlanmalıdır. Müəyyən irəliləyişə baxmayaraq, təbii ki, hazırki vəziyyət bizi qane etmir”.
T. Dadaşov bildirib ki, son hesabatda efir səbətində hərbi-vətənpərvərlik mövzusunda verilişlərə rast gəlinməyən bəzi kanallar bu məsələyə diqqət ayırmağa başlayıb: “Kanallar özləri bu işə diqqət yetirməlidirlər. Son hesabatda İTV, ATV, ANS və “Region” televiziyalarında hərbi-vətənpərvərlik verilişləri yayımlanması qeyd olunmuşdu. Bu məsələ ilə bağlı həmin telekanallarda müsbət tendensiya davam etməkdədir. “Space”, “Xəzər” və “Lider” telekanallarının efir səbətində isə hərbi-vətənpərvərlik mövzusunda verilişlərə rast gəlinmirdi. “Lider” telekanalı açıq şəkildə Şuranın iradlarını qəbul etdiyini bəyan etdi. Bəli, biz sonradan “Lider” televiziyasında, tək hərbi-vətənpərvərlik yox, ümumiyyətlə, vətənpərvərlik mövzusunda verilişlərin, tok-şouların, sənədli filmlərin sayının artmasını müşahidə edirik”.
MTRŞ rəsmisi qeyd edib ki, telekanallarda monitorinqlər davamlı şəkildə aparılır.
V.Əhmədova