İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb.
Modern.az xəıbər verir ki, Azərbaycanın milli maraqlarının qorunmasındakı qətiyyətli mövqeyinə görə dövlət başçısına Mətbuat Şurasının xüsusi mükafatı təqdim olunub.
Prezident İlham Əliyev milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə jurnalistləri və xalqımızı təbrik edib, bayram ərəfəsində bir çox jurnalistlərin orden, medal və fəxri adlarla təltif olunduğunu deyib.
“Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var və ancaq müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil şəkildə fəaliyyət göstərib”, - deyə görüşdə Prezident bildirib.
12 ildir fəaliyyət göstərən Mətbuat Şurasının işini yüksək qiymətləndirən Prezident ölkədə mətbuatın inkişafı ilə əlaqədar islahatların uğurla aparıldığını deyib.
İlham Əliyev bildirib ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək.
“Cəmiyyətimiz strateji maraqlar ətrafında birləşib və bizi narahat edən məsələlərlə bağlı fikir ayrılığı yoxdur”, - deyən Prezident İlham Əliyev bildirib ki, mətbuat hər zaman strateji maraqları müdafiə etməli, milli maraqlarımızı beynəlxalq müstəvidə qorumalıdır. Son illərdə bu istiqamətdə milli mətbuatda ciddi dönüşün yarandığını deyən dövlət başçısı ölkədəki vəziyyəti, hadisələri bir çox hallarda mətbuatdan izlədiyini və dərhal da reaksiya verdiyini bildirib.
Prezident İlham Əliyev bundan sonra da ölkədə baş verən hər hansı pozuntu hadisəsinə qarşı mətbuatı fəal olmağa çağırıb. Azərbaycanın beynəlxalq mövqeləri ilə bağlı fikirlərini bölüşən dövlət başçısı xarici mediada ölkəmizə qarşı aparılan ədalətsiz kampaniyanın ciddi tədbirlər ərəfəsində daha da əlaqələndirilmiş xarakter aldığını bildirib, buna səbəb kimi isə Azərbaycanın müstəqil siyasətini, ölkəmizin uğurlarını göstərib. Bildirib ki, erməni lobbisinin və digər dairələrin ölkəmizə qarşı apardığı qaralama kampaniyası Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etmir. “Biz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik”, - deyən dövlət başçısı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi tədbirlərin görüldüyünü və bu sahədə medianın rolunun artırılmasının vacibliyini bildirib.
Görüşün sonunda Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatın 140 illiyi ilə bağlı yubiley hədiyyəsini Prezident İlham Əliyevə təqdim edib.
Daha sonra Prezident İlham Əliyev milli mətbuatın 140 illiyi münasibətilə imzaladığı sərəncama əsasən Mətbuat Şurasının fəxri ad alan üzvlərinə mükafatları şəxsən təqdim edib.