Modern.az

“Girovları ancaq özümüz azad edə bilərik...”

“Girovları ancaq özümüz azad edə bilərik...”

16 İyul 2015, 14:11

Ermənistan tərəfi azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı keçirilən “məhkəmə” prosesindən yeni videogörüntü yayıblar. Videoda girovlara göstərilən qeyri-insani münasibət, eyni zamanda Dilqəm Əsgərovun axsadığı açıq şəkildə görünür. Ermənilər, guya onlara məxsus olduğu iddia edilən əşyaların nümayişilə Dilqəm və Şahbazın “diversant” olduğunu sübut etməyə çalışırlar.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov Modern.az saytına bunun növbəti erməni təxribatı olduğunu deyib:

“Bu təkcə Azərbaycana qarşı təxribat deyil, eyni zamanda dünya ictimaiyyətinin məsələ ilə bağlı fikirlərini yayındırmaqdır. Düşmən yalnış, qeyri-obyektiv informasiyaların yayılması ilə sübut etmək istəyir ki, guya həqiqətən də Dilqəm və Şahbaz diversant olublar, hərbi kəşfiyyat məqsədilə işğal olunmuş ərazilərə gediblər. Bu ermənilərin tarix boyu işlətdiyi fəndlərdir”.

Deputat girovların saxlanma şəratindən, fiziki durumlarından söhbət açarkən bildirib ki, erməni əlində olan azərbaycanlıların vəziyyəti başqa cür ola bilməz:

“Onların vəziyyətinə, ayağında problem olmasına, axsamasına gəlincə, nəzərə almaq lazımdır ki, azərbaycanlılar düşmən əlində, düşmən həbsxanasındadır, əhatələrindəkilərin hamısı düşməndir. Düşmən həbsxanasında olanların vəziyyəti belə də olmalıdır. Baxmayaraq ki, Azərbaycan tərəfi burda olan erməni əsir və girovlara insani münasibət göstərir, onları yedirib-içirdir. Hətta onlar açıqlama verərkən hər şeydən razı olduqlarını dilə gətirirlər. Açıqlama verməsələr belə, onların üzündən, fiziki vəziyyətindən Azərbaycanda necə münasibət gördükləri aydın olur.

Bundan əvvəl  Azərbaycan 5 nəfərlik ailəni saxladı. Onlar hər cür şəraitlə təmin olundular. Həmçinin erməni kəşfiyyatçısı Arsen Baqdasaryanın məhkəmə zalından görüntülərinə baxanda da görürük ki, vəziyyəti o qədər yaxşıdır ki, yanaqlarından qan damır.

Bu Azərbaycandır. Qoy beynəlxalq təşkilatlar, Beynəlxalq Qızıl Xaç Komitəsi, həmsədrlər ona da baxsınlar, azərbaycanlı girovlara . Fərqi görməmək üçün yalnız kor olmaq lazımdır. Həmsədrlər İrəvana getmişdi, zəhmət çəkib erməni girovluğunda, həbsxanada saxlanılan azərbaycanlılarla da maraqlansınlar, sənəd yazsınlar, qərar versinlər”.

E.Məmmədov hesab edir ki, girovların geri qaytarılması üçün ümid Azərbaycanın özünədir: “Bizim ümidimiz yalnız özümüzədir. Çünki, beynəlxalq təşkilat bu istiqamətdə bizə kömək etməyəcək. Bunun üçün biz də əlimizdə olan ermənilərdən, hətta onların - istər ölüsünün, istər dirisinin sayını artırmaqla istifadə etməliyik. Bəlkə də dəyişmə yolu ilə girovlarımızı azad edə bilərik. Çünki, ermənidən humanistlik gözləməyə dəyməz”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama