Modern.az

Bu il jurnalistika ixtisasına qəbul üçün 496 abituriyent qeydiyyatdan keçib

Bu il jurnalistika ixtisasına qəbul üçün 496 abituriyent qeydiyyatdan keçib

21 İyul 2015, 10:46

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ötən il jurnalistikaya qəbul qaydalarında dəyişiklər edib. Belə ki, əvvəllər qəbul imtahanında topladığın balla Jurnalistika fakültəsinə  düşmək mümkün idisə, artıq keçən ildən başlayaraq jurnalist olmaq istəyən kəslər qabiliyyət imtahanı da vermək məcburiyyətində idilər. Keçən il 569 nəfər Jurnalistika fakültəsinə qəbul olmaq üçün qeydiyyatdan keçib ki, onlardan da 441 nəfəri testdə mümkün bal toplayaraq, müsbaiqə şərtini ödəyib. Yazı imtahanında iştirak etməyə 315 nəfəri gəlməyib və yazı müsbaiqəsinə yalnız 126 nəfər qatılıb. Həmin gənclərdən 51 nəfər məqbul alıb ki, onun da 46 nəfəri Jurnalistika fakültəsinə qəbul olunub. Onlardan 40 nəfəri Bakı Dövlət Universitetini, 4 nəfəri Azərbaycan Dillər Universitetini, 2 nəfər isə Bakı Slavyan Universitetini seçib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev Modern.az-a açıqlamasında bildirib ki, qabiliyyət imtahanın bərpası jurnalist cameəsinin çoxdan gözlədiyi bir məqam idi ki, bu da keçən il reallaşdı.

“Düzdür, fakültədə tələbə sayı azaldı, plan yerləri boş qaldı. Amma burada ən üstün başqa ali məktəblərlə müqayisədə Bakı Dövlət Universiteti idi. Tələblərin ümumi marağı əlbəttə qanedicidr. İndiyə qədər Hüquq və digər ictimai fənn fakültələrindən kəsilənlər, məhz jurnalist olmaq istəyənlərdən az da olsa balı yuxarı olanlar zorən bizə düşürdülər. Amma keçən ildən bu vəziyyət dəyişib. Bu uğurlu seçimdir və davam etsə, nəticələr də yaxşı olacaq. Hesab edirik ki, bu il qəbul olunan tələblərin sayında da artım olacaq. Bəzi məlumatlara görə bu il 560 abituriyent jurnalist olmaq üçün qeydiyyatdan keçib və düşünürük ki, onlardan 120 nəfəri seçmək olacaq”.

Bakı Slavayn Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Leyla Hüseynova bildirib ki, onlarda qabiliyyət imtahanından keçən 2 tələbə təhsil alır. “Onlar bizim universitetdə oxumağa maraqlıdırlar. Hətta qeyd edirlər ki, jurnalistikaya həvəsi olanlarla oxumaq daha yaxşıdır, çünki həvəsi olmayanlar onları daha da geri çəkə bilərlər. Hətta biz onlara SABAH qruplarına qoşulmağı bildirdikdə belə, həmin 2 tələbə universitetdə qalmağı və buranın müəllimlərindən praktik təcrübə öyrənməyi üstün tutdular. Onların artıq universitet qəzetində yazıları çıxır, yay tətili olsa da, müxtəlif yerlərdə işləyirlər”.

Azərbaycan Dillər Universitetində oxuyan 4 tələbə haqqında isə məlumat əldə edə bilmədik.

TQDK mətbuat xidmətindən verilən məlumata görə, 2015/2016-cı tədris ili üçün jurnalistika ixtisasına qəbul olmaq üçün 496 abituriyent qeydiyyatdan keçib.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama