filologiya üzrə elmlər doktoru, professor
İnsan iki ömrü yaşayır. İnsanın birinci ömrünü bütün insanlar kimi, bütün canlılar da yaşayır. İnsan ikinci ömrünü öləndən sonra yaşayır. Daha doğrusu, öləndən sonra insanın ikinci ömrü başlayır. İkinci ömrünü yaşayan insanlar az olur. Onlar minlərin, milyonların içərisindən seçilənlər olur. Onlar minlərin, milyonların içərisindən seçilən ləyaqətlilər, qeyrətlilər, ədalətlilər, mərhəmətlilər, xeyirxahlar olur. Onların sayı çox olmur.
***
Adamlardan istifadə edənlər yalançı adamlar qədər qorxuludur. Onlar yalançı adamlar qədər etibarsızdır. Onlar yalançı adamlar qədər sədaqətsizdir. Belələri tez-gec inamını itirir. Tez-gec onlara inanan olmur. Belə olduqda onlar dəyərdən düşürlər.
***
Mən bir məsələyə həmişə təəccüblə baxıram: bəzi insanlar bu ağılla bu qədər işləri necə görürlər?!
***
Təbii seçmə yolu ilə insanlar seçilir. Onlar təbii seçmə yolu ilə bir-birinin həyatından, tərcümeyi-halından çıxıb gedir. Qalanlar az olur. İnsanların həyatında, tərcümeyi-halında qalanlardan söhbət gedir. Həmin qalanlar içərisində dostları, yaxınları, sədaqətliləri axtarmaq olar. Həm də həmin qalanlar içərisində düşmənləri və namərdləri də axtarmaq olar. Əslində həyat (insanın həyatı) dostlar, yaxınlar, sədaqətlilərlə yanaşı, düşmənlərin, namərdlərin mövcud olduğu illərin, günlərin, anların içərisindədir.
***
Bəzi adamlar səhv olduqlarını başa düşmürlər. Ona görə də belələri öz səhv işlərini, adam içinə çıxmağa üzü olmayan işlərini utanmadan, çəkinmədən təqdim edirlər, göstərirlər. Onlar elə işlər törədirlər ki, elə işlərin arxasında dayanırlar ki, bunu yalnız və yalnız dayaz adamlar edə bilər. Təəssüflər olsun ki, onlar dayaz olduqlarını bilmirlər.
***
Elmi-texniki tərəqqi insanların mənəviyyatına təsir edir. İnsanları qeyri-səmimi edir. İnsanları yalan danışmağa vadar edir. İnkişaf elmi-texniki tərəqqiyə söykənmədikdə hər şey təbii olur. Elmi-texniki tərəqqi təbiiliyi insanların əlindən alır. Təbii düşünənlər, təbii danışanlar, təbii olanlar çox azdır. Ancaq onların təbiiliyini qısqananlar gün-gündən çoxalır. İnsanlar öz təbiiliklərini itirməkdən usanmayıb təbiətin təbiiliyini itirməyə çalışırlar. Təbiətin başına elə olmazın oyunlar açırlar ki, təbiət nə edəcəyini bilmir. Təbiətə hakim olan insanlar təbiətin təbiiliyini əlindən alıblar. Təbiət qədər insanın şıltaqlıqlarına dözən heç nə yoxdur.
***
Şadlıq evlərinin qapısından içəri girən kimi insanı ilk qarşılayanlardan biri də pul qutusu olur. Birinin üstünə “Oğlan evi”, digərinin üstünə “Qız evi” yazılmış bu pul qutuları təzəcə qurulacaq ailənin təməlini belə əks etdirir. Buradan da aydınca görünür ki, mənəvi marağı maddi maraq üstələyir. Bəy və gəlinin xoşbəxt olmasına gedən yol pul qutularının nəzarətindən keçir. Yenə də hər şey gəlib çıxır pulun üstünə. Ancaq bu pulun bəy və gəlinə nə xeyri?!
***
Bir övlad atasından pul istəyir və ona deyir ki, özümə geyim alacağam. Atası övladına deyir ki, nə alacaqsan? Övlad atasına deyir:
- Şalvar-malvar, ayaqqabı-mayaqqabı, köynək-möynək, kostyom-mostyom...
Atası deyir:
- Nə qədər pul lazımdır?
Övlad cavab verir:
- İki yüz manat.
Ata övladına yüz manat pul verir. Övlad narazılıqla:
- Ata, axı iki yüz manat dedim.
Ata səbrlə, təmkinlə deyir:
- Bala, alacağın geyimlərin içərisindən malvarı, mayaqqabını, möynəki, mostyomu... çıxsan bu pul sənə bəs edəcəkdir.
***
Bir yaşlı qadın dedi ki, onun həyat yoldaşı çox vətənpərvər olubdur. O, dünyasını dəyişən zaman həyat yoldaşı fikirləşib ki, son sözü onu övladlarına tapşırmaq olacaqdır. Ancaq ömrünün son anında kişi yatağında dirsəklənərək yumruğunu sıxır və deyir: Yaşasın vətən! Bununla da canını tapşırır. Bu hadisə vətənindən qaçqın olan bir kişi ilə bağlı olan hadisədir.
***
Birisi bir yerdə torpaq zəbt edir və ora gətirib tikiliş aparmaq üçün daş tökdürür. Ancaq iş elə gətirir ki, həmin zəbt etdiyi torpağı ala bilmir, rəsmiləşdirə bilmir. Başqa birisi bu torpağı rəsmi şəkildə alır və rəsmiləşdirir. Və daş tökən adama deyir ki, sənin gətirib tökdüyün daşı mən divara qoya bilmərəm. Odur ki, bu daşlarını yığışdır və apar. Belə də olur. Daş tökən adam daşlarını yığışdırıb aparır. Torpağı qanuni yolla alan adam bunu halallıq naminə edir.
***
Gəncə tərəfdə bir kişi dağın çılpaq ətəyinə ağaclar əkirmiş. O, meşədən saysız-hesabsız ağacları kökündən çıxarıb dağın çılpaq ətəyinə basdırırmış. Sonralar dağın çılpaq ətəyi ağaclarla dolur. İndi həmin əraziyə ağac əkən kişinin adı ilə Abbasın bağı deyirlər. Bu cür bağ salmaq ən böyük xidmətdir. Bir ağacı əkməyənlərə, bir daşı daşüstə qoymayanlara yaxşı bir nümunədir.
***
Rəsul Rzanın doğum gününü qeyd etmək üçün “Fəxri xiyaban”a getmişdik. Şair Oqtay Rza tənqidçi Vaqif Yusifliyə dedi ki, məqalənizi qəzetdə oxudum. O da qayıdıb dedi ki, yazmaqdan başqa əlimizdən nə gəlir ki.
***
Yoluma nə çıxırsa, qismətimdir. Yoluma qızılgül də çıxır, qanqal da, tikan da. Bunların hamısı qismətimdir. Hələ onu demirəm ki, arxadan və öndən əsən küləklər başıma nələr gətirir. Bəzən üst-başımı, sir-sifətimi o qədər döyəcləyirlər ki, lap məni əldən salırlar. Başımın üstündə şığıyan günəş şüası ilə bulud topaları bir-birinə güzəşt etmək istəmirlər. Onlar bir-birini və elə mənim özümü də əldən salırlar. Hiss edirəm ki, uzaqda, lap uzaqda bir işıq var. Orada məni əldən-dildən salan heç nə yoxdur. O işığın xatirinə hər şeyə dözürəm. O işığın xatirinə incimiş ruhuma sığal çəkirəm. O işığın xatirinə incimiş ruhumun ağrılarına dözürəm. O işığın xatirinə incimiş ruhumu özümlə gəzdirirəm. O işığın xatirinə incimiş ruhumu yaşadıram. O işığın xatirinə incimiş ruhuma vəkillik edirəm. O işığın xatirinə yaşayıram, içdiyim zəhər və çəkdiyim əzablara dözürəm. Ömrümə, günümə buxov vuranların buxovlarına dözürəm. Havam çatmasa belə, öz ürəyimə, özümə gücüm çatdığından dözürəm. Axı qarşıda işıq var...
***
Hərdən siqaret çəkənlərə qibtə edirəm. Onlar bu dünyanın ağrı-acısını çəkdikləri siqaretin içindəki tütündə yandırır, tüstüsünü göyə sovururlar. Bununla da ağrı-acının özünə bir dərs verirlər.
***
Gözünə eynək taxıb gözlərini günəşdən, küləkdən, soyuqdan, sudan qorumaq istəyənlər də az bilmir. Bəlkə də başqalarını görə bilməyənlərin gözlərində ikiqat, üçqat, yüzqat eynək vardır. Ona görə də onlar yalnız özlərini görürlər. Belələri az bilmirlər.
***
İnsanların xarakteri müxtəlif olduğu kimi, bədbəxt və xoşbəxt insanların da xarakteri bir-birindən fərqlənir. Eləsi var ki, özü xoşbəxtdirsə, çalışır ki, hamı xoşbəxt olsun. Eləsi də var ki, özü bədbəxtdirsə, çalışır ki, hamı bədbəxt olsun. Eləsi də var ki, özü bədbəxt olsa da, başqalarının bədbəxt olmasını istəmir. Belə ki, arvadı deyingən olan bir kişidən soruşurlar:
- Həyat yoldaşın deyingəndir. Onu niyə boşamırsan?
Kişi cavab verir:
- Mənim baş-beynimi aparmaqla məni bədbəxt edibdir. Mən onu boşasam, başqa birisinə ərə gedəcək və onu da bədbəxt edəcəkdir. Məni bədbəxt etdiyi bəs deyilmi?
***
Cazibədarlıq nədir? İddiadır, gücdür, bədbəxtlikdir, xoşbəxtlikdir? Bilmirəm. Onun nə olduğunu itirəndən sonra bilmək olar.
***
Bəzən ölümün özü ölür.
***
Buludlar ağlamağa yer axtarır.
***
Çayın, gölün, dənizin, okeanın suları buludun hansı damcılarını gözləyir? Bunu çaydan, göldən, dənizdən, okeandan soruşa bilərsənmi?
***
Heç ulduzlar da əbədi və möhtəşəm parlamır. Bunu gecədən yox, gündüzdən soruşsan, sənə açıq danışacaq.
***
Həyalı yaşamaq hər adamın işi deyil.
***
İnsan beynində çoxlu fikirlər mehmandır.
***
Səmanın üzü qarışanda günəş, ay, ulduz görünmür.
***
Duman, toz, torpaq müharibədir. Yerin, göyün başını qatmışdır.
***
Vəhşi çiçəklər içərisində zanbaq görünmür.
***
Buludlar yağışa çevrilmədən sulara qarışa bilməz.
***
Ölüm o qədər çoxalıb ki, dəyərdən düşübdür.
***
Yazda yağan yağış təbiətə nəğmə oxuyur.
***
Ölüm o qədər çoxalıb ki, artıq adiləşibdir.
***
Görəsən yer üzünü işıqlandıran Günəşin, göy üzünə çıxan Ayın və sayrışan ulduzların Allahdan başqa kimlərəsə borcu varmı?
***
Ölümü çoxları heç vecinə almır.
***
Birisinin bağında çoxlu sayda meyvə ağacları varmış. Bağ sahibi o qədər səxavətli imiş ki, dost-tanışdan başqa, hər yoldan keçən də onun bağının meyvəsindən dadarmış. Günlərin birində yoldan ötən bir kişi bağdakı meyvələrdən dadmaq istəyəndə həyətdəki it hürməyə başlayır. İt fasiləsiz olaraq o qədər hürür ki, kişinin baş-beynini aparır. Vəziyyəti belə görən kişi deyir ki, ay Allahın heyvanı, niyə hürürsən?! Bağ o qədər böyükdür və meyvələr o qədər çoxdur ki, sənə də, mənə də, hamımıza da çatar. Bağ sahibinin səxavətinə isə söz ola bilməz. Daha niyə hürürsən?!
***
Gərək sözü deməyi də bacarasan. Sözü elə deyəsən ki, qarşıdakının kimliyindən, nəçiliyindən asılı olmayaraq səni anlaya bilsin. Nə isə... Bir kişi qonşu kənddəki bir tanışının oğlunun toyuna gedirmiş. Həyətindəki iti də ondan əl çəkmir və arxasına düşüb gedir. Kişi nə qədər iti geri qaytarmaq istəsə də, it geri qayıtmır. Birdən kişi görür ki, artıq qonşu kəndə yaxınlaşıb, it isə ondan ayrılmır. Elə bu dəmdə bərk əsəbləşir. İtin üstünə qışqıraraq deyir ki, ay Allahın iti, onda sən al bu pulu, get toya, iştirak et toyda, pulu da yazıl. Mən isə geri qayıdım və sənin zəncirini boynuma bağlayıb həyətdə hürüm. İt sahibinin əsəbləşərək ona dediyi bu sözdən sonra onu başa düşür və geri qayıdır.
***
Keçmişlə indinin bir fərqi də ondadır ki, keçmişdə arzudan arzu doğardı, indi isə problemdən problem yaranır.