Modern.az

Ermənistan səfirinin fırıldaqları üzə çıxdı

Ermənistan səfirinin fırıldaqları üzə çıxdı

22 İyul 2015, 11:34

Uzun müddətdir ki, Ukraynada əksər kriminal hadısələrdə adı hallanan Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Andranik Manukyan haqqında erməni mətbuatı nə qədər yazsa da,  Ermənistan hakimiyyət  orqanları buna əhəmiyyət vermirdi. O, hələ Ermənistanda olarkən (2010) ölkənin ən imkanlı və nüfuzlu avtoritetlərindən sayılırdı. Dəfələrlə Ermənistan parlamentinin deputatı olmuşdu və prezident Serj Sərkisyanın ən yaxın silahdaşlarından sayılırdı. Getdikcə həddini aşmağa başladığı üçün Sərkisyan onu başından uzaqlaşdırmağın çıxış yolunu Ukraynaya səfir göndərməkdə gördü. Beləliklə, A.Manukyan 2010-cu ildən Ermənistanın Ukraynadakı səfiridir. Bu müddət ərzində də onun barəsində heç də  xoş xəbərlər eşidilmirdi.

Keçən ay, iyunun 19-da Kiyevdə erməni icmasının başçısı seçilərkən, 400 nəfər nümayəndədən 300-ü ona yox, başqa bir erməniyə - Norayr Qrikoryana səs verdi. Bundan narahat olmağa başlayan, lakin özünü sındırmayan A.Manukyan müxbirlərə müsahibəsində yeni seçilmiş icma başçısını “vətənpərvər və yüksək nüfuza malik olan yaradıcı insan” adlandırmışdı. Jurnalist ona yönəltdiyi başqa sualda soruşurdu ki, “bəs nəyə görə sizin haqqınızda çoxlu şikayətlər və narazılıqlar var?”. O isə bu şikayətlər və narazılıqların Ukraynada yaşayan azərbaycanlılar tərəfindən təşkil olunduğunu demişdi:

“ Mənim üçün çox asandır azərbaycanlıların lobbiçilik fəaliyyətinə qarşı mübarizə aparmaq. Mənim Ukraynadakı  fəaliyyətim onları çox narahat edir. Ona görə də onlar məni gözdən salmaq üçün şərə, böhtana əl atırlar. Çox təəssüf ki, onlar bu məqsədlə bəzi ermənilərdən də istifadə edirlər. Hətta bizə aydınlaşdırmaq da müəssər olub ki, onlar özlərini erməni kimi qələmə verərək erməni KİV- ləri ilə əlaqə yaradırlar və səfirlə erməni icmasının münasibətlərini pozmağa çalışırlar. Əlbəttə  ki, buna nail ola bilməyəcəklər”.

Lakin dünənki “JAMANAK” qəzeti daha aydın və kəsərli məlumatları ilə firildaqçı səfirin yuxarıdakı uydurmalarının  üstünü açdı. Qəzet yazır:  

“Bizdə olan dəqiq məlumatlara görə, iyulun 13-də Ukraynanın xarici işlər nazirinin birinci müavini Natalya Qalibarenko Ermənistanın Ukraynadakı səfiri  A.Manukyanla görüşərək, deyib ki, artıq neçə illərdir ki, səfirin saxta dövlət maşın nömrələrini nüfuzlu  cinayətkar  qruplara verdiyi barədə dəqiq məlumatları var və bundan çox narahatdırlar”.

Məlum olub ki, A.Manukyan səfir vəzifəsində çalışandan indiyə kimi nüfuzlu cinayətkar dəstələrlə  əlbir olaraq onların toxunulmazlığını təmin etmək məqsədilə  həmin dəstələri səfirliyin saxtalaşdırılmış  diplomatik maşın nömrələri ilə təmin edirmiş. Cinayətkarlar isə  fürsətdən istifadə edərək, mənşəyi məlum olmayan və şübhəli yükləri heç bir maneə olmadan  istədikləri yerə  çatdırırlarmış.

Bu xəbərin erməni mətbuatında yer almasına baxmayaraq, hələ ki ona nə rəhbəri milliyyətcə erməni olan Ukrayna Daxili İşlər Nazirliyindən, nə də Ermənistan hakimiyyət orqanlarından reaksiya verən var. Sadəcə olaraq “Haykakan jamanak” qəzetinin müxbiri A.Manukyanla əlaqə yaradaraq, soruşub ki, onun yerinə keçmiş  ədliyyə naziri  Hovanes  Manukyanın səfir təyin olunacağı doğrudurmu?

A.Manukyan cavabında deyib: “ Bunlar hamısı küçə söhbətləridir. Neçə ki, ölkə prezidenti  və Xarici İşlər Nazirliyi  məni geri çağırmayıb, mənim heç yerə getməyə icazəm yoxdur . Onlar nə zaman  desələr, mən də o zaman qayıdaram”.

İsmayıl  Tanrıverdi  
BDU-nun Erməni araşdırmaları mərkəzinin böyük elmi işçisi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama