2015-ci ilin iyun ayı da daxil olmaqla ümumilikdə 38 754 ədəd mobil SİM-BOX nömrəsi müəyyən edilərək bağlanıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən
Modern.az-a verilən məlumata görə, bunlardan 2521 ədədi “Azercell Telekom” MMC, 19 851 ədədi “Bakcell Ltd” MMC və 16 382 ədədi “Azerfon” MMC-yə məxsus olan nömrələrdir.
2015-ci ilin I yarımilliyində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 69.0 mln. dəqiqə azalaraq 132 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 18.5 mln. dəqiqə azalaraq 46.8 mln. dəqiqə təşkil edib. Hesabat dövründə Azərbaycan ilk peyki olan “Azerspace-1” peyki və “Azersky” peykləri üzrə marketinq və satış işləri aparılıb (peyk üzərindən yerli və beynəlxalq səviyyəli 120 televiziya və 20 radio kanalı yayımlanır). Eləcə də “Azerspace-2” ikinci telekommunikasiya peyki üzrə peyk istehsalçısının secilməsi ilə bağlı tender keçirilib və hazırda tender təkliflərinin qiymətləndirilməsi aparılır. Eyni zamanda, “Azərspace-2” peykinin resurslarının 45,9%-nin uzunmüddətli icarəsi ilə bağlı peyk rabitəsi üzrə dünya liderlərindən olan “İntelsat” şirkəti ilə müqavilə bağlanılıb.
Məlumatda bildirilir ki, mobil nömrə daşınması xidməti üzrə cari ilin I yarımilliyi ərzində 7094 ədəd mobil nömrə daşınıb ki, bunlardan 4445-i “Bakcell” MMC-nin şəbəkəsinə olub. Daşınmanın daha da effektivliyinin artırılması məqsədilə mobil operatorlarla birgə işlər davam etdirilir. Mobil cihazların qeydiyyat sisteminin fəaliyyəti davam etdirilib və yarımillik ərzində 328 151 telefon cihazın İMEİ kodları bu sistem vasitəsi ilə qeydiyyata alınıb.
Aytən ZƏHRA