Başımıza nə gəlibsə cəhalətdən gəlib. Bu səbəbdən də təhsil almaq mütləqdir. Müşahidələr göstərir ki, bəzi Azərbaycan ailələrində oğlan uşağını oxutdururlar, qız övladının təhsil almasına biganə yanaşırlar. Ailədə ana faktorunun nə dərəcədə mühüm rol oynadığı hamıya məlumdur. Gələcək nəsli qızlar yetişdirir. Qız uşaqlarını təhsildən kənarlaşdırıb, gələcəyimizi kor, lal, kar etməyə haqqımız yoxdur.
Təbii ki, oğlanlar da təhsil almalı, gələcəyini təmin etməlidir. Ancaq qızların təhsil alması daha önəmli və vacibdir. İnsan həyatını bilmək olmur. Təhsilsiz qadınlar boşandıqları zaman çox əziyyət çəkirlər. Bəzən ailələrinin də vəziyyəti onları maddi baxımdan təmin etməyə yetmir. Bu səbəbdən də qızlar mütləq oxumalı, sənət, peşə sahibi olmalıdırlar. Hz. Əlinin bir sözündə belə deyilir: “Bilgi sərvətdən daha üstündür. Çünki sən sərvəti qoruyursan. Halbuki, bilgi səni qoruyur”.
Təhsil ekspert, eks-deputat Şahlar Əsgərov da deyir ki, qızlarına təhsil verən valideynlər bir növ gələcək nəsli tərbiyə etmiş olurlar. Şahlar Əsgərov bildirir ki, qızlara təhsil alması onların gələcəkdə müstəqil, heç kimdən asılı olmadan yaşamalarına kömək edir.
“Qızlar zərif olduqları üçün müəllim və həkim ixtisasları onlara yaraşır. Ancaq ağır işləri də bacarmalıdırlar Şəraitdən asılı olaraq, bizim traktorçu , bənna qadınlarımız da olub”.
Firayə Allahverdiyerdiva