“Azərbaycan Həmkarlar ittifaqları təşkilatları hər il olduğu kimi, 2015-ci ildə də yay mövsümünə ciddi şəkildə hazırlaşıb. Sanatoriya-kurort müəssisələrinin böyük əksəriyyətində təmir-abadlıq işləri aparılıb. Otaqların şəraiti yaxşılaşdırılıb, yeni mebel və mətbəx avadanlıqları alınıb, “lüks” və “yarımlüks” tipli nömrələrin sayı artırılıb, ərazilər abadlaşdırılıb, yeni idman qurğuları quraşdırılıb. Bu işlər istər mövsüm ərəfəsində, istərsə də ilboyu həyata keçirilir. Bu il isə təmir-abadlıq işlərinə daha çox vəsait ayrılıb”.
Bu sözləri Modern.az saytına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov deyib.
O, qeyd edib ki, 2014-cü ildə həmkarlar ittifaqları təşkilatları tərəfindən 8 sanatoriya, 1 müalicə pansionatı, 10 istirahət bazasına yollayışlar verilib: “Sanatoriyaların 6-sı ilboyu, digər 2-si, müalicə pansionatı və istirahət bazaları mövsümi fəaliyyət göstərib.
Sanatoriyalara və istirahət mərkəzlərinə yollayışların qiyməti 450 manatdan 750 manatadəkdir. Ötən illə müqayisədə yollayışların qiymətində demək olar ki, dəyişiklik baş verməyib. Yollayışlarda qiymət fərqi bir qayda olaraq yataq otaqlarının şəraiti ilə bağlıdır”.
AHİK rəsmisi deyib ki, sanatoriya və istirahət evlərinə yollayışlar Məcburi Dövlət Sosial Sığortasına cəlb olunan və digər yollayış almaq hüququ olan şəxslərə verilir:
“Həmin şəxslər yollayışı dəyərinin 15 faizini ödəməklə əldə edirlər. Yollayışların ümumi sayının 10 faizi isə işçilərə (aztəminatlı ailələrə, müharibə iştirakçılarına, əlil, şəhid ailələrinə və s.) ümumiyyətlə tam güzəştlə pulsuz verilir.
İşçilər iş yerlərində, tələbələr isə təhsil aldıqları müəssisələrdə həmkarlar ittifaqı komitələrinə ərizə ilə müraciət edərək yollayışlar ala bilərlər. Müəssisələrin həmkarlar ittifaqı komitələri, onların xüsusi komissiyaları yollayışlara daha çox ehtiyacı olanları müəyyən edir və işçilərin təqdim etdikləri tibbi arayışa uyğun olaraq müvafiq yollayışlarla təmin edir.
Məcburi dövlət sosial sığorta (MDSS) haqqı ödəyən şəxs ailə üzvü üçün də yollayış almaq istəyirsə, əgər ailə üzvü məcburi dövlət sosial sığorta haqqı ödəyirsə, onda ailə üzvü üçün də yollayışın dəyərinin 15 faizini ödəyir, əgər işləmirsə – MDSS ayırmaları ödəmirsə, yollayışı dəyərinin 50 faizini ödəməklə əldə edə bilər”.
N.Ağamirov eyni zamanda bildirib ki, həmkarlar itifaqı təşkilatlarının vətəndaşlara yollayışları tam dəyəri ödənilməklə də vermək hüququ var:
“2014-ci ildə Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına 22 min nəfərdən artıq həmkarlar ittifaqı üzvü yollayışlardan istifadə edib. Bundan əlavə, həmkarlar ittifaqı təşkilatlarının daxili imkanları hesabına 45 min nəfərdən artıq həmkarlar ittifaqı üzvü də yollayışlardan istifadə edib, ümumilikdə 67 min nəfərdən artıq sosial sığorta ödəyicisi yollayışla təmin olunub.
2015-cü ildə də 70 min nəfərdən artıq vətəndaşın yollayışlardan istifadə edəcəyi gözlənilir”.
Onun sözlərinə görə, AHİK-in üzv təşkilatları da öz vəsaitləri hesabına inşa etdirdikləri müasir tipli pansionatlarda işçilərinin istirahətlərini təşkil edirlər: “Məsələn, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının Nabran zonasındakı “Rabitəçi” istirahət mərkəzində mövsüm ərzində 400 nəfərə yaxın, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının Nabrandakı “Lokomotiv” istirahət mərkəzində 360 nəfərdən çox, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Nabrandakı “Ülfət” istirahət zonasında 1000 nəfərə yaxın, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nabrandakı “Təhsil” istirahət mərkəzində 1500 nəfərə yaxın həmkarlar ittifaqı üzvü istirahət edir”.
Şöbə rəisi Naftalanda yerləşən sanatoriyalar barədə dəməlumat verib:
“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdindəki “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyində olan 50 çarpayılıq “Azərbaycan” sanatoriyası ay ərzində 65-70 nəfərə xidmət edir. Bundan əlavə, AHİK-in üzv təşkilatları olan sahə həmkarlar ittifaqları Naftalanda yerləşən özəl müalicə və sağlamlıq mərkəzləri ilə müqavilələr bağlayaraq öz işçiləri üçün yollayışlar əldə edib, onların istirahətini və müalicəsini təşkil edirlər.
Bundan əlavə, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Qusar rayonu ərazisində istirahət bazası inşa etdirir, həmin istirahət mərkəzinin bu ilin payız aylarında istifadəyə verilməsi nəzərdə tutulur. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı da öz vəsaiti hesabına 2 hektar torpaq sahəsi alaraq, orada öz işçiləri üçün sağlamlıq-istirahət mərkəzi yaratmağı planlaşdırır.
Daha bir müalicə-sağlamlıq ocağı - Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinin nəzdindəki sanatoriya-profilaktoriya bu il də fəaliyyətini davam etdirəcək. Həmin sağlamlıq ocağında hər il 850 nəfər müalicə alaraq sağlamlığını bərpa edir. Sanatoriyaya bir ədəd yollayışın qiyməti 231 manatdır. Məcburi dövlət sosial sığortasına cəlb olunmuş şəxslər, yəni metropoliten işçiləri yollayışın dəyərinin 15 faizini, yəni 35 manat ödəməklə əldə etmək hüququna malikdirlər, lakin bu vəsaitin ödənilməsini də Metropoliten İşçiləri HİB öz üzərinə götürüb və işçilər yollayışları tam güzəştli olaraq pulsuz əldə edirlər”.
Gülşən RAUFQIZI