“Azərbaycan manatının fevral ayında baş verən korreksiyasından sonra milli valyutamızın məzənnəsi sabitləşib”. "APA-Economics"in xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Dövlət Televiziyasının (AzTV) deyib.
"Son aylar manatın məzənnəsi öz sabitlik nöqtəsini axtarır və demək olar ki, tapmaqdadır", - deyə E. Rüstəmov bildirib.
Baş bankir qeyd edib ki, onun rəhbərlik etdiyi tənzimləyici orqan son iki ayda valyuta ehtiyatlarını artırmaqdadır: “Biz 120 milyondan artıq valyuta (ABŞ dolları - red.) almışıq. Təxminən 300 milyon dollardan da çox bizim banklarla əməliyyatımız oldu. Onlar öz valyutalarını bizə təklif etdilər, onun əvəzində biz bazarda manat təklifini, aclığını azaltmaq üçün banklara manat təklif etdik. Düzdür, onlar rəsmi ehtiyatlarımıza daxil olmasa da, düşünürük ki, həmin vəsait Mərkəzi Bankda qalacaq".
Elman Rüstəmov deyib ki, ipoteka kreditləşməsinin şərtlərinin sadələşdirilməsi istiqamətində Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyi daha da koordinasiyalı iş görür.
"Ölkə başçısı Nazirlər Kabinetinin son iclasında bununla bağlı bir daha öz tapşırıqlarını verdi. Mərkəzi Bank Maliyyə Nazirliyi ilə danışıqları yekunlaşdırıb. Deyə bilərəm ki, Maliyyə Nazirliyi ilə bizim aramızda bir konsensus var", - deyə E. Rüstəmov bildirib.
Baş bankir qeyd edib ki, yekun qərar qəbul olunmadığına görə, o, yalnız gözlənilən yeniliklərin başlıca istiqamətlərini açıqlaya bilər. Onun sözlərinə görə, ilin sonuna kimi dövlət büdcəsindən ipoteka kreditləşməsinin maliyyələşdirilməsinə 200 mln. manat yönəldiləcək. Vəsait Mərkəzi Bankın krediti hesabına ayrılacaq, lakin Maliyyə Nazirliyi əməliyyata dövlət zəmanəti verəcək.
“Bu vəsaitin müəyyən bir hissəsi sosial ipotekaya, müəyyən hissəsi isə kommersiya ipotekasının maliyyələşdirilməsinə yönəldiləcək”, - deyə AMB rəhbəri bildirib.
E. Rüstəmov bildirib ki, yeniliklərdən biri də həm sosial, həm də kommersiya ipotekası üzrə faiz dərəcələrinin aşağı salınmasından ibarətdir. “Bundan başqa, əhali daha çox ipoteka kreditlərinin maksimal məbləğinin azlığından şikayət edirdi. Bu səbəbdən vətəndaşlar daha çox təkrar mənzil bazarına üz tutmalı olurdu. Bunu nəzərə alaraq, həm sosial, həm də kommersiya ipoteka üzrə maksimal məbləğləri 2 dəfə artırmağı nəzərdə tuturuq”, - deyə o qeyd edib.
Mərkəzi Bank rəhbərinin sözlərinə görə, gələn il ipoteka kreditlərinin maliyyələşdirilməsinə “daha əhəmiyyətli vəsait yönəldilə bilər və bununla bağlı da maliyyə naziri Samir Şərifovla danışıqlar olub”.
E. Rüstəmov qeyd edib ki, ipoteka kreditləşməsi ölkənin tikinti sektorunun inkişafına güclü təkan verə bilər ki, bu da ümumilikdə iqtisadi inkişafa müsbət təsir edəcək. “Bununla yanaşı, məsələnin sosial tərəfi də var ki, əhalinin mənzil təminatı problemi öz həllini tapacaq”, - deyə o bildirib.
E.Rüstəmov deyib, qlobal iqtisadiyyatda 2008-ci ildən etibarən başlayan neqativ proseslər hələ də səngiməyib.
Mərkəzi Bank rəhbərinin sözlərinə görə, zamanla bu neqativ tendensiya daha da mürəkkəbləşir: "Bura aiddir Yunanıstan iqtisadiyyatında baş verən hadisələr. Bu proseslər Avrozonanın gələcəyi ilə bağlı bir sıra sualları ortaya qoyur. Bununla yanaşı, beynəlxalq valyuta birliyinin qarşısında da müəyyən risklər durur. Gözlənilmədən Çin maliyyə bazarlarında baş verən hadisələr də diqqət qlobal iqtisadiyyata təsir edir. Çünki Çin qlobal iqtisadiyyatın lokomotividir. Neft bazarında mənfi proseslər baş verməkdədir. Bununla yanaşı, bölgədə ciddi proseslər gedir. Bütün bunlar göstərdi ki, qlobal iqtisadiyyatın öz problemlərinə uyğunlaşması olduqca ləng gedir və bu, vaxt xeyli alacaq".
E. Rüstəmov bildirib ki, Mərkəzi Bank Azərbaycanın yaxın ticarət tərəfdaşı olan ölkələrdə baş verən proseslərin analizini aparır.
"Belə bir şəraitdə Azərbaycan makroiqtisadi inkişaf nümayiş etdirməyi bacarır. Altı ayın yekunlarına görə, milli iqtisadiyyatımız 5,7% artıb. Qeyri-neft sektoru 9%-dən yüksək artıma nail olub. Ölkədə investisiya fəallığı davam edir və fərəhləndirici haldır ki, xarici investisiyalar daxili investisiyaları üstələyir. Neftin ucuzlaşması fonunda 60 mindən çox iş yerinin açılması da olduqca mühüm məsələdir. İnflyasiya aşağı səviyyədə qalıb. Belə ki, altı ay ərzində inflyasiya 3,5% səviyyəsində saxlanılıb. Bu, regionda ən aşağı göstəricilərdən biridir",-deyə E.Rüstəmov qeyd edib.
Modern.az