Modern.az

Ayaqlarımızı qoruyan qablar - Ayda saxlanılan bir cüt ayaqqabı kimindi?

Ayaqlarımızı qoruyan qablar - Ayda saxlanılan bir cüt ayaqqabı kimindi?

21 İyul 2015, 23:53


Onlar bizi həm gözəl göstərir, həm də ayaqlarımızı mühafizə edir. Zaman-zaman hətta bizi təhlükəli və gülməli vəziyyətlərə salmağa da qadirdir. Söhbət hər birimizin qarderobunda geniş yer tutan və sevərək geyindiyimiz ayaqqabılardan gedir.

Modern.az saytı ayaqqabıların tarixinə qısa nəzər salır.

Yerə basılan ayaq bədənin bütün ağırlığını daşıyır. İnsan bədənində ən ağır vəzifəni ayaqlar yerinə yetirir. Yetkin insanın  bədənində 206 sümük var ki, bunların da demək olar ki, dörddə biri, yəni 62-si ayaq və qıçlarımızdadır.

Bədənin ağırlığını daşıyan və hərəkətini təmin edən bu orqanın baxımı ayaqqabı ilə mümkündür. Ayaq sümükləri düz yerə dəymir. “Daban çuxuru” adlanan çökük bir qübbənin iki ucuna və kənarlarına dəyir. Ayağın daban hissəsinin quruluşu olduqca qarışıqdır. Burada bir çox əzələ, tir, damar və sinir yerləşir. Bədənimizdəki əzələlər içərisində ən güclüsü dabanlarımızdadır.

Vücudumuzun ən həssas nahiyələrindən biri olan dabanı qorumaq insan həyatı üçün çox əhəmiyyətlidir. Ayaqqabılar "daban" hissədən, “saya” adlanan  düz, yekrəng qalın altlıqdan və üst hissəni örtən nisbətən daha incə parçadan ibarət olur.

Ayaqqabılar dünyada çox fərqli iqlimlərdə yaşayan insanların həyat şərtlərinə uyğun olaraq  dəyişdiyi kimi, moda da tarix boyu  ayaqqabıların forma və quruluşuna təsir göstərib.  

Dünyanın ən qədim ayaqqabısı Mesopotamiyada tapılıb. Qurumuş palçığın içində bərkiyərək günümüzə qədər gəlib çatıb. 

Günümüzdə istifadə etdiyimiz ayaqqabıların ilkin versiyası səndəl formasında olub, isti iqlimli ölkələrdə yarandığı güman edilir. İlk ayaqqabılar zərf formasında olaraq  ayağın içəri rahat girə biləcəyi şəkildə xam dəridən hazırlanıb. Belə ayaqqabılar ayağın altını daş-kəsəkdən, qumdan, üstünü isə günəş istisindən və soyuqdan qoruyurmuş. Qədim Misir incəsənət nümunələrinə baxdıqda  hökmdarların və tanrıların ayaqyalın gəzdiyi güman edilir. Bu dövrdə səndəllərdən yalnız evin içində geyinildiyi təxmin edilir.

Qədim dövrdə hetlər bu gün Anadoluda çox az da olsa, geyinilən çarığa bənzər ayaqqabılardan geyinirdilər.

Orta əsrlərdə ata qızını evləndirərkən onun üzərindəki bütün səlahiyyətini böyük ayaqqabı mərasimi ilə oğlana həvalə edərmiş. Hətta bu adət indi də bəzi Qərb ölkələrində qalmaqdadır. Belə ki, evlənən cütlüyün maşınlarının arxasında ayaqqabı şəklinin olması, qızın atasının kürəkəninə qızının ayaqqabılarından birini verməsi  məhz qızının artıq onun himayəsinə keçdiyinin bir göstəricisi kimi əlamətləndirilir.

Avropada 11-ci əsrdən 15-ci əsrə kimi sivri burunlu ayaqqabılar dəbdə olub. Yaxın Şərq ölkələrində isə ayağı daşdan-kəsəkdən qorumaq məqsədilə  ayqqabıya   “hündür daban” əlavə ediblər.

Avropada 16-17-ci əsrlərdə bütün ayaqqabıların dabanı qırmızı rənglə  boyanırdı. 18-ci yüzilə qədər isə bütün kişi və qadın ayaqqabıları eyni olub.  Hündürlüyü 15 sm olan bu dikdaban ayaqqabıları o dövrdə yalnız zadəgan nəslinə mənsub insanlar geyinə bilərdilər.

19-cu əsrə qədər ayaqqabılarda sag və sol tay fərqi anlayışı yox idi. Belə ki, ayaqqabının hər iki tayı da eyni idi.

Sağ və sol ayaqlar üçün ayrı-ayrı ayaqqabı istehsalına ilk olaraq ABŞ-da, Filadelfiyada  başlanılıb.

Altı rezin ayaqqabılar da ilk olaraq 1916-cı ildə yenə ABŞ-da istehsal edildi və bunlara "ket" (ked) adı verildi.

Bir çoxlarımızın sevərək geydiyimiz botlar isə ata minməyi asanlaşdırmaq üçün soyuq və dağlıq ölkələrdə, isti və qumlu çöllərdə meydana gəlib. Qadınlar üçün ilk bot 1840-cı ildə kraliça Viktoriyanın şərəfinə hazırlanıb. Qaytanlanmış rahat gediş ayaqqabısı isə Birinci Cahan müharibəsi zamanı yaranmağa başlayıb.

Osmanlı dönəmində dəri işləmə sənətinin çox inkişaf etməsi və xüsusilə “Yeniçəri Ocağı"nda rahat at minməyə uyğun ayaqqabılara ehtiyac duyulduğundan ayaqqabı sənəti çox inkişaf etmişdi.

Hazırda elə cəmiyyət yoxdur ki, orada ayaqqabı geyinilməsin. Dünyada neçə cüt ayaqqabı olduğu bilinməsə də, Ayda bir cüt ayaqqabı olduğu məlumdur. Belə ki, Aya ilk ayaq basan kosmanavt  Nil Armstronqun ayaqqabıları dönüş zamanı hər hansı bir xəstəliyin  və ya bilinməyən bir çirklənmə təhlükəsinin qarşısını almaq məqsədilə Yerə gətirlməyərək, elə kosmosda buraxılıb.

Leyla Əfqan

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI