Keçmiş məhbuslara cəmiyyətdə münasibət birmənalı deyil. Cəmiyyətin keçmiş məhbuslara qarşı formalaşmış münasibəti törətdiyi cinayətə görə dəyişmir. Onlar cəmiyyətə qayıtdıqdan sonra adaptasiya problemi yaşayırlar.
Məsələyə münasibət bildirən psixoloq Elnur Rüstəmov Modern.az-a açıqlamasında bildirib ki, “keçmiş məhbuslar cəmiyyətə qayıtmazdan öncə reabilitasiya prosesindən keçməlidir”.
“Nəzərə almaq lazımdır ki, Azərbaycanda cinayət törədən insanların böyük bir qismi təkrar cinayət törədən insanlardır. Cəmiyyətdə özlərini tapa bilmədikdə təkrarən eyni cinayəti törətmiş olurlar. Cinayətlərin törədilməsində insanların psixoloji vəziyyətinin də rolu ola bilər. Bu hal araşdırıldıqdan sonra cinayətkara hökm oxunur. Belə hallarla qarşılaşdıqda onlara psixoloji dəstək göstərilməsi vacib məsələdir”.
Psixoloq deyir ki, insanların keçmiş məhbuslara qarşı formalaşmış münasibəti törətdiyi cinayətə görə dəyişmir.
“Onlar həbsxana həyatı yaşamış şəxslərdən çəkinir. Artıq insanların beynində bu fikir formalaşıb, sanki kimisə öldürübsə, bu hal yenidən təkrarlanacaq. Ancaq insanlar düşünmür ki, onları təcrid edib özlərindən uzaqlaşdırmaqla psixoloji təsir edə bilərlər.
Bununla bağlı Ədliyyə Nazirliyi Qobustan ərazisində reabilitasiya mərkəzi yaradılıb. Keçmiş məhbuslara psixoloji, sosioloji, hüquqi, eyni zamanda da iş məsələsində yardımlar göstərilir. Bu, çox yaxşı bir addımdır. Ümumilikdə isə məhbuslarla psixoloji iş aparılması, onların cəmiyyətə yenidən qaytarılması, insanların onları qəbul etməsi istiqamətində mütləq şəkildə maariflənmə aparmaq lazımdır”.
Vüsalə Qəzənfərqızı