Modern.az

AZAL-ın “QİYMƏT OYUNU” - Biletlər ucuzlaşdı, baqaja pul kəsildi

AZAL-ın “QİYMƏT OYUNU” - Biletlər ucuzlaşdı, baqaja pul kəsildi

22 İyul 2015, 21:04


"Azərbaycan Hava Yolları" QSC-də (AZAL) aviabiletlərə tətbiq edilən endirimlərlə bağlı mətbuat konfransı keçirilib. QSC-nin vitse-prezidenti Arif Məmmədov, mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski və Sərnişin Aviaşirkətinin direktoru Eldar Hacıyev bəzi məsələlərə aydınlıq gətiriblər.

Modern.az-ın məlumatına görə, tədbirdə qeyd olunub ki, AZAL-ın 20 faizlik endirim tətbiq ediləcəyi bütün istiqamətlər üzrə ekonom-sinif biletləri "Nesting" prinsipi ilə reallaşdırılacaq. "Nesting" prinsipi o deməkdir ki, daha ucuz biletlər onları daha əvvəl alan müştərilərə qismət olacaq. Lakin alıcı arzu edərsə, daha bahalı bilet əldə edə bilər.

Mətbuat konfransında bildirilib ki, AZAL Bakı-Antalya-Bakı, Bakı-İstanbul-Bakı, Bakı-Moskva-Bakı və Bakı-Dubay-Bakı istiqamətləri üzrə özünün aşağı büdcəli sərnişindaşıma xəttini yaradacaq.

Bakı-Antalya-Bakı reysi bu ilin avqustundan başlayaraq həftədə 3 dəfə, Bakı-İstanbul-Bakı istiqamətində uçuşlar bu ilin sentyabrından etibarən hər gün 1 dəfə, Bakı-Moskva-Bakı istiqamətində uçuşlar bu ilin oktyabrından hər gün 2 dəfə, Bakı-Dubay-Bakı istiqamətində uçuşlar isə oktyabrdan başlayaraq hər gün 1 bir dəfə həyata keçiriləcək.

E.Hacıyev qeyd edib ki, AZAL 2006-cı ildən avrozonaya daxil edildiyindən qiymətlər avro ilə hesablanır. Buna görə, “lou-kost” uçuşlar üçün qiymətlər avro ilə hesablanacaq. 99 avroluq qiymət 2 saat yarım gəliş və 2 saat gediş olan uçuşlar üçündür. Turizm şirkətləri də avqustun 1-dən bu sistemdən istifadə edə biləcək.

E.Hacıyevin sözlərinə görə, “lou-kost” uçuşlardan istifadə edən sərnişinlər 5 kiloqramdan ağır olmayan əl yükü götürə biləcəklər. 5-23 kiloqram arası olan baqajlar üçün 50 manat ödəniləcək. Türkiyədən Bakıya uçan sərnişinlər isə baqaj üçün 50 ABŞ dolları ödəməli olacaqlar.
Baqajın çəkisi 23 kiloqramdan çoxdursa, bunun üçün əlavə ödəniş tələb olunacaq. Bundan başqa, "ucuz reyslərdə" içki və yemək də ödənişli olacaq.

AZAL-ın vitse-prezidenti Arif Məmmədov isə deyib ki, aviabiletlərinin qiymətlərinin aşağı salınması bəzi reyslərin bağlanmasına səbəb ola bilər.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama