İyulun 21-də Apellyasiya Məhkəməsində həbsdə olan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin şikayətinə baxılıb.
Apelyasiya şikayəti İntiqam Əliyevin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il aprelin 22-də çıxardığı hökmdən verilib. Həmin hökmə görə, İntiqam Əliyev 7 il 6 ay müddətinə azadlıqadan məhrum edilib.
Vəkil Elçin Sadıqov Modern.az saytına bildirib ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılan prosesdə İntiqam Əliyev də iştirak edib:
“Şikayət ərizəsində hökmün ləğv edilib, İntiqam Əliyevin işinə bəraətverici əsaslarla xitam verilməsi istənilib. Təssüflər olsun ki, Apellyasiya Məhkəməsin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxladı. Apellyasiya Məhkəməsin bu qərarından kassasiya şikayəti verəcəyik. Təmin olunmasa, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik”.
İntiqam Əliyev 2014-cü ilin avqustun 8-də həbs olunub. Hüquqşünasa qarşı Cinayət Məccələsinin 179.3.2, 192.2.2, 213.2, 308.2, 313 maddələri ilə cinayət işi açılmışdı. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Yeganə OQTAYQIZI