İyulun 15-də parlamentdə Milli Məclislə Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Modern.az-ın məlumatına görə, memorandum imzalanmazdan əvvəl çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki, parlamentlə mətbuat arasındakı münasibətlər daha yaxşı olmalıdır.
Onun sözlərinə görə, parlament mətbuatdan narazı deyil, amma hərdən narazılıqlar da olur:
"O narazılıqlar daha çox informasiyanın dəqiq çatdırılmaması və deyilən sözlərin təhrif edilməsi ilə bağlı olur. Milli Məclis də mətbuat qədər, hətta, mətbuatdan da çox demokratik qurumdur. Ona görə də demokratik fikir mübadiləsində yaxından anlamaq çox vacib şərtdir. Millət vəkillərinin giley-güzarı ondan ibarət olur ki, Milli Məclisin gördüyü işlər, qəbul etdiyi qanunlar, qanunların həyata keçirilməsi, qanunlarla ortaya çıxacaq məsələlərlə bağlı analitik yazılar azdır.
Bu yazıların deputatlara faydası ola bilər.Bu ilk növbədə Milli Məclisdə fəaliyyət göstərən, akkreditasiya olunmuş jurnalistlərə aiddir. Çünki onlar bizimlə bir yerdədirlər, Milli Məclisin mətbəxinə bələddirlər. Onların tənqidi yazıları, münasibətləri bütövlükdə jurnalistikaya təsir edə bilər".
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə deyib ki, qarşıdan gələn 22 iyul Milli Mətbuat Günü təkcə mətbuatın, jurnalistlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır.
Ə.Amaşovun bildirdiyinə görə, çünki hər bir xalqın ictimai-siyasi həyatında, inkişafında mətbuatın böyük rolu var:
"O cümlədən, Azərbaycan xalqının da ictimai-siyasi həyatında, onun tərəqqisində, inkişafında mətbuatın əvəzsiz rolu var və olub".
Deputat Məlahət İbrahimqızı da öz növbəsində Milli Məclisin media üçün əlçatan olmasını təqdirəlayiq hadisə kimi qiymətləndirib:
"Bu gün az qala bütün mətbuat orqanlarının, hətta, yeni yaranan saytların belə əməkdaşları parlamentdə akkreditasiyadan keçiblər. Bu, onu göstərir ki, MM media, jurnalistlər üçün çox əlçatan bir qurumdur".
Sonda Milli Məclis adından N. Cəfərov, Mətbuat Şurası adından Ə. Amaşov sözügedən memorandumu imzalayıblar.
Aqşin Kərimov