Modern.az

AZAL aviabiletləri ucuzlaşdırdı

AZAL aviabiletləri ucuzlaşdırdı

15 İyul 2015, 13:18


Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında AZAL-ın aviabiletlərə təyin etdiyi qiymətlərin yüksək olması ilə bağlı sərt çıxışından sonra Azərbaycanda hamı AZAL-dan konkret addımlar atmağı gözləyirdi.

Modern.az saytının bu gün əldə etdiyi məlumata görə, Azərbaycan Hava Yolları (AZAL) turizm şirkətlərinə aviabiletlərin qiymətlərinin aşağı salındığı barədə rəsmi məktub göndərib. Bu məktubda ayrı-ayrı istiqamətlər üçrə uçuş qiymətlərinin xeyli aşağı salındığı bildirilib. Hətta Bakı-İstanbul reysinin qiymətinin 90 manata salındığı bildirilir. 

***

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gün mətbuatda yayılmış Bakı-İstanbul aviareysinin qiymətinin 90 manata endirilməsi ilə bağlı xəbərə münasibət bildirib. AZAL-ın vitse-prezident Sabir İlyasov fins.az-a bildirib ki, bu məsələdə hələ ki, konkret yenilik yoxdur: “Hazırda biletlərin ucuzlaşdırılması ilə bağlı məsələ müzakirə olunur”.

***

Xatırladaq ki, Prezident İlham Əliyevin hökumətin iyulun 13-dəki iclasında deyib ki, Azərbaycanda turizm sektorunun inkişafını əngəlləyən üç əsas səbəb var: bahalı aviabiletlər, viza prosedurlarının mürəkkəbliyi və bölgələrdə otellərin qiymətlərinin həddən artıq baha olması.

Prezident deyib ki, Azərbaycana gələn qonaqlar ölkəmizi tərifləyir, buradakı inkişafdan məmunluğunu bildirir. Lakin şikayətlənirlər ki, gəlmək çox çətindir. Çünki gərək haradasa bir ay əvvəl viza almaq üçün müraciət edəsən. Təyyarə biletlərinin qiymətinin bahalığı isə digər ciddi səbəbdir.

İlham Əliyev AZAL-ın fəaliyyətini tənqid edərək deyib ki, doğrudur, şirkətin göstərdiyi xidmətlər yüksək səviyyədədir və bunu AZAL-ın reysləri ilə uçanlar təsdiq edir.

“Lakin biletlər niyə baha olmalıdır? Biz ki yanacağı xaricdən almırıq, özümüz istehsal edirik. Kerosin başqa ölkələrlə müqayisədə nisbətən ucuz verilir. AZAL dövlət büdcəsindən hər il böyük həcmdə subsidiyalar alır. Bütün təyyarələr dövlət vəsaiti hesabına alınıb, bütün aeroportlar, infrastruktur dövlət vəsaitləri ilə tikilib. O zaman biletlər niyə baha olmalıdır?” - deyə prezident sual edib.

İlham Əliyev bu problemin aradan qaldırılması üçün göstəriş verib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama